
Almatıda Bayramov ilə Mirzoyanın görüşü başlayıb
Bu gün, mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici İşlər naziri Ararat Mirzoyanın görüşü başlayıb.
Görüş ərəfəsində Azərbaycan Xarici İşlər Nazirliyi bildirmişdi ki, iki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarının növbəti raundu gerçəkləşəcək.
Daha əvvəl isə Ermənistanın Xarici İşlər Nazirliyindən yerli mediaya bildirilmişdi ki, bu görüşün gündəliyinə tərəflərin öhdəliklərinin təsdiqi, eləcə də regional nəqliyyat infrastrukturu və ticarət marşrutlarının bərpası ilə bağlı məsələlər daxil edilib.
Son illər Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Amma ötən ildən başlayaraq iki ölkə arasında birbaşa danışıqlar da gerçəkləşib. Hazırda bu formatda onların arasında sərhədlər müəyyənləşdirilməkdədir.
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.
Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.



