
Ali Məhkəmə sabiq Kunq-fu Federasiyasının sabiq prezidenti ilə bağlı qərarı elan edib
Qərara əsasən, B.İsrafilovun kassasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, 1960-cı il təvəllüdlü B.İsrafilov 1992-2018-ci illərdə Azərbaycan Kunq-fu Federasiyasının prezidenti vəzifəsində çalışıb. O, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını dələduzluq yolu ilə ələ keçirib.
Belə ki, B.İsrafilov 2016-cı ildə L.İbrahimovaya dövlət tərəfindən onu mənzillə təmin etdirmək imkanına malik olduğunu bildirərək qadından 91 520 manat məbləğində pulu rüşvət qismində alıb.
B.İsrafilovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.1-ci (Ələ alma, rüşvət vermə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirib. Belə ki, onun 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını 7 ilə endirib. Daha sonra B.İsrafilov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.



