
Akif Çovdarovun əmlakı məsələsinə yenidən baxılacaq
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun cinayət işi üzrə məhkəmə qərarında əmlakın xüsusi müsadirədən azad olunması ilə bağlı hissəsinə protest verilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Həmin qərarı ötən il dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsi vermişdi.
Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Akif Çovdarov həbs ediləndə ailəsinə məxsus olan və müsadirə edilən əmlakın qaytarılmasına qərar vermişdi.
Söhbət 30 milyon manat dəyərində qiymətləndirilən əmlaklardan gedir.
Bura “8-ci kilometr bazarı”nın paylarından tutmuş, Novxanıda istintaqın 700 min manat dəyərləndirdiyi bağ evi və başqa əmlaklar daxildir.
Protestə, hələlik, Akif Çovdarov və onun vəkillərindən münasibət almaq mümkün olmayıb.
Akif Çovdarov 2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması və 20-dən çox vəzifəli şəxsin həbsi ilə nəticələnən əməliyyat nəticəsində cinayət məsuliyyətinə cəlb olunmuşdu.
O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilsə də, 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb.



