ADP C.Baydenin təşəbbüsü ilə keçirilən “Demokratiya naminə Sammit”in nəticələrinə münasibət bildirib

ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlərə dair növbəti toplantısı keçirilib. Toplantı iştirakçıları ilk növbədə ABŞ prezidenti C.Baydenin təşəbbüsü ilə keçirilən “Demokratiya naminə Sammit”in nəticələrinə münasibət bildirib və avtoritar rejimlərin, bu rejimlərdə mövcud olan korrupsiya, insan hüquq və azadlıqlarının pozulması faktlarının sammitin əsas gündəliyinə daxil edilməsini təqdir edib.

Eyni zamanda sammitə ölkəmizin, qardaş Türkiyənin, Macarıstanın və digər dövlətlərin dəvət edilmədiyi halda korrupsiya, insan hüquq və azadlıqlarının qabarıq şəkildə pozulduğu bir sıra ölkələrin, o cümlədən Ermənistan kimi təcavüzkar, işğalçı, insan haqlarının gözardı edildiyi ölkələrin sammitdə yer alması bu sammitin heç də demokratiyanın qorunması deyil, ABŞ-ın geosiyasi maraqları üzərində qurulduğunu, ikili standartların davam etməsi, yenidən dünya hökmranlığına can atması kimi dəyərləndirilib.

İdarə Heyəti ABŞ prezidenti C.Baydenlə Rusiya prezidenti V.Putin arasında keçirilən görüşün nəticələrinə münasibət bildirib və bu görüşdə Rusiyanın Ukrayna ərazilərinə böyük kontingentdə hərbi qoşun birləşmələri yerləşdirməsi, Ukraynanın suverenliyini təhdid altda saxlamsı faktından dolayı ABŞ prezidentinin hərbi müdaxilə olduğu halda adı çəkilən ölkənin ən ciddi sanksiyalara məruz qoyulması, Ukraynaya bütün vasitələrlə yadım edilməsi barədə bəyanatını müsbət dəyərləndirib və Azərbaycan xalqının da Ukraynanın ərazi bütövlüyü məsələsində onunla həmrəy olduğunu diqqətə çatdırıb.

İdarə Heyəti Rusiya və ABŞ tərəfindən Hindistanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə namizədliyinin dəstəklənməsi təşəbbüslərinə də münasibət bildirib. Müzakirələrdə  qeyd edilib ki, hər hansı supergüclərin köməyi ilə BMT Təhlükəsizlik Şurasına hansısa bir dövləti üzv qəbul etdirmək dünya nizamının ədalətli tənzimlənməsi baxımdan zərərli presedentdir. İdarə Heyəti Türkiyənin müsəlman ölkəsi olaraq BMT TŞ-na üzv qəbul edilməməsi məsələsində ABŞ və Avropa dövlətlərinin israrlı etiraz etməsini bu qurumda ayrıseçkiliyin davam etməsi, milyardlarla müsəman xalqlarının hüquqlarının gözardı edilməsi kimi dəyərləndirib, eyni zamanda ədalət naminə Türkiyənin BMT TŞ-da daimü üzvlüyündə təmsil olunmasının vacibliyini bildirib.

İdarə Heyəti Milli Məclisdə Media haqqında yeni qanun layihəsinin müzakirə edilməsinə də münasibət bildirib. Yeni qanun layihəsində onlayn medianın dövlət nəzarəti altına alınmasına yönələn müddəaların qəbul edilməz olduğunu, bu məhdudlaşdırılmanın söz və fikir azadlığının, insanların alternativ informasiya almaq hüquqlarının pozulması kimi dəyərləndirib. İdarə Heyəti Milli Məclisi Media haqqında yeni qanun layihəsində ölkədə azad mətbuatın inkişafına əngəl ola biləcək mürtəce maddələrə səs verməməyə çağırıb.

İdarə Heyəti ölkə başçısı İlham Əliyevin “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı sərəncam ətrafında da müzakirələr aparıb. Adı çəkilən sərəncama görə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara bir çox güzəştlərin verilməsinin, həmin sahibkarlara maliyyə resursları əldə etmək üçün geniş imkanlar yaradılmasının, onlara zəruri dövlət dəstəyinin verilməsinin təsbit olunmasını təqdir edib. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə başladılan bərpa, aparılan tikinti quruculuq işlərində şəffaflığın və hesabatlığın, həmin ərazilərin sakinlərinin öz doğma yurdlarının yenidən qurulmasında iştirakının təmin edilməsinin vacibliyini bildirib.

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button