Adil Kərimli mədəniyyət naziri təyin edilib

Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.
Yeni nazir kimdir?

Adil Qabil oğlu Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildən Bakı şəhər 42 nömrəli məktəbdə təhsil almış, 1995-ci ildə ekstern imtahanlar verərək orta məktəbi bitirib və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub. 1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. 2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilib və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini alıb.

İngilis və rus dillərini bilir. Ailəlidir, üç övladı var. Hərbi-hüquqşünas ixtisaslaşması üzrə ehtiyatda olan zabitdir.

Adil Kərimli əmək fəaliyyətinə 1999-cu ildə “Hüquq ədəbiyyatı” nəşriyyatında hüquq məsləhətçisi kimi başlayıb. 2001–2003-cü illərdə Bakı Hüquq Mərkəzində baş hüquq məsləhətçisi olub. 2001-ci ildən Bakı Dövlət Universitetində müəllim və 2011-ci ildən isə baş müəllim işləyib. 2003–2009-cu illərdə “Great Wall Drilling Company” şirkətinin Azərbaycan nümayəndəliyində Hüquq departamentinin rəhbəri vəzifəsində çalışıb.

2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində əvəzçilik üzrə hüquq və beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində işləmişdir. 2007–2011-ci illərdə “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, 2011-ci ilin avqust ayından 2012-ci ilin avqust ayınadək Bakı şəhərinin ev sahibliyi etdiyi “Eurovision” Mahnı Müsabiqəsi–2012 İşçi qrupunun rəhbəri vəzifəsində çalışıb. 2007-ci ildən Avropa Yayımları Birliyinin Hüquq və İctimai İşlər Komitəsinin, 2011-ci ildən isə Avropa Yayımları Birliyinin “Eurovision” Mahnı Müsabiqəsi üzrə Məşvərət qrupunun üzvü olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib.

“Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik etmiş, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.

Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələrinin, fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə işçi qrupunun üzvü olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb.

2004–2010-cu illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmuşdur. 1 iyul 2022-ci ildə yenidən Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmişdir. 2014-cü ilin may ayından Azərbaycan Avtomobil Federasiyasının İdarə Heyətinin üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2022-ci il tarixli müvafiq sərəncamları ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilmiş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2023-ci il tarixli müvafiq sərəncamları ilə mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib və mədəniyyət naziri təyin edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button