ABŞ və Böyük Britaniya Yəməndə hisilərin mövqelərini vurur

ABŞ və Böyük Britaniya Yəməndə husilərin hərbi mövqelərinə zərbələr endirib. Məlumatı “Reuters” yayıb. Agentlik bunun 2016-cı ildən bəri Birləşmiş Ştatların Yəməndə husilərə ilk zərbələri olduğunu yazır.

Vaşinqtonun dörd rəsmisi anonimlik şərti ilə agentliyə deyib ki, ABŞ tezliklə rəsmi bəyanat yayacaq, zərbələrin detalları açıqlanacaq.

BBC-nin məlumatına görə, ABŞ və Britaniyanın aviasiyası və döyüş gəmiləri cümə gününə keçən gecə Yəməndə husi üsyançıları vurmağa başlayıb. İranın dəstəklədiyi bu qruplaşma son vaxtlar Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar edirdi.

Zərbələrin, əsasən, Hüdeydə liman şəhərində və Yəmənin paytaxtı Sənada hədəflərə endirildiyi xəbər verilir.

ABŞ prezidenti Co Bayden (Joe Biden) və Britaniyanın baş naziri Rişi Sunak (Rishi Sunak) zərbələrlə bağlı eyni vaxtda bəyanatlar səsləndiriblər.

Bayden ABŞ və müttəfiqlərinin əməliyyatını husilərin Qırmızı dənizdə ticarət gəmilərinə “misilsiz” hücumlarına birbaşa cavab adlandırıb.

Yəmənin böyük hissəsinə nəzarət edən husilər ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşmasına dəstək nümayişi üçün dəniz yollarına hücum edirlər. Bu hücumlar Avropa və Asiya arasında əsas marşrut üzrə beynəlxalq ticarəti pozub. Müxtəlif gəmiçilik şirkətləri regionda fəaliyyəti dayandırıb, gəmilərini Afrika ətrafına yönəldib.

Husilərin lideri yanvarın 11-də deyib ki, ABŞ-ın istənilən hücumu cavabsız qalmayacaq.

Hazırda İsrail Qəzzada HƏMAS-a qarşı quru əməliyyatlarını davam etdirir. Buna radikal qruplaşma üzvlərinin ötən il oktyabrın 7-də İsrailə hücumu səbəb olub. Hücum zamanı min 200 nəfər öldürülüb, 240 nəfər girov götürülüb. İsrailin Qəzzanı bombardman etməsi isə 23 min nəfərin həyatına son qoyub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button