ABŞ-ın Qafqazdakı əsas vasitəçisi istefa verib

Ötən il ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri təyin edilmiş səfir Filip Riker (Philip Reeker) yanvarın 5-də diplomatik xidmətdən təqaüdə çıxır.

Bu barədə “Turan”ın Vaşinqton müxbiri xəbər verir.

Avqustun sonunda Dövlət katibi Entoni Blinken (Antony Blinken) səfir Rikeri özünün baş müşaviri və ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri təyin etmişdi.

Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) yanvarın 4-də gündəlik brifinqdə deyib: “…Onun keçən ilin sonuna kimi qısamüddətli əsasda bu vəzifəni tutacağı gözlənilirdi”.

Prays bildirib ki, Rikerin gedişi Birləşmiş Ştatların Cənubi Qafqaz regionu üçün təhlükəsiz, demokratik və dinc gələcəyə sadiqliyinə heç bir halda xələl gətirmir.

Riker ABŞ-ın Böyük Britaniyadakı səfirliyi də daxil olmaqla, 30 ildən çox müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ilin martından 2021-ci ilin avqustuna qədər Riker Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edib. Onun sonuncu vəzifəsi Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının getdiyi bir zamana təsadüf edib.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

2021-ci ilin dekabrından bəri tərəflər arasında sülh danışıqlarında Avropa İttifaqı da vasitəçi kimi iştirak edir. ABŞ bu prosesi dəstəkləyir.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button