
ABŞ dövlət katibi Türkiyədə səfərdədir
Dövlət Departamentinin məlumatına görə, ABŞ Dövlət katibi Entoni Blinken “İsraildə və Qəzza zolağında mülki insanların həyatının qorunmasının vacibliyini vurğulayacağı” danışıqlar üçün Türkiyədədir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü deyib: “Biz 1967-ci il sərhədlərinə uyğun, ərazi bütövlüyü və paytaxtı Şərqi Qüds olan, Qəzzanın müstəqil Fələstin dövlətinin bir hissəsi olan dinc bölgə kimi görmək istəyirik”.
Ankara həmçinin şənbə günü İsraildəki səfirini geri çağırdığını bildirib.
Ərdoğan ötən ay HƏMAS-ı azadlıq döyüşçüləri kimi təsvir etdikdən və ABŞ, İngiltərə və Qərbdəki digər ölkələrdən fərqli olaraq bu qruplaşmaya terror təşkilatı kimi baxmadığını dedikdən sonra İsrail Türkiyədəki elçilərini geri çağırıb.
Bugün, noyabrın 5-də ABŞ Dövlət Katibinin səfəri öncəsində Türkiyənin paytaxtında ABŞ əleyhinə etiraz aksiyaları keçirilib. Reuters yazır ki, aksiyaçılar paytaxt Ankaradakı səfirliyin qarşısına toplaşıb.
Əmmanda Blinken İordaniya rəsmiləri, habelə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Qətərin xarici işlər nazirləri və Fələstin Azadlıq Təşkilatı icraiyyə komitəsinin baş katibi ilə görüşüb.
Onlar Qəzzada humanitar böhrana və İsraillə HƏMAS arasında müharibəyə son qoymaq planları tərtib etmək məqsədilə görüşlər keçiriblər.
Blinken həmçinin şənbə günü Livanın müvəqqəti baş naziri Nəcib Mikati ilə görüşüb.



