
Mehman Əliyev 57 – VİDEO
Qeyd: Bu məqalə “Xural” qəzetinin hazırda həbsdə olan baş redaktoru Əvəz Zeynallının nüfuzlu jurnalist, ictimai xadim, “Turan” İA-nin təsisçisi və direktoru Mehman Əliyevin 55 yaşının tamam olması münasibətilə yazılıb. Mehman Əliyev o şəxsiyyətlərdəndir ki, onun haqqında deyilən və yazılan hər söz Azərbaycan mətbuatının tarixidir. Bu gün Azərbaycanın müstəqil mətbuatının simasına çevrilən Mehman Əliyevin 57 yaşı tamam olur. Bu münasibətlə, xural.org əvəzolunmaz həmkarını ürəkdən təbrik edir, ona 100 yaşında da layiq olduğu mətbuatın önündə getməyi arzulayır.
Abidə Adam-55
Açığı Onun ad gününü mən də unutmuşdum. Yalnız müstəqil qəzetlərdə xırda və rəsmi təbriki oxuyanda yadıma düşdü ki, ötən il oktyabrın 26-da “Yeni Musavat” qəzetinin redaksiyasında mərhum Redaktorlar Birliyinin özəl iclasında hamımız həm də onu təbrik etmişdik. O zaman rəqəm də yuvarlaq və qoşa düzülməmişdi.
Ötən il 54 idi… Onu da xatırlayıram ki, son illərin Azərbaycan mətbuatının bu Abidə Adamının 55 illiyinin geniş auditoriyada qeyd olunmasını qarşıma bir məqsəd kimi də qoymuşdum. Özü təvazökardır, dünyasında istəməz. Cəmiyyətimiz də təvazökarlığa qiymət verən deyil. Qalır 3-5 ədalət hissini itirməyən yazara ki, onlar da tərslikdən bu tip olaylara hər nədənsə toplumsal baxa bilmir və ictimailəşdirməkdən çəkinirlər. Olmadı və… mən “Azadlıq” qəzetində kiçik təbriki oxuyanda hiss etdim ki, bu Abidə Adama bir təbrik də mən yazmalıyam. Hərçənd bu tip yazılar çox vaxt təqdir etmədiyim üslub olsa da, onu təbrik etməmək olmaz. Qarşımızda həm də ictimai, ictimai olduğu qədər də “sonuncu” deyə biləcəyimiz bir nəhəng mətbuat adamı dayanıb…
Onun durumu hamıdan çətindir. Ona görə ki, alternativlərin çox olduğu, seçimin “gəlirli” olduğu indiki mətbu camiədə demək olar ki, tək qalıb. Alınmağın və satılmağın olduqca asanlaşdığı, ortada dövr edən pul kütləsinin olduqca qabarıq olduğu bir dövrdə hər şey onun üzərində düyünlənir. İndi dəbdədir . Bir balaca şöbə müdiri nəhəng mətbuat başbilənlərini cilovlamaq üçün 5-10 balaca “mətbu cücə”lər istehsal edir və dövrəyə buraxırlar. Həmin “mətbu cücə”lər də sərəncamlarında olan ciddi maliyyə imkanları ilə “mətbuat filləri”nə qarşı “savaş”a qalxırlar. Görüntüdən görünən odur ki, həmin “mətbu qarışka”lar, həmin “mətbu fillər”ə qalib gəlirlər. Beləcə satmaq və almaq imkanları genişlənir. O, bunların hamısını yaxşı bilir. Hər şey göz önündədir. Aparıcı və icraedici statusda olan 4-cü hakimiyyətin nümayəndələrinin 96-97 faizi artıq ilk üç hakimiyyət tərəfindən ya alınıb, ya satılıb, ya da sıradan çıxarılıb. Bunun hamısı onun gözlərinin qarşısında baş verib. O ürək ağrısı ilə müşahidə edir ki, Azərbaycanın azad söz məkanını “mətbu cücə”lər , “mətbu qarışqalar”, “mətbu balaca”lar necə işğal edib və o, bunu da əla bilir ki, bütün bu “balaca”ların arxasında elə balaca-balaca şöbə müdirləri dayanır. Hər gün bir yandan bir xəbər gəlir və bütün bu bəd və qara xəbərlər birbaşa və bilavasitə Onun keçə biləcəyi, amma heç vəchlə keçə bilmədiyi “yollar”dan ağır-ağır “mətbuat filləri”ni aparır – qarışqaların qarşısında yem etməyə… Bəli, eynilə belədir: indiki hakimiyyətin hər “mətbu fil”in arxasına 5-10 “cücə”, “qarışqa” toplayıb və bu minvalla özlərinə “azad mətbuat” zolağı qururlar.
Prinsipləri qorumağın olduqca ağır və çətin olduğu bir dönəmdə mətbuatın – müstəqillərin və buxovları sındıranların önündə olmaq Onun alnına yazılıb. Yox, bu “aenes”vari “döyüş” deyil, bu dağ qartallarının vüqarla sinə gərdikləri və şahinlərin cəsarətlə apardığı söz döyüşüdür. Sağ-solda çapalayan cücələrin hamısının öhdəsindən gəlmək də, hamısına qalib gəlmək də olar. Ancaq Özü demiş, “kiminlə?” Sıralarımız o qədər azalıb ki, nə etsə belə, Onu qınamaq da olmaz. Amma hamı – sözdən anlayışı olan və söz uğrunda döyüşən hər kəs əmindir: O yanlış etməz. Mətbuatın və onun azadlığının maraqlarını heç kimə qurban verməz. Sözü və söz adamını satmaz. Bəlkə də heç Özündən asılı deyil.
İndiki Azərbaycanda nə qədər söz adamı var ki, mətbuat adına yaradılan və başda oturdulan iri-iri şuralardan imtina edə? Neçə azad söz adamı var ki, indiki məqamda prezidenti görmək üçün həyatını və yolunu qurban verənlərin arasında prezidentlə görüşlərdən dəfələrlə imtina edə? Neçə söz adamı var ki, ehtiyacı və haqqı olanda yüzminlərlə manat-dollardan söz naminə, söz adamına dəstək naminə əl çəkə, əlinin tərsi ilə təklif verənlərin ruhunu şapalaqlaya? Çox azdır belə adamlar – biri də bizim Abidə Adamdır. Onu satın almaq mümkün deyil!
İndi mən guya ki, təbrik yazacaqdım. Görünür, Ona standart təbrik də yaraşmır. Həm də bu qədər problem varkən, nə təbrik həvəsidir belə… Zatən fədakarlar və peşəkarlar heç nəyin intizarında olmurlar, inanıram ki, bizim Abidə Adam da elədir. Onun təbrikə ehtiyacı yoxdur. Mənim isə bu yazımı, sadəcə 55 illiyində Ona daha bir xatırlama kimi də qəbul etmək olar. Məsuliyyətə xatırlatma! Xalqını sevənlər Ona rahatlıq, firavanlıq yox, əzab-əziyyət vəd edirlər. Mən də ona – mənim üçün Azərbaycan mətbuatının bu sonuncu Abidə Adamına o anlamda təbrik ünvanlamaq istəyirəm:
55 illik əzablı və məşəqqətli yolun mübarək, ustad!
Sənə bu əzablı və məşəqqətli yolu daha neçə illər davam etdirməyini arzulayıram. O zamanlara qədər ki, sıralarımız artsın, çoxalsın və Sənə “sonuncu” deməyək.
Sonuncu adam tərk edəndə gəmi batır. Gəmini tərk etmə, general!
Oxucu Abidə Adamı tanıdımı?
Mehman Əliyevdən bəhs edirdim.
Əvəz ZeynallıBakı İstintaq Təcridxanası 8/24
İ.S. Kimsə redaksiya rəhbərliyindən düşünsə ki, bu yazıya qanorar yazsın və onu təcidxanaya göndərsin, istəmirəm. Qonorarın tam 2 yerə bölünməsini “Azadlıq” və “Yeni Musavat” qəzetlərinin adından milyonlarımızı talayan Ziya Məmmədovun gül balası Anar Məmmədovun hesabına köçürülməsini xahiş edirəm. Bəlkə gözlərinə o nisbətdə toxtaqlıq gələ…




