
Ermənistan Prezidenti istefa verdi
Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.
Bu barədə Prezidentin rəsmi saytında məlumat yerləşdirilib.
Armen Sarkisyan bildirib ki, Ermənistan Prezidenti postundan getməsi onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə bağlıdır.
O qeyd edib ki, qərarı heç də emosional deyil və müəyyən məntiqdən irəli gəlir. Onun sözlərinə görə, prezidentin hazırda xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və alətləri yoxdur.
Sarkisyanın sözlərinə görə, bu gün ölkənin mənalı, dərin düşünülmüş, balanslaşdırılmış hərəkətlərə hər zamankindən daha çox ehtiyacı var. Əks halda ermənilər tarixdə itmək riski ilə üz-üzə qalırlar.
“Bizim səhv etməyə haqqımız yoxdur”, – Sarkisyan deyib.
Sarkisyan qeyd edib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb, prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur.
Onun sözlərinə görə, Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil. O əlavə edib ki, o, konstitusiya islahatlarının aparılmasını təklif edib, bunun mənası qarşılıqlı nəzarət və tarazlıq mexanizmlərinə əsaslanan dövlət sisteminin yaradılmasıdır.
“Mən şadam ki, Konstitusiya islahatları komissiyası yaradılıb və buna görə hökumətə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, sonda konstitusiya dəyişiklikləri baş verəcək və növbəti prezident və prezident institutu daha balanslı və koordinasiyalı mühitdə işləyə biləcək” – Sarkisyan bildirib.



