Eldar Həsənova ədalətsiz hökm elan edildi

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmünə əsasən E.Həsənovun əmlakı da dövlətin xeyrinə müsadirə olunacaq.

E.Həsənovun işi üzrə məhkəmə prosesi  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə bir neçə aydır davam edirdi.

Prokuror E.Həsənovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama əsasən Eldar Həsənov 2010-2020-ci illərdə “qabaqcadan əlbir olan bir qrup şəxs halında” 18 milyon manat pul vəsaitini mənimsəyib. Bu pullar səfirliklər üçün yeni inzibati binaların alınması, təmir-tikinti işlərinin aparılması zamanı israf olunub və mənimsənilib. Habelə E.Həsənov vəzifə səhlənkarlığında, səlahiyyətlərindən sui-istifadə etməkdə də ittiham olunurdu.

Xəbər verdiyimiz kimi, Eldar Həsənovun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı tamamlandıqdan sonra sabiq səfir Baş Prokurorluğun yaydığı məlumata etirazını bildirib. Açıqlamada deyilirdi:

“13 avqust 2020-ci il tarixdə saxlanılmağımın növbəti günü Bakı şəhər Səbail rayon məhkəməsində ilk və sonuncu dəfə ifadə vermişəm: “Baş verənlər bir anlaşılmazlıqdı, aparılan cinayət işi ilə bağlı bütün məsələlərin ölkə daxilində, hüquqi müstəvidə, obyektiv və ədalətli araşdırılmasına ümid edirəm, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədalətinə inanıram”.

Həbsimin və verilən ittihamların qanunsuz, əsassız, qərəzli və sifarişli olmasına etiraz olaraq bü günə qədər ifadə verməmişəm.

Prokurorluğun mətbuata verdiyi qərəzli məlumatla bağlı ilk dəfə olaraq bildirirəm ki, həbsimin əsl səbəbi qətiyyən həmin məlumatda göstərilənlər deyil. Həbsimin həqiqi səbəbi əslində guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olmuşdur”.

Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib. E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb. Eldar Həsənov bu ittihamların heç biri ilə razılaşmır. Maraqlıdır ki, bu cinayət işi üzrə həbs edilən Xarici İşlər Nazirliyinin digər əməkdaşlarının hamısı barədə, həbs qətimkan tədbiri dəyişdirilib. Yalnız, Həsənov həbsdədir.

Xatırladaq ki, 2001-ci ildən səfir kimi fəaliyyət göstərdiyi ölkələrlə Azərbaycan arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni sahələrdə dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və narkotizm, terrorizm, mütəşəkkil cinayətkarlığa qarşı barışmaz mübarizə aparılmasında böyük töhfələr verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button