
Rusiya MDB-nin 1994-cü ildə imzalanmış milli azlıqlar haqqında konvensiyasına qoşulmayacaq
Rusiya milli azlıqlara mənsub şəxslərin hüquqlarının təmin edilməsi haqqında 1994-cü il Konvensiyasının iştirakçısı olmayacaq. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müvafiq sərəncamı bazar ertəsi rəsmi hüquqi informasiya portalında dərc olunub.
“Rusiya Federasiyası hökumətinin depozitariyə Rusiya Federasiyasının konvensiyaya qoşulmamaq niyyəti haqqında bildiriş göndərmək təklifini qəbul edin və Rusiya Xarici İşlər Nazirliyi depozitariyə müvafiq bildiriş göndərsin”, – deyə sənəddə deyilir.
Konvensiya 1994-cü il oktyabrın 21-də Moskvada Türkmənistan və Özbəkistan istisna olmaqla, MDB ölkələri tərəfindən imzalanıb. Azərbaycan sənədi “xüsusi rəyi nəzərə alaraq”, Ukrayna “Ukrayna qanunvericiliyini nəzərə alaraq” notası ilə imzalayıb. Sonrakı illərdə sənədin ratifikasiyası Birlik ölkələrinin yalnız bir neçəsində baş tutub.



