
Sergey Lavrov: “Azərbaycan, Rusiya və Ermənistan arasında görüşün keçiriləcəyinə əminəm”
Lavrov Qarabağla bağlı üçtərəfli görüşün baş tutacağına əmindir. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, görüş üçün konsensus lazımdır.
“Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın iştirakı ilə Qarabağ üzrə üçtərəfli görüş keçiriləcək, lakin bunun üçün tərəflərin konsensusa ehtiyacı var”. Bunu cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.
Bir müddət əvvəl Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı təmasları hələ planlaşdırılmayıb. Onun sözlərinə görə, üçtərəfli təmas üçün bütün tərəflərin razılığı və hazırlığı lazımdır.
2020-ci il sentyabrın 27-də Dağlıq Qarabağ ətrafındakı münaqişə zonasında vəziyyət gərginləşib və regionda fəal hərbi əməliyyatlar başlayıb. Həmin il noyabrın 9-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən münaqişə zonasında hərbi əməliyyatların tam dayandırılmasına nail olmağa imkan verən üçtərəfli bəyanat imzalanıb.
Noyabrın 16-da sərhədyanı ərazilərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında gərgin döyüşlər olub. Bu hadisələrlə bağlı Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistan və Azərbaycandan olan həmkarları ilə növbə ilə telefon danışığı aparıb. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, bundan sonra Azərbaycan və Ermənistan müdafiə nazirliklərinin rəhbərləri sərhəddə vəziyyətin sabitləşdirilməsi üçün tədbirlər görüb və vəziyyət normallaşıb.



