Ceyhun Bayramov Ann Lindeyə Ermənistanın törətdiyi təxribatlardan danışıb

Baş verən gərginlik Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlardan növbətisidir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığında deyib.

Bu ilin 8 noyabr tarixindən etibarən Ermənistan tərəfindən törədilən hərbi təxribatlar barədə ətraflı məlumat verən nazir C.Bayramov bu xüsusda Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycan ərazilərinə qanunsuz səfəri, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, Şuşa yaxınlığında erməni terrorçularının Azərbaycan postuna hücumu, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonundakı Azərbaycan Ordusunun mövqelərini davamlı şəkildə atəşə tutduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyətinin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərində olduğu vurğulanıb.

Ermənistanın Azərbaycanı beynəlxalq hüququn prinsipləri əsasında delimitasiya prosesinə başlamaq çağırışına qarşılıq vermədiyini nazir Ann Lindenin diqqətinə çatdıran XİN başçısı məsələnin konstruktiv dialoq vasitəsilə həllinin alternativinin olmadığını söyləyib.

***

14:39

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Bu barədə Ann Linde “Twitter”də bildirib.

Telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub.

“Mən de-eskalasiya prosesinə davam etməyə çağırdım. Minsk Qrupunun həmsədrləri və şəxsi nümayəndənin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”, – ATƏT sədri qeyd edib.

Qeyd edək ki, Ann Lindenin noyabrın 17-də Ermənistan XİN rəhbəri ilə də telefon danışığı olub.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button