Hər kəs bu filmin müsbət və mənfi rolunu özü seçdi

Məlahət ZEYNALLI

Nəhayət o gün gəldi. Həmkarım, sözün əsl mənasında həyat yoldaşım Əvəz Zeynallının “Selcanın Məmləkəti” Həbsxana gündəlikləri kitabının I hissəsi işıq üzü gördü. Qaranlıq zindanlardan azadlığa doğru üz alan, günbəgün taleyimizi, ömrümüzü ağappaq səhifələrində gəzdirən həmin o gündəliklər…

İlk oxucusu olmuşam o gündəliklərin. Əvəz bəy min bir əziyyətlə həbsxanada yazıb, minbir əziyyətlə ailəsinə çatdırdığı o müqəddəs günlüyü əlimə alar-almaz oxumuşam. Əvəzimin içəridə, əli-qolu bağlı, dünyaya sığmayan azadlığının məhdudlaşdırıldığı o qəfəsliklərdə nə yaşadığını, nə hiss etdiyini hər sətrindən anlamışam. Bu günlər dostlardan biri, “Siz də o günlərdə çox əziyyət çəkdiniz, Məlahət xanım…” deməsinə, “Bu bizim ortaq həyatımızdır. Əziyyət çəkəcəkdiksə də birlikdə çəkməliydik. Amma BİZ belə durumları dərd edəcək adamlar deyildik. Tanıyanlar bilir axı, mübarizə varsa, “Hodri meydan!” deyən adamlarıq. Şərəfli həyat yaşamaq da hər kəsə nəsib-qismət olmur… Əvəz harada, mən də orada… Varam… Budurmu əziyyət?” dedim.

Bax, belə. O zülmət gecədən keçən 10 il ərzində ömrümüzdən ömür getdi, ömrümüzə ömür qatıldı. Ən azı, özümüzü tanıdıq. Qanımızı tanıdıq, genimizi tanıdıq. Biz zülmə baş əymədik, qorxaq olmadıq, özünü div sayanlara, qarışqa kimi baxdıq, üzərlərindən keçdik. Bu 10 ildə bizi qılıncının altından keçirmək istəyənlərin hamısını qılınc altından keçən gördük. Biz yenilmədik – Adəm cildində olan nə iblisə, nə şeytana, nə də nəfsimizə. Bizi Biz qorudu, Biz saxladı, Biz dik tutdu. Məkanımız ayrı olsa da, ürəyimiz bir yerdə oldu, bir döyündü, hisslərimizə məsafələr mane ola bilmədi. O həbsdə, mən də Selcan xatunumla, BanuÇiçəyimin yanında yumruğumuzu bir yerə vurduq. İllər sonra həbsxana gündəliklərini yenidən oxuyanda özüm də təəccüblənməyə bilmədim. Necə olub ki, eyni zamanda, eyni vaxt kəsimində bir-birimizdən xəbərsiz eyni mühüm qərarları vermişik? Bilmirəm insanı idarə edən hansı hissləridir ki, rabitəsiz, əlaqəsiz şüurumuza təsir edir, yönləndirir. Bəlkə ürəkdir, bəlkə şüur, bilmirəm. Amma ona çox minnətdaram, sevdiklərimi qorumaq üçün yanımda olduğu üçün.

Nəhayət o gün gəldi. 10 ildən sonra… O möhtəşəm gün. Həyatımızı, yaşadığımız ömrü günbəgün özündə yaşadan o gündəliklər artıq tək ailəmizin yox, uğrunda vuruşduğumuz möhtəşəm xalqımın ixtiyarına verildi. Oxucularımızın ilk reaksiyalarını gördüm. Məsələn, kitabın redaktəsini edən xanım qızımız Seva, qəhərli-qəhərli, “Bundan sonra elə bir həyat yaşamağınızı istəmirəm, Məlahət xanım…” deməsi məni çox kövrəltdi. Budur BİZə verilən dəyər.

Bu kitab sıradan bir kitab deyil həm də. Real insanların real həyatıdır. Nə yaşamışıqsa, BİZimdir, BİZim həyatımızdır. Həyatına yoldaş seçəndə fərqindəsənsə, nə yaşayacağını da bilməlisən. Adını çəkmək istəmədiyim politoloqlarımızdan biri toy dəvətnaməmizi alarkən çox təəcüblənibmiş, “Bu qədər oxşar adamlar necə olduki, bir-birini tapdı?” Çox haqlıdır. Bəlkə də həyatda xoşbəxt olmaq üçün məhz YARını tapmaq üçün səbirlə gözləməlisən. Zənnimcə,  tapanlar xoşbəxtdirlər – istər zülmət zindanda, istərsə də bəyaz azadlıqda.

Niyə gündəliklərdən ətraflı yazmadım, adlar çəkmədim, dosta-düşmənə münasibət bildirmədim? Ehtiyac görmədim. Dost da, düşmən də mükafatını və cəzasını aldı. Sadəcə bu serialın baş rolunda olmaq BİZim nəsibimizə düşdü. Peşmanıqmı? Əsla. “Allah sevdiklərini imtahana çəkər”-deyirlər. Biz bu imtahandan başıuca çıxdıq. Çox inanıram ki, şəxsiyyətin formalaşmağında genetik kodların önəmli rolu var. Minnətdar olacağım daşıdığımız qandır, təşəkkür edəcəyimsə bir çoxluq.

Hər kəs bu filmin müsbət və mənfi rolunu özü seçdi, qərarı özü qəbul etdi. Kimin kim olduğunu, maskalı üzləri 10 il o qədər ədalətli açdı ki… Bizə artıq söz düşməz.

P.S. Bu ilk kitabdır, geridə daha 37 cild var. Ömrümüzün daha 37-ci cildi. Allah ömür versin ki, 38 cildi tam olaraq başa vuraq. Bu gün də həmin ömrü yaşayırıq, bu dəfə azadlıqda. Yenə mübarizədə, yenə xalqın xidmətində. Tanrım Xalqımın sevgisini heç bir zaman üzərimizdən əskiltməsin. Bu BİZə yetər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button