Bakı şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbərinin məhkəməsi başlayıb

Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq prosesi keçirilib. Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutub.

İclasda tərəflərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkilləri Rasim Quliyevin həyat yoldaşının işləmədiyini, himayəsində azyaşlı qız övladı olduğunu nəzərə alaraq onun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.

Daha sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən qayıdan məhkəmə təqsirləndirilən şəxsin barəsindəki həbs qətimkan tədbirini dəyişdirmədən saxlayıb.

Növbəti proses avqustun 23-ə təyin edilib.

Xatırladaq ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsini icra edən Rasim Quliyev  təşkilati-sərəncamverici funksiyalardan istifadə edərək, 1893-cü ildə inşa edilən yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin ayrı-ayrı fiziki şəxslərə məxsus mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Və Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Rasim Quliyev ona qarşı irəli sürülən ittihamları qəbul etmir və araşdırmanın daha obyektiv aparılmasını tələb edir.

Qeyd edək ki. cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button