
Müdafiə Nazirliyi: “Ermənistan tərəfinin yaydığı növbəti məlumat da dezinformasiyasıdır!”
Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir:
“Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır. Qarşı tərəf bu kimi yalan məlumatlarla törədə biləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir”. Qeyd edək ki, az əvvəl Ermənistan tərəfi Azərbaycan ordusunun Qaragöl ətrafında “mövqelərini irəli çəkməyə cəhd etdiyini, amma azı bir itki verərək geri çəkildiyini” iddia etmişdi.
Məlumatda o da bildirilir ki, Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan Ordusunun bölmələrinin atəş açması nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı növbəti məlumat da dezinformasiyasıdır.
Qeyd etdiyimiz kimi bu gün saat 09:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Bildirilir ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun güllələnməsi faktını ört-basdır etməkdir.



