
“Ağsu və Şamaxı rayonlarının mürəkkəb relyefi olan dağlıq ərazilərində baş verən yanğın söndürülüb”.
Bu barədə Ağsu Rayon İcra Hakimiyyətindən məlumat verilib. Qeyd edək ki, bundan əvvəl Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində, “El yeri” adlanan dağlıq ərazinin yaxınlığında başlayan yanğın Şamaxı rayonu ərazisinə keçib.
Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub. Ağsunun Gəgəli kəndi tərəfində başlayan yanğın yanğınsöndürənlər və kənd əhalisinin köməkliyi ilə söndürülüb. Lakin yanğın Şamaxı rayonu istiqamətinə keçib və o ərazidə də.yanğınsöndürmə işləri davam etdirilib.
Yolların olmaması və çətin relyef şəraiti yanğının yayılmasına səbəb olur. O baxımdan əsas diqqət getdikcə yayılan yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəldilib. Qeyd edək ki, yanğınla mübarizəyə mülki vətəndaşlar da cəlb olunub.



