AXH-nin fövqəladə toplantısında qərar: iki üzv uzaqlaşdırıldı, İsgəndər Həmidova xəbərdarlıq edildi

Bu gün Azərbaycan Xalq Hərəkatının idarə heyətinin fövqəladə toplantısı keçirilib.

Toplantıda 21 idarə heyəti üzvündən 8 nəfər iştirak edir. İclası hərəkatın dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı aparır. Dönəm sədri ilk olaraq toplantı barədə məlumat verib: “Toplantı 10 nəfər idarə heyətinin üzvünün qərarı ilə keçirilir. Bütün idarə heyəti üzvlərinə məlumat verilib. Son zamanlar hərəkat daxilində ciddi problemlər yaşanır. Bu səbəbdən belə bir qərar aldıq ki, problemlər həll yolunu tapsın”.

Daha sonra Mətləb Mütəllimli çıxış edib: “Bu iclas yetərli sayılır. Yanvardan etibarən hərəkatın əsasnaməsi pozulur. 4 nəfər qanunsuz olaraq idarə heyətinə üzv qəbul olunub”.

“Azadlıq” partiyasının sədri Əhməd Oruc bu iclasda önəmli qərarların qəbuluna böyük ehtiyacın olduğunu söyləyib.

Əhməd Oruc deyib: “Bizdən rayonlarda hərəkatın yaradılan şöbələrinin üzvlərinin adları, protokollar gizlədilir. Biz sonradan rayonlarda ümumiyyətlə, şöbələrin yaradılmadığı barədə məlumat aldıq. Uşaq nağılları ilə son 3 ayda baş aldadılır. Hər kəsin üzərinə şübhə atılır. Son olaraq da saxta vatsap yazıları ortaya çıxarıldı. Guya kimsə bu yazıları Isgəndər Həmidova ötürüb. İdarə heyəti üzvlərinin bəziləri Isgəndər bəydən maddi cəhətdən asılıdırlar. Məhz bu iclasda həmin insanlar iştirak etmirlər. AXH daxilində hakimiyyətin adamları var. O şəxslər aprelin 1-dən etibarən hərəkatı dağıtmaq istəyirlər. Nemət Pənahlının hərəkatdan çıxarılması həmin şəxslərin əli ilə baş tutdu. Kimlərsə məqsədli şəkildə hərəkatı iki hissəyə parçalamaq istəyirlər. Hər kəsin maskası açılacaq. Kimsəyə güzəşt edilməyəcək”.

BAP sədri Elşad Musayev hərəkatın ilk günlərdə problemlərlə yaradıldığını söyləyib: “Təzyiq altında yaradılan hərəkatda problemlər olmalı idi. Biz məcburiyyət qarşısında belə toplantı keçirməyə məcbur olduq. İndiyə qədər bir neçə dəfə gərginlik yaşandı və bunlar hərəkata ciddi zərbə oldu. Hərəkat daxilində əks qrup ancaq görüntü naminə nəkrədə etməyə çalışırlar. AXH daxilindəki iki qrup tərəfdən keçirilən görüşlərin hamısında iştirak etmişəm. Bu görüşlər heç nəyi həll etmədi. Biz İsgəndər Həmidovla son olaraq aprelin 17 də görüşdük. Oradakı danışıqlarda gördük ki, heç nə həllini tapmır. Bu halda heç nəyi düzəltmək mümkün deyil. Bəzi hallarda kritik qərarlar vermək lazım gəlir. Hərəkatı düşünənlərin bir arada olması vacibdir. Bura toplanan şəxslər daha intellektual, prosesləri önə apara biləcək şəxslərdir. Kimsə prosesə qoşulmaq istəsə qapı açıqdır. Buradakı insanlar dünyagörmüş insanlardır. Bu təşkilat yenidən qurulmalıdır”.

T.Abbaslı bu iclasda bir sıra şəxslərin idarə heyəti üzvlüyündən uzaqlaşdırılacağının anonslarını verib.

İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı çıxışında bu məsələlərə toxunub: “AXH hərəkatı çox böyük problemləri həll etməyi qarşısına məqsəd qoyub. Hərəkat yaradılanda atılan addımlar uğurlu idi. Amma sonradan bəziləri bunun davamını istəmədi. Isgəndər bəyin ətrafında olanlar yerlipərəstliklərini ortaya qoyublar. Bu şəkildə davam etmək mümkün deyildi. Mən buradakı insanların əhatəsində olmaqdan qürur duyuram. Vaxt gələcək, o insanlar etdiklərinə görə peşman olacaqlar”.

Sabiq müdafiə naziri Rəhim Qazıyev ötən iclasda istefa verdiyini, ancaq istefasının qəbul olunmamasından danışıb: “Bu gün bu iclasda iştirak etməyi özümə borc bildim. Şəxsi maraqlar arxa planda olmalıdır. Ümummilli maraqlardan iştirak etmək çox vacibdir. Yerlibazlıqdan uzaq durmaq lazımdır. Hərəkatdakı qanunsuzluqlar aradan qaldırılmalıdır. Aprelin 15-dəki iclasda qərara alındı ki, barışıq əldə olunsun. Amma onun səhərisi gün Isgəndər Həmidovun yanındakı adam mətbuata çıxıb şər-böhtanlarını davam etdirdi”.

VİP sədri Əli Əliyev: “Dostlarım müxtəlif aspektlərdən məsələyə qiymət verirlər. Bu iclas tam legitim olduğu üçün qanunidir. Bu səbəbdən hərəkatın qəbul edəcəyi qərar hər kəs tərəfindən qəbul olunmalıdır. AXH daxilində ciddi problemlər yaşanır. Buradakı dostlar problemləri aradan qaldırmaq üçün hər şeyi etdilər. Amma kiçik bir qrup problemlər yaratmaqda davam etdilər. Bu hərəkat kimsəni şəxsi hərəkatı deyil. Mənim bir sıra müşahidələrim var. Görünən odur ki, hərəkata kənar təsirlər daha çoxdur, həm hakimiyyət, həm iqtidar tərəfindən. Kimlərinsə sərsəm qərarlarına tabe olmamalıyıq. Hərəkat iqtidar müstəvisində fəaliyyətini davam etdirməlidir. Yanvarın 26-da əsasnamə pozulanda bizlər susdu. Isgəndər Həmidov 4 nəfəri hərəkatın idarə heyətinə qanunsuz üzv edəndə səsimizi çıxarmalı idik. Həmin 4 nəfər iclaslarda iştirak edir, qanunsuz qərarların qəbulunda səs verirlər. Bu şəxslər uzaqlaşdırılmalıdır. 1 aprel iclasında dönəm sədri Tural Abbaslıya qarşı avantüra təşkil olundu. Isgəndər Həmidov o iclasda hətta sədrə qarşı belə qıcandı. Buna hüquqi qiymət verilmədi. Ramiz Tağıyev də eyni davranış nümayiş etdirdi. 15 aprel iclasından sonra Ağasif Şakiroğlu mətbuata çıxıb hər birimizə hörmətsizlini nümayiş etdirdi, ittihamlar yağdırdı. Həmin şəxs də idarə heyətindən uzaqlaşdırılmalıdır. Şəxsi maraqlarını həyata keçirmək üçün bəzi üzvlər təşəbbüslər göstərirlər. Bunların qarşısı alınmalıdır. Bəzi idarə heyəti üzvləri gözləmə mövqeyindədirlər və gələn iclaslarda onlar da bizə qoşulacaqlar. Biz rayon şöbələri yaradıb, tezliklə hərəkatın Məclisini keçirməliyik. AXH prinsipal qərarlar qəbul etməlidur. Bu parçalanma deyil. Kimsə kiminsə əlaltısıdırsa, bura gəlməyinin mənası yoxdur”.

Mətləb Mütəllimli indiyə qədər fəaliyyətlərinə düzgün qiymət vermədiklərini qeyd edib:” Bu probleminin yaranmasında bizlər də günahkarıq. Qanunsuzluqlara göz yummamalı idik. İdarə heyətinin üzvləri təhqir olunanda susqunluq nümayiş etdirməməli idik. Kimlərinsə yazışmaları bizi maraqlandırmır. Qarşımıza ciddi hədəflər qoymuşuq. Növbəti proseslərdə belə hadisələrin yaşanmasına yol verməməliyik. Digər üzvlərimizi proseslərə cəlb etməliyik. Təşkilatlanmağa davam etməliyik. İşimizə mane olanlar buradan uzaqlaşdırılmalıdır”.

İclasa idarə heyəti üzvlərindən Londonda yaşayan Qurban Məmmədov da qatılıb: “Xalqımız bilməlidir ki, qarşımızda ciddi hədəflər var. Hərəkatdakı problemlər də biz də böyük məsuliyyət daşıyırıq. Şişirtmə ilə hara qədər getmək olardı? Siyahı ilə idarə heyəti formalaşdırılmaz. Siyasət çox ciddi sahədir.Heç bir güzəşt etmədən ciddiliyi əldən vermək olmaz. Ötən iclasda Əli Əliyevə hörmətsizlik ediləndə idarə heyəti üzvlərinin susması məni dəhşətə gətirdi. Bu iclası bütün səfirliklər izləyir. Çünki bir proseslərin başlandığını bilirlər. Hərakat ətrafında tərbiyəsiz oyun oynayanlara cavab verilməlidir. Heç kəsin indiki məqamda xalqı ruhdan salmağa haqqı yoxdur. Kimsə fəaliyyətinin xalqa ləkə olduğunu anlamırsa, elələrindın uzaq durmaq lazımdır. Valeh İbadov və Ağasif Şakiroğlu bu iclasda idarə heyətindən çıxarılmalıdır. Gəlin əl-ələ verək, namusla fəaliyyət göstərək. Istənilən qərar veriləndə xalq nəzərə alınmalıdır. Kim özünü biədəb aparır, xalq görür. Sizlərə uğurlar arzulayıram”.

T.Abbaslı AXH adından sui istifadə hallarına yol verildiyini bildirib:” Kimisə hərəkatın lideri kimi qələmə verirlər. Hamı bilsin, dönəm sədrliyi var, əlifba siyahısı ilə üzvlər rəhbərlik edirlər”.

M.Mütəllimli toplantının qərarlarını açıqlayıb. Valeh İbadov və Ağasif Şakiroğlu idarə heyətindən uzaqlaşdırılıb. Ramiz Tağıyevə xəbərdrlıq edilib. Süleyman Kərimov, Salman İmanlı, Yavər Mikayılov və Firudin Əhmədlinin hərəkatın idarə heyətinin üzvü olmadığı elan olunub.

Toplantıda hərəkatın Məclisinin aprelin 27-də keçiriləcək iclası və 20 aprelə planlaşdırılan Qarabağ Forumu təxirə salınıb.
İsgəndər Həmidova xəbərdarlıq edilməsi barədə ayrıca səsə qoyulub. M.Mütəllimli buna etiraz etdi. Ə.Oruc nöqsanlarına görə İ.Həmidova xəbərdarlıq edilməsini təkidlə tələb edib. Səs çoxluğu ilə sabiq daxili işlər nazirinə xəbərdarlıq edilib.

 

Cavanşir Abbaslı,

Musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button