Aldım məktubunu, Bəxtiyar Sadıqov!

Əvəz Zeynallı

 Bəxtiyar Sadıqovla 4 təmas…

 Yox, məşhur bir poemadakı «Aldım məktubunu Məhəmməd Qacar, Tərlan oylağında Sar ola bilməz!» misrası və onun ardınca gələn acı sözlərlə başlamaq istəmirəm. Sadəcə, «Azərbaycan» qəzetinin baş redaktoru hörmətli Bəxtiyar Sadıqovun mənə məktub yazdığını (daha doğrusu, onun adından yazılıb sayta oturdulan münasibəti), onu da bizə bu günlərdə xüsusi qənim kəsilən Vüsalə Mahirqızı/Kəmaləddin Heydərovun saytında yerləşdiyini deyəndə, ilk ağlıma o gəldi – «Tərlan oylağında Sar ola bilməz!» Bəxtiyar müəllimin yazısını oxudum və təəssüf hissi ilə bu yaşlı adama acıdım.

Mən Bəxtiyar Sadıqovu tanımıram. Onu cəmi bir dəfə – ötən il Rauf Arifoğlunun məni Mətbuat Şurasına şikayətində görmüşəm. Mən o zaman Mətbuat Şurasına həm də bəzi məsələləri müzakirə etmək üçün bir fürsət kimi getmişdim. Və… işin qəribəsi odur ki, orada hamıdan çox Bəxtiyar Sadıqovdan aqressiv münasibət gözlərkən, tam tərsinə, onun ahıllığından gələn qəribə bir qayğısını və xoş davranışını görmüşdüm. Ömrüm boyu mənfi tip kimi tanıdığım, hətta zaman-zaman tənqid atəşinə tutduğum bu adamın rəhbərlik etdiyi qəzetin səhifələrində həmkarlarıma və digər siyasilərə yazdığı yazıları oxumaq kifayət edirdi ki, bu adama nifrət edəsən. Amma mən Bəxtiyar Sadıqova heç bir zaman nifrət etmədim. Bu görüşdən əvvəl isə onunla ik dəfə qiyabi təmasım olub – birində «Media Generalı» rubrikasında onu müsahibəyə çağırmaq istəmişəm, bir həftə çalışmışam, vuruşmuşam, telefonla belə danışa bilməmişəm, nəhayət, başını buraxmışam. O birində isə Bəxtiyar Sadıqovun və «Azərbaycan» qəzetinin başsağlığı biznesi haqqında silsilə yazılar dərc etmişəm və zamanında çox hörmət etdiyim «525-ci qəzet»in baş redaktoru Rəşad Məcidin xahişi ilə o yazıları dayandırmışam. «Xural» o zamanlar «Azərbaycan» qəzetinin son səhifəsindəki başsağlığı elanlarını bu qəzetin və bu adamın necə sui-istifadə etdiyini, yağlı ölü öləndə Bəxtiyar Sadıqovun necə sevindiyini yazırdı. Rəşad Məcid məndən xahiş etdi ki, «Sən Allah, yaşlı adamdır, çox narahat olur, bir şey olar», mən də o yazıları saxladım. Axı, narahat olursa, niyə verək ki?

Amma maraqlıdır ki, Bəxtiyar Sadıqov hələ o əməlindən imtina etməyib. Hələ də dövlətin rəsmi qəzeti olan «Azərbaycan» qəzetinin arxa səhifəsində titullu adamların ölümü münasibətilə gələn başsağlıqlarından külli miqdarda pul toplayır və bu pulların haraya xərcləndiyi haqqında ictimaiyyətə məlumat vermir. Bəlkə bu məsələyə bir daha qayıtmağa ehtiyac olacaq, amma indi mövzum bu deyil.

Vəssalam. Bu 3 hadisə istisna olmaqla mən Bəxtiyar Sadıqovu tanımamışam. Bir hadisə daha olub ki, o haqda nə özüm, nə də həmkarlarım yazı yazsın istəməmişəm. Hansısa bir qadının müsahibəsi gəlmişdi mənə. O qadın iddia edirdi ki, onun həyatını Bəxtiyar Sadıqov məhv edib. Mən o yazını, qadını, müsahibəni heç yaxına belə buraxmadım. Heç bir zaman qurşaqdan aşağı vurmadım insanları – ona görə. Amma görünür, yanlış etmişəm. Mənə, bir qəzetin baş redaktoruna, ömrünü Azərbaycanın ideallarına həsr edən bir insana Bəxtiyar Sadıqov bu cür şər-şəbədə yaxa bilirsə və bundan zərrə qədər də utandığını boynuna almaq istəmirsə, deməli, o qadın doğruları danışırmış. Deməli, onu dinləmək və Azərbaycan xalqına onun da səsini çatdırmaq lazımdır. Noolar, adam 2-3 dəfə ard-arda deputat təyin olunanda. Sən millətin qadınını-qızını incitməli, sonra onu yanında da övladı küçələrə salmalısan?

Ziddiyyətlər və iftiralar Şurası

 Biz Azərbaycan mətbuatının ən kimsəsiz  təbəqəsinə mənsubuq. Bizdən hər zaman iqtidar da, müxalifət də məsafə saxlayıb. Mətbuat Şurasının bu qara qərarından sonra da elədir. Səmimi olanlar sözlərini dedi, olmayanlar da pusuda yatıb, kimin altda qalacağını gözləyirlər. Amma Bəxtiyar Sadıqov da daxil olmaqla Mətbuat Şurasının ayın 19-dan bu tərəfə danışan bütün üzvləri – Əflatun Amaşov, Vüqar Rəhimzadə, Rəşad Məcid, Müşfiq Ələsgərli, danışmayanlardan Aydın Quliyev və Vüsalə Mahirqızı bir-birinə zidd olan o qədər açıqlamalar yayıblar ki, adam heyrət edə bilmir. Siz necə qurumsunuz ki, hərəniz bir söz deyirsiniz? Hərənin ağzından bir avaz çıxır – Sizlərin mövqeyi necədir? Mən bu mövqelərdən bəzilərini sadalayıram:

Əflatun Amaşov ilk danışığında «bir iş idi oldu, artıq geriyə yol yoxdur» deyib.

Ondan bir gün sonra Bəxtiyar Sadıqov Vüsalə ilə Kəmaləddin Heydərovun APA-sında kin püskürür: ««Xural» indi yox, xeyli əvvəldən «qara siyahı»ya salınmalı idi.»

Daha sonra Mətbuat Şurasında Əflatun Amaşova nəzarətçi kimi yerləşdirilmiş «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə kükrəyir – insanın içi qaralır. İnsan nə qədər tərbiyə sərhədlərindən kəranda ola bilər. Vüqar konkret təhqirlərə keçir və mənə «ədəbsiz» deyəcək qədər həddini aşır (Uşaq vaxtı cavab verirdik ki, «ədəbsiz sən boyda olur»).

Rəşad Məcid daha təmkinli və adildir. O, bu zibilliyin içində zatən yer almaq istəmirdi. Ona görə illah da bir şey olmadığını dilə gətirirdi. Hətta Rəşad Məcid «Azadlıq» radiosundakı çıxışında siyahının sadəcə «qara» olduğunu, «reket» sözünü yaxın buraxmadıqlarını söylədi. Mən, Xədicə İsmayılova və Emin Hüseynov Rəşad Məcidin boynuna qoya bilmədik ki, siz qanunsuz olaraq insanlara «reket» damğası vurursunuz. Hətta Rəşad Məcid «qara adam» Vüqar Rəhimzadənin rəhbərlik etdiyi komissiyanın adını belə doğru-dürüst deyə bilmədi.

Müşfiq Ələsgərli isə lap gül vurdu. O, mənimlə Kanal 13-dəki debatında ümumiyyətlə, «reket siyahısı» ilə «qara siyahı»nın ayrı-ayrı siyahılar olduğunu dilə gətirdi və bizim ikinciyə salındığımızı dedi.

Sizin mövqeyiniz nədir axı, Bəxtiyar Sadıqov? O birilər düz deyir, yoxsa siz? Bu Şuranın başı kimdir, ayağı kim? Bu Şurada neçə siyahı var? Bu Şuranın özü kimi qara siyahısının ömrü 6 aydır, yoxsa bir il? (Müşfiq Ələsgərli 6 ay, Bəxtiyar Sadıqov 1 il deyir?!) Bu Şuranın adından danışmaq səlahiyyəti kimindir, deyin, bilək?! Birinizin dediyiniz o birinizin dediyinin əksidir axı…

 Bəxtiyar Sadıqov və silahdaşları islah olundular?..

 Bəxtiyar Sadıqov yazısında aba altından zopa göstərir. İctimai rəydə sıfır olduqlarını gördülər. Dünyanı başına dar etdiyimizi də gördülər. Bir Aydın Canıyevin yazılarını əldə dəstəvuz etmişdilər, onu da darmadağın etdik. Bunlar hələ bilmirdilər ki, biz o yazıdakı təhqirli ifadələrə görə, yazıların dərc olunduğu həftənin növbəti həftəsi təkzib verib üzr istəmişik. Biz peşəkarlığımızı bilirik və onun sərhədlərindən kənara çıxmırıq. Aydın Canıyev yanlış fikirlər yazıbsa, təkzibini redaksiya verib. Daha nə istəyirsiniz? Siz qanunlardan üstün deyilsiniz ki? Qanunların əmr etdiyni etmişik, siz kim olursunuz ki, bir yerə cormalaşıb özünüzdən qərar verir, kiminsə adını ən əziz adamlarınızın layiq olduğu siyahılara salırsınız?

Bəxtiyar Sadıqov yazır: «Ancaq yanındakı ağıllı adamlar, deyəsən, onu başa sala, sakitləşdirə bildilər. Hətta «Xural» xeyli ağıllanıb, daha ədəbli və tərbiyəli yazmağa başlayıb. …Bu məni xeyli sevindirir. Qəzet son yazılarında xeyli mərifətli və qanacaqlı olub! Əslində, bizim istədiyimiz də budur! Hətta düşünürəm ki, «Xural»ı gərək düz yola daha tez qaytaraydıq!»

10 ildir mətbuatdayam. 10 ildir bu ölkədə baş redaktorluq vəzifəsi daşıyıram. Bu adamın savadsızlığı və sayğısızlığı yalnız bu həddə ola bilər ki, bizim bütün Azərbaycana qazandırdığımız bayramlardan, möhtəşəm layihələrdən xəbərsizdir. Ona görə belə danışır. Əslində isə, Bəxtiyar Sadıqovun son günlər gördüyü qəzeti mən 10 ildir çıxarıram. Sadəcə, Bəxtiyar Sadıqov özündən başqa heç kimi görmədiyi, hakimiyyətin əl buyruqçusu olduğu üçün ola bilsin ki, bizi oxumayıb. İndi bu qələti edəndən sonra od olub başlarına yağmışıq, dünyalarını tərsinə çevirmişik, Azərbaycanın hər yerindən tərs reaksiyalar alıblar, aləm başlarına dar olub – oyanıblar! İndi «Xural»ı sətir-sətir, səhifə-səhifə oxuyurlar, əzbərləyirlər, oxuyacaqlar, əzbərləyəcəklər…

Sizin «Xural»ın 30 İyun – Sevgililər Günündən xəbəriniz yoxdur?!

Sizin «Xural»ın «Siqaretsiz Gələcək!» kampaniyasından xəbəriniz yoxdur?!

Sizin «Xural»ın «Alkoqolsuz Gələcək!» kampaniyasından xəbəriniz yoxdur?!

Nə qədər saymaq olar? Nəyi saymaq olar?

 Aydın Canıyev kimin əməkdaşıdır?!

 Aydın Canıyevi də mənə başqaxıncı ediblər. Guya kim bilmir ki, Aydın Canıyev min ilin yazarıdır? Harada işləməyib Aydın? Elə indi Bəxtiyar Sadıqovun yazıb-pozduğu Kəmaləddinlə Vüsalənin APA-sında, indi Vüsalənin əl quzusuna çevrilən Qabil Abbasoğlunun lent.az-ında işləməyibmi Aydın Canıyev? Daha dünənə qədər Vüsalə Mahirqızının ən çox maaş-qonorar verdiyi Aydın Canıyev indi Sizin üçün Vətən xaini oldu? Həmin Aydın Canıyev Bəxtiyar Sadıqovun baş redaktorluq etdiyi «Azərbaycan» qəzetinin redaktoru olmayıbmı? «Azadlıq»da işləməyibmi? O zaman yaxşı idi, indi pis?

Müdafiəyə gəlincə, biz Aydın Canıyevi müdafiə edəcəyik. Onun yazılarına görə həbs olunduğu qənaətini daşıyırıq və onu Şeyx Allahşükür Paşazadə həzrətlərinin həbs etdiyinə inanırıq. Aydının Lənkərandakı hərəkətlərinə gəlincə, mən onun yanlış hərəkətlərinə cavabdehlik daşımıram. Bəxtiyar Sadıqovun da hansısa qadınlarla münasibətlərinin pis olduğunu deyirlər, indi bu məsələyə görə Bəxtiyar müəllimə bu yaşında söz deyəsiyəm?! Aydın Canıyev də elə… Kim nə edirsə özünə edir. Məni söz maraqlandırır və mən senzor deyiləm…

 Bir daha Redaktorlar Birliyi haqqında…

 Bəxtiyar Sadıqov yenidən Redaktorlar Birliyinə toxunub və mənə o barədə bəzi məsləhətlər də verməyi unutmayıb. Və burada doğrunu yazıb. Bütün bu hadisələrin hamısının təməlində elə yenidən fəaliyyətini bərpa edən Redaktorlar Birliyi dayanır. Nədən narahatdır Bəxtiyar Sadıqov? Niyə yuxularınız ərşə çəkilib? Nə olub? Axı Redaktorlar Birliyi fəaliyyətini bərpa edəndə biz alternativ olmadığımızı bəyan etmişdik?

Redaktorlar Birliyinin fəaliyyətini bərpa etməsi Mətbuat Şurasının üzərimizə gəlməsinə səbəb oldu. Onlar bu işdə günahkarlardan biri kimi də məni görürlər. Amma yenə bir məsələni başa düşməkdə çətinlik çəkirəm. Redaktorlar Birliyindən bu qədər narahatsınızsa və yuxularınız qaçıbsa, niyə Mehman Əliyevə gündə 50 dəfə zəng edirsiniz? Əflatun Amaşov Mehman Əliyevdən Rauf Arifoğluna keçir, Rauf Arifoğlundan Mirmahmud Mirəlioğluna, ondan İlyas İsmayılova – niyə çərxiniz tamam dəyişib? Nə olub sizə?

Sizə artıq kimsə inanmır. Mətbuat Şurası zatən bitmişdi, toplumsal etibarı sıfır idi. «Xural»a qarşı aldığınız bu qərar isə Sizi mənəvi cəhətdən tamamilə bitirdi. Ona görə də biz Redaktorlar Birliyini yenidən qurmaqda israrlıyıq. Amma sizdən fərqli olaraq Mətbuat Şurası ilə də əməkdaşlıq etmək niyyətimiz var. İslah olunacağınız təqdirdə, başınızdan yekə işlər görməyəcəyiniz halda, kefiniz istəyəndə namuslu mətbuat işçilərini qınaq obyektinə çevirməyi tərgidəcəyiniz minvalda Sizi də eşidəcəyik. Əmin olun! Zatən son bir həftədə Siz aldığınızı aldınız… Bir daha belə yanlışlıqlar etməyin!

Tamammı?!

 Biz bir ailəyik – bəs siz?!

 Bəxtiyar Sadıqov yazısının sonunda bu yaşında lap yolunu azıb: «Yaxşı olar ki, işçilərinin tərbiyəsi və mənəviyyatı ilə də ciddi şəkildə məşğul olsun!» Buna cavab verməkdən bunu təkrar dərc etmək daha yaxşıdır. Qoy hamı görsün ki, «Azərbaycan» qəzetinin baş redaktorunun səviyyəsi hansı həddədir. Mənim işçilərimin tərbiyəsi və mənəviyyatı yerindədir, Bəxtiyar Sadıqov! Mən burada ailəmlə bir yerdə işləyirəm və «Xural» hər zaman ailə qəzeti kimi tanınıb. Yəqin tərbiyə və mənəviyyat məsələsində Siz öz gördüyünüzü yazırsınız. Necə deyərlər, aşıq gördüyünü çağırar!

 Son söz əvəzi

 Bütün zamanlarda oturmağa, danışmağa, ən çətin məsələləri belə müzakirə etməyə hazıram. Mən bu iqtidara qarşıyam, bu iqtidarın hakimiyyətdən getməsini istəyirəm. Çünki bu iqtidar Vüqar Səfərli, Vüqar Rəhimzadə, Rövnəq Abdullayev, elə Bəxtiyar Sadıqov kimi adamlarla işləyir. Təbii ki, bu rejimin məhkəmələrində 30 dəfə cəngə çıxmışam və təbii ki, bütün məhkəmə qərarları əleyhimizə olub. Bundan fəxarət duymaq, bunu bizə qarşı arqument kimi işlətmək yox, bundan utanıb-qızarmaq lazımdır, Bəxtiyar Sadıqov. Əminəm ki, günlərin bir günündə sənin də pozulan hüquqlarını biz qoruyacağıq.

Amma nə olursa olsun, mən müzakirələrə açığam. Mən sizinlə yox, sizin ağalarınızla – adını və səsini eşidəndə yuxunuzun qaçdığı Ramiz Mehdiyevlə, Əli Həsənovla (ona «Qaragilə» də deyirlər) savaşdayam. Mən sizin prezidentiniz İlham Əliyevi sərt və amansız tənqid edirəm. Siz kimsiniz ki?! Bütün bu halları da nəzərə alaraq bu şərtlərdə Mətbuat Şurasına müraciət etmək fikrim yoxdur. Necə bulayıbsınızsa Azərbaycan mətbuatını, eləcə də təmizləyin!

Yoxsa hələ nə görübsünüz ki?!

Yoxsa hələ çox şeylər görəcək və oxuyacaqsınız!

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button