
Vəzir kimi dayı
Aydın Canıyev
Möhtərəm və Möhtəşəm jurnalist
Əvəz Zeynallının dayısı
REMARKA: Təxminən bir 40 il qabaq Novruz bayramında tək və bircə qardaşım küçədən gəlib keçib bayramlaşmağa gedənlərə baxıb çox kövrək bir səslə sirr açırmış kimi dedi:
– Aydın, biz heç vaxt dayı olmayacağıq, hə?
Cavab, əlbəttə ki, “olmayacağıq” idi! Amma biz iki qardaş qədər dayı istəyən ikinci iki qardaş tanımıram. Ancaq bir orası da var ki, həm də dayıya nifrət edən iki qardaşa rast gəlməzsiniz biz iki qardaşdan başqa! Həm də dayı olmadıqlarına görə özünü xoşbəxt sayan iki qardaş da tapmazsınız. Bu alayı söhbətdi!
Dayı olanda da Vəzir kimi olasan!
…Ola bilər, Bakıda da qohum-qardaşdan başqa, kənar adamlar da Vəziri yaxşı tanısınlar, amma Vəziri daha çox Gəncədə tanıdıqlarını dəqiq bilirəm.
Vəzir mənim üçün DAYI rütbəsinin tək və qənirsiz fatehidi! Özünüzə əl qatmayın, tam sübut edəcəm dediyimi.
Gözəl Yaradan çatdıra biləcəyi bütün mümkün üsul və yollarla bizlərə hər ləhzədə xatırladır ki, sizləri sevərək bu sərvətləri yaratdım. Zövq alın!
O gözəl sərvətlərdən biri də Dayıdır!
Və dayı mənim anlamımda ailə institutunda ən yüksək rütbədir – təbii ki, valideynlərdən sonra! Hesab da etmişəm ki, “dayı” müraciəti ən böyük məsuliyyəti yaradan xitabdır. “Əmiylə bağacan, dayıyla dağacan” deyiblər ağırtaxta dünyagörmüş kişilər. Təkcə bu müraciətin məhrəmliyi, məsumiyyəti nə boydadısa, altına çiyin vermək nə qədər şərəflidisə, reallıqda və statusda dayı olmağın özü bir ilahilikdi!
Mən o ilahiliyin adi sözlə izah edilməsinin belə ən daşürəkli insanda necə humanizm yaratdığını faktla yazacam:
Dayı kimdi və nə deməkdi?
1997-ci ildə kənddə üç dayım birləşib bir nəfəri ağır namus söyüşünə görə meyidinə döymüşdülər. Adamın qanı asfaltda faciəvi bir rəsm mənzərəsiydi – heç yağış da yuyub aparmamışdı, suyla da yuyulub getməmişdi. İkisini qoymuşdular içəri, o biri əlləşirdi. Lənkəranın polis rəisi qılıncı qəbzəsində belə kəsən “Azərbaycan bayrağı” ordenli Allahverdi Əliyev idi. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Məhərrəm Əliyevin qardaşı. Yaxın düşmək çətin məsələ idi – Əlikram Hümbətovu və dəstəsindəki bir neçə nəfəri yaxalamaq üçün keçirilən əməliyyatda şəxsən uğuru olmuşdu. Az müddət idi ki, Milli Məclisdə ekspert kimi çalışırdım. Dostlardan vasitəçi tapıb qəbuluna düşdüm – heç kim ağız açmaq istəmirdi, tək umacağım o idi ki, adamla görüşüm. Bilirdim ki, görüşsəm, xilas edəcəm.
Əlqərəz, əsasını Petrarkanın qoyduğu, Şekspirin uğurla davam etdirdiyi sonet janrının bütün nümunələrini bülbül kimi ötdüm. Məlum ləhcə ilə ağzımdan kuvaldla vururmuş kimi vuran Allahverdi müəllimi axır ki, bezdirdim, hirslə qayıtdı ki:
– Biri jurnalistin qohumudu, tutma, o biri deputatın qohumudu tutma, ə, bə biz pul qazanmayaq, cinayətkar tutmayaq?
– Rəis, jurnalistin də, deputatın da qohumunu tutun, pul da qazanın, ancaq anasını söyən oğlanı meyidinə çırpmış dayılarımı tutmayın! Onlar mənim qohumlarım deyil, dayılarımdı, mən dayılarımın dalınca gəlmişəm, qardaşımın, əmimin, qaynımın, qohum deyilə biləcək ayrılarının yox!
Allahverdi müəllim bir az da hirsləndi, bir az da tündləşdi:
– Ə, dayılarımdı nə deməkdi e? Nə osun dayılarındı? Nə olar ki, dayı olanda?
Mənimlə artıq “ə” ilə danışmağını boş vermişdim, ancaq gördüm ki, artıq dayılarım əldən gedir, qalxdım ayağa:
– Rəis, dayı yeganə adamdı ki, adamın anasını …!
Belə demək mümkün olarsa, az qala cənub bölgəsinin qubernatoru olan, heç kimi hərləməyən Allahverdi müəllim o boyda hirsin içində eşitdiyinə… ürəkdən, ləzzətlə, məmnun olurmuş kimi şaqqanaq çəkdi!
“Otur!” dedi:
– Onları buraxmayacaqdım. Adam kişi olar, bir adamı bir adam döyər, biri qızışdırıb, ikisi döyüb!
– Rəis, söyən üçünün də anasını söyüb də, ana hər üçünün anasıdı da, hərəsi bir arvaddan deyil ki…
– Yaxşı, söz oynatma, indi o sözü bir nəfərin yanında təkrarlayarsan, tapşıraram işlərini düzüb qoşar, buraxar!
Mehman Təhməzov, səhv etmirəmsə, istintaqa baxırdı, müavin idi. Çağırdı:
– Mehman, de görüm dayı nə deməkdi?
– Rəis, ananın qardaşı, əziz adam…
– Mehman, dayı nə deməkdi? Tapmasan, bir xeyli ziyandayıq!
– Rəis, vallah nə deyim…
– Nə qədər pulun var?
Mehman müəllim cibindən iki dənə 50 dollarlıq olduğunu dedi.
– Birini ver Aydına. Aydın, de görüm dayı nə deməkdi?
Mehman Təhməzov çox böyük hörmət etdiyim, savadına, şəxsiyyətinə rəğbət bəslədiyim, yanında abır-həya saxladığım, etiket qaydalarına əməl etdiyim dəyərli bir insan idi, 1993-cü ildən tanıyırdım. Ayağa qalxıb tər tökə-tökə “dayı yeganə adamdır ki, adamın anasıyla evlənmir” deyəndə, Allahverdi müəllim hirsləndi ki, mənə necə demisən, elə de!
Allahverdi müəllimə necə demişdimsə, elə də dedim!
Və… dayılarım zərərçəkmişin xəstəxana xərclərini ödəməklə barış əldə etdilər!
Dünya dayılarsız yaşanmaz!

Vəzir Zeynallı, Əvəz Zeynallı və Vidadi İdrahimli
Dünyanın harasına getsəniz, kim olursa olsanız, bir dayınız olmalıdı – ananızı bacı bilən, ananızın qardaşı olan dayı!
Əslində, mən Vəzir dayıdan Əvəz Zeynallını tanıyan gündən yazmalıydım.
Əvəz harda olubsa, Vəzir dayı orda olub – Bakıya gələndə, imtahan verməyə gedəndə, Türkiyədə oxuyanda, qəzet buraxanda, deputatlığa namizədliyini verəndə, evlənəndə, ata olanda, həbsxana yollarında…
İrəlidə Tapdıq müəllim gedibsə, addım atıbsa, Əvəzi bir çiynində məqsədə doğru aparanın o birisi Vəzir dayı olub!
Elə bir görüşüm olmadı ki, Əvəzlə söhbət edəndə, Vəzir dayıdan zəng gəlməsin, maraqlanmasın ki, dünənmi, srağagünmü, keçən həftəmi danışdıqları işin, söhbətin aqibəti nə oldu?
Elə bir görüş olmadı Vəzirdən zəng gəlməsin ki, uşaqların ad gününü necə keçirəcək, maşının təmirini harda edəcək, filankəsin tədbirində nə vaxt olacaq, Gəncəyə nə vaxt gələcək?
Olmadı elə bir görüşüm ki, orada Vəzirin özünü, səsini, ruhunu görməyim!
Əslində, Vəzir kimi dayı mənə və bizə lazımdı – Əvəz ağlı-huşu yerində olan adamdı! Mənim kimi şərəşur adamların dayısı olmalıydı Vəzir! Və mən hər dəfə Vəzirin varlığını duyduqca dayılarımı söyürəm! Adamlar başa düşmədi ki, mənim dayım ola bilmirsiniz bilmirsiniz, öz dayılarınızdan bir şey götürmədiniz, zalım balaları, heç olmasa, Əvəzin dayısı Vəzirdən dayılığı öyrənin, oğullarınız dayılıq etsin!
Bu həyatda kişi olmaq o qədər də çətin deyil!
Bu həyatda kişi olub dayı olmağı da bacarmağın bir ayrıca fəziləti var – nədən zövq alırsınız, allah kəssin, dayı olmağın fəzilətini yaşayın da!
Vəzifəli-imkanlı, pullu bacıoğluların dayılara maşın və sair hədiyyələrini düşünməkdənsə, bir dəfə də düşünün ki, Vəzir dayı Gəncənin sadə bir sakini olaraq, azından 20 ildi düşüb e Əvəzin dalınca!
Bilirsiniz niyə?
Çünki Əvəz “Böyük Gələcəkli Azərbaycan” uğrunda vuruşduğunu Vəzir dayıya deyib.
Bax, Vəzir dayı olmaq budu – Əvəzə inanmaq və təmənnasız onun yanında olmaq!
Əvəzin ayağını yerdən götürmək lazımdı – al, dayı qurban, bir dənə yoluq “011”-im var, gör yarıyırmı?
Əvəz “Böyük Gələcək” uğrunda savaşda ləkələnib, şərlənib həbs olunub, buyur, dayı qurban, sənə hər gün qəzet lazımdımı, olacaq, eləcə də digər dəstəklər!
Əvəz türmədən çıxıb, reabilitasiya olmalıdı, dayın hazır yanında!
Vəzir dayı maddi təminatlar resursu deyil, o baxımdan dəyərləndirilmir, Vəzir dayı tükənməz ruh generatorudu, bütün yaxşı arzuların xəritəsi və bütün çətin anların elmi-məntiqi həllidi!
Vəzir dayı bəlkə də yer üzündə yeganə dayıdı ki, bilir onun bacısı oğlu Əvəz Zeynallı kimdi!
Vəzir dayı eyni zamanda şəcərə üçün dayıdı!
Arada könlüm istəyir Vəzir dayıyla danışım. Danışanda deyirəm: varlığın üçün təşəkkür edirəm, dünyanın ən gözəl dayısı!
…və təəssüf edirəm ki, dünyanın ən yaxşı bacıoğlusu gedib dayı ola bilməyənlərin bəxtinə düşüb!
Eiraf edirəm: adamın Vəzir kimi dayısı olmaq üçün gərək özün də Əvəz Zeynallı olasan!
Əziz və gözəl dayılar!
Vəziri tanıyın ki, Azərbaycanda bacıoğlular Böyük Gələcək qura bilsinlər – ən azından ona görə ki, orada Aydınlar da xoşbəxt olacaq! Hətta dayısı olmayanlar belə Dayıların varlığından xilas tapacaq!
Qibtə!
Yazını bir neçə gündü yazmışam. Xasiyyətimdi: yazını yazmamışdan saytı-ünvanı bəlləyib yayıma xeyir-dua alıram və yazan kimi atıram sayta, hövsələm çatmır ürəyimin istisinin, hərarətinin səngiməsinə tamaşa etməyə. Ancaq bu dəfə sanki dəmə qoydum. Az qala paxıllıq və qısqanclıq yarandı. Məni tanıyanlar mənə gözəl bələddi: paxıllığım, qısqanclığım yoxdu dost-tanışa. Üstəlik də Məhəmməd peyğəmbərin gözəl bir ifadəsi yaddaşımdadı. Soruşurlar ki, ya peyğəmbər, heç oldumu ki, qısqanasınız, paxıllıq edəsiniz, həsəd aparasınız nəyəsə, kiməsə. Həbibullah deyir ki, yox, olmadı elə bir şey, elə bir kimsə, amma… erkən gəncliyindən namaz qılanlara qibtə edirəm.
Mən Əvəzə qibtə edirəm!
Millətimin Böyük Gələcəyi üçün isə hamımıza Vəzir kimi dayımızın olmasını arzulayıram!
SÖZARDI: Əziz oxucu, siz birdən elə bilərsiniz Əvəz bəylə yaxınam deyə, Vəzir Nadir oğlu Zeynalovdan bəy tərifi yazıram, əsla! Vəzir kişi indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsinə üç il dalbadal imtahan verib, ən yüksək balla müsabiqədən kənar saxlanılan adamdı. Üstəlik də atası Nadir kişi mallı-pullu kişilərdən olub. Pulu da yaxın qoymayıb! Prinsipi də bu olub: “ya hüquq fakültəsində oxuyacam, ya da heç oxumayacam!”
Əvəz bəylə yaxınlıqdan bildiyim isə təkcə budur: uzun müddət Bəxtiyar Vahabzadəni, bir ara isə, mənim kimi, Komissar Kattanini ideal bilib! Amma Vəzir Nadir oğlu Zeynalov real həyatda yaşamıyla Əvəzin ideallarını əlindən, düşüncəsindən alacaq qədər Böyük Kişiliklər sərgiləyib!
Tanıyaq, sevək, dəyər verək, uşaqlarımıza arzulayaq, deyə yazdım!
Xural.com



