
Müsavat başqanı Rafiq İsmayılı təbrik etdi-YUBİLEY
Xural.com xəbər verir ki, Müsavat Partiyasının Başqanı Arif Hacılı partiyanın Divan üzvü Rafiq İsmayılı 70 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
Hörmətli Rafiq bəy!
Sizi 70 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, şəxsi həyatınızda və işlərinizdə uğurlar arzulayıram.
Siz ötən əsrin sonunda Azərbaycanda başlayan Xalq Hərəkatına qoşularaq xalqın haqq səsini həmişə müdafiə etmisiniz.
Sonrakı illərdə ölkədə hüquqi dövlətin və azad cəmiyyətin qurulması uğrunda mübarizədə yaxından iştirak etmisiniz. Müsavat Partiyasının təşkilatlanmasında yorulmadan çalışmısınız. Ölkədə demokratik cəmiyyətin qurulması üçün antidemokratik rejimə qarşı keçirilən kütləvi aksiyalarda da fəal iştirak etmisiniz. Təqib və təzyiqlərə baxmayaraq, heç zaman öz əqidənizdən dönməmisiniz.
Siz uzun müddət Sabunçu rayon təşkilatının sədri, Məclis üzvü və Divan üzvü kimi Partiyanın güclənməsində, sıralarımızın artırılması, fəaliyyətimizin genişləndirilməsində fəallıq göstərmisiniz. Siz partiyanın iştirak etdiyi bütün seçki kampaniyalarında fəal iştirak etmiş, seçki saxtakarlığına qarşı mübarizənin önündə olmusunuz. Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, səmimiyyətiniz, partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.
İnanıram ki, həyatda əldə edəcəyiniz bir çox uğurlar hələ irəlidədir.

Əziz Rafiq bəy!
Sizi bir daha 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram.
Xural.com



