Binəqədidə polis tərəfindən döyüldüyünü deyən sürücü yoxa çıxıb? – VİDEO

Bİnəqədi polisinin rəisi polis-polkovniki İsmayılov Namiq və müavini polis polkovnik-leytenantı Süleymanlı Oktay tərəfindən döyüldüyünü və bunun nəticəsində ağır cərrahiyyə əməliyyatına məruz qaldığını deyən sürücü Şaiq Qəhrəmanovun müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxanasından naməlum şəxslər tərəfindən aparıldığı bildirilir.

Şaiq Qəhrəmanovdan müsahibə götürmək üçün xəstəxanaya gedən press-az.comun əməkdaşlarına bildirilib ki, 4-5 nəfər adam palataya daxil olaraq, 1 saata yaxın söhbətdən sonra onu aparıblar. Mənbə bildirir ki, bundan sonra sürücünün harada olduğu bilinmir, zənglərə cavab vermir.

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda məcburi köçkünlərin köçürülmə vaxtı sakinlərdən birinin polis tərəfindən döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

İdarədən verilən xəbərə görə, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yaşayan 1981-ci il təvəllüdlü Qəhrəmanov Şaiq Balakişi oğlu sosial şəbəkələrdə Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Təcili Tibbi Yardım stansiyasının qəzalı vəziyyətdə olan binasından köçürülmə zamanı Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən döyüldüyünü və bu səbəbdən əməliyyat olunduğunu yazıb.

“Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzindən məlumat verilib ki, Şaiq Qəhrəmanov 16 yanvar 2018-ci il tarixdə xəstəxanaya müraciət edib. Müayinədən sonra onun “qarın boşluğunda ağ xətt yırtığı” olduğu müəyyənləşib. Məlum olub ki, yırtığın əmələ gəlmə müddəti 2-3 il əvvələ aiddir. Xəstə müraciət edən zaman onun üzərində və bədən səthində heç bir xəsarət aşkarlanmayıb, döyülməyə xarakterik əlamətlər olmayıb. Şaiq Qəhrəmanovun sosial şəbəkələrdə yaydığı məlumatlar həqiqətə uyğun deyil”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Bakının Binəqədi rayonunda polisin zorrakılığı ilə üzləşdiyini bildirən sürücü Şaiq Qəhrəmanov aldığı xəsarətlərdən sonra xəstəxanaya düşdüyünü və cərrahiyyə əməliyyatına məruz qaldığını bildirib. (Basta.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button