
Əvəz Zeynallıya xəbərdarlıq edilmədən yenidən BİT-dən 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldü
Ali məhkəmədə başlayan aqressiv münasibət BİT-də davam etdirilib.
Əvəz Zeynallı ona əvvəlcədən xəbərdarlıq olunmadan, tələm-tələsik Bakı İstantaq Təcridxanasından 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülməsini də məxsusən ona qarşı yönəlmiş siyasi repressiya ilə əlaqələndirdi.
Ali Məhkəmənin Ə.Zeynallı barəsində çıxarılmış hökmü sifariş əsasında bir daha qüvvədə saxlaması və məhkəmədən BİT-na gətirilən Ə.Zeynallının dərhal Cəzaçəkmə müəssisəsinə köçürülməsi bir daha sübut edir ki, baş redaktorun həbsində rolu olan yüksək səlahiyyətli məmurlar hələ ona qarşı irəli sürdükləri saxta ittihamları geri çəkmək niyyətində deyillər.
Baş redaktorun hüquqlarını müdafiə edən hüquq müdafiəçiləri Ə.Zeynallıya qarşı yönəlmiş bu aqressiyanı sabiq millət vəkili, hazırda adı cinayət qalmaqalında hallanan Gülər Əhmədovanın həbsdə olması ilə əlaqələndirirlər. Onların fikrincə, Ə.Zeynallının üzərindən saxta ittihamların götürülməsi, həm də G.Əhmədovanı pis vəziyyətdə qoya bilər. O baxımdan Ə.Zeynallının tezliklə həbsdən buraxılması əsassız gözləntidən başqa bir şey deyil.
Ə.Zeynallı, Ali Məhkəmədən ədalətli qərar gözləməsə də, hakimin aqressiv münasibətindən haqqında veriləcək qərarın nə olduğunu bildiyini deyir: “Görünür, bunlar üçün Azərbaycanın qanunları yox, hansısa məmurların tapşırıqları daha keçərlidir…”
XuralTAC




