ƏVƏZ ZEYANLLIYA DAHA BİR CƏZA

Hakim Toğrul Əliyev
Hakim Toğrul Əliyev

22.04.2013

Bu dəfə də fəaliyyəti dayandırılan “Xural” qəzeti əsassız qərarla 25 min manat cərimə olundu

Hakim Toğrul Əliyev Azərbaycan vətəndaşlarının maraqlarını tapdalayaraq, insanları viruslu pivələrlə zəhərləyən, “20 Yanvar” şəhidlərinə hörmətsizlik edən A.Tlexurayın xeyrinə cəmi 2 dəqiqə ərzində 25 min manatllıq qərar çıxardı

Siyasi sifarişlərlə qərar çıxaran hakimlərə etiraz edən xuralçılara Toğrul Əliyev, “məhkəmə kontor deyil ki, sifarişlə qərar versin” desə də,  sifarişli yeni qərarı ilə  məhkəmənin “kontor” olduğunu sübut etmiş oldu

Apellyasiya Məhkəməsində “Xural” qəzetinə qarşı 50 min manatlıq iddia ilə çıxış edən “Tlexuray” – “Baltika-Bakı” MMC işinə yenidən baxan Toğrul Əliyev,  işində buraxdığı ciddi nöqsanlara görə, şirkətin Sank-Peterburqda yerləşən baş ofisinə geri çağrılan Adam Tlexurayın iddiasını onun iştirakı olmadan qismən təmin etdi: “Adam Tlexurayın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Nərimanov rayon məhkəməsinin 23 yannvar 2012-ci il qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçının şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən məlumatları yaydığına görə, cavabdeh “Xural” qəzetinin redaksiyasının üzərinə iddiaçı haqqında həmin qəzetdə dərc edilərək, üzr istəmək vəzifəsi qoyulsun. 31 iyul 2011-ci il tarixili müəllifin “”Xırdalan” Pivə zavodunda nələr baş verir?” adlı, 21-27 avqust 2011-ci il tarixli “”Xırdalan” pivənin əfsanəsi qıcqırdı”  başlıqlı yazılara təkzib verilməsi cavabdeh “Xural” qəzetinin üzərinə qoyulsun və təkzib başlığı altında dərc olunsun. Cavabdeh “Xural” qəzetindən iddiaçı Adam Tlexurayın xeyrinə 25 min manat pul tutulsun və həmin məbləğ Abşeron rayon Sahil qəsəbəsində yerləşən bu müəssisəyə köçürülsün.”

Azərbaycan vətəndaşlarını tərkibində həyat üçün təhlükəli viruslar olan pivələri satmaqla zəhərləyən Adam Tlexuray  işdə buraxdığı ciddi nöqsanlara görə “Baltika” MMC-nin mərkəzi ofisinin yerləşdiyi Sank-Peterburq şəhərinə geri çağrılmasına, hətta Apellyasiya məhkəməsinə onun nümayəndələrinin gəlməməsinə, bununla da bu işdə maraqlı olmamalarına baxmayaraq, Apelyasiya məhkəməsi israrla, Ə.Zeynallını “günahkar” çıxarmağa çalışdı. Halbuki həmin məqalə “Xural” qəzetində dərc olunarkən, redaksiyaya təqdim olunan video və foto dəlillərin heç biri məhkəmə tərəfindən araşdırılmadı. Bu faktın özü də məhkəmənin “siyasi sifariş”ləri həyata keçirməkdə qərarlı olduğunu sübut edib.

Xatırladaq ki, “Xural” qəzetində dərc olunan məqalələrdə “Xırdalan” və “Baltika” adı altında satışa buraxılan pivələrin tərkibində insan orqanizmi üçün təhlükəli olan maddələrin və virusun olması haqqında məlumat verilmişdi. Məlumata əsasən, Gürcüstana ixrac olunan bu pivələr Tiblis laboratoriyalarında yoxlamalardan keçirilmiş və tərkibində insan orqanizminə zərərli olan maddələr olduğu üçün geri – Azərbaycana qaytarılmışdı. Həmin vaxt şirkətə rəhbərlik edən Adam Tlexuray bu pivələrin yenidən istehsal olunaraq, yerli satışa buraxılması əmrini vermişdi. Yüz minlərlə belə pivələr Azərbaycan vətəndaşlarına satılıb.

Müəssisədə baş verən bu cinayətin videoçəkiliçini aparan işçilər sonradan bu kadrları “Xural”a təqdim edib və onun əsasında da müəllif lazımı materialı hazırlayıb. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı təqib və təzyiq kampaniyası başlayan zaman A.Tlexuray qəzetə qarşı 150 min manatlıq iddia qaldırmış və Nərimanov rayon məhkəməsinin hakimi Sevinc Quliyeva heç bir əsas olmadan iddianı qismən təmin edərək, qəzeti  50 min manat cərimələtmişdi. Həmin məhkəmə prosesində “Xural” qəzetinin bir nümayəndəsi belə iştirak etməyib. Məhkəmə materiallarına əlavə olunmuş sənəddə isə bildirilir ki, guya S.Quliyeva 23 yanvar 2012-ci ildə “Xural” qəzetinə və qəzetin baş redaktoru Ə.Zeynallıya bu haqda məlumat və bildiriş göndərsə də, onlar məhkəmədə iştirak etməyiblər. Halbuki həmin vaxt Ə.Zeynallı BİT-də həbsdə saxlanılıb və məhkəmə haqqında ona heç bir bildiriş göndərilməyib. Bu qədər saxtakarlıqdan sonra, işə baxan Apellyasiya Məhkəməsinin hakimi İlham Əsədova vəkil Elçin Sadıqovun “Baltika-Bakı” MMC –nin cinayət xarakterli istehsal prosesilə əlaqədar təqdim etdiyi video-dəlillərə o, “Siz bu videonu icazəsiz əldə etdiyiniz üçün məhkəmə tərəfindən fakt hesab edilə bilməz” deyərək, əhəmiyyət verməyib. Bundan başqa da İlham Əsədov “Xural” qəzetinin məhkəməyə sübut kimi təqdim etdiyi digər sübutları nəzərə almadan, hətta Ə.Zeynallının məhkəmədə iştirakını təmin etmədən, bununla da “çəkişmə prinsipləri”ni pozaraq, qasnunsuz qərar çıxarmış, sonradan Ali Məhkəmə həmin qərarı ləğv etmişdi.

2012-ci il dekabrın 21-də işə baxan Ali Məhkəmənin Mülki Kollegiyası işin hallarına baxarkən müəyyənləşdirib ki, vəkil E.Sadığov məqalənin dərc olunduğu “Xural” qəzetinin baş redaktoru olan Əvəz Zeynallının iş üzrə həqiqətin aşkar olunması üçün dindirilməsinin zəruri olduğunu və bu səbəbdən də işə Ə.Zeynallının iştirakı təmin olunmaqla baxılmasını xahiş etsə də, hakim İ.Əsədov vəkilin vəsatətini təmin etməyib. Bununla da apellyasiya məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı, MPM-nin 9, 47-ci maddələrinin tələblərini pozub”. İş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilib və ötən proses zamanı edilən qanunsuzluqların bir daha təkrarlanmaması tövsiv olunub. Lakin bu dəfə də hakim Toğrul Əliyev Ə.Zeynallının məhkəmədə iştirakını təmin etsə də, hakim İ.Əsədovun çixardığı qərarı qüvvədə saxlayaraq, bir daha siyasi sifariş həyata keçirdiklərini sübut edib.

Əlavə məlumat üçün bildirək ki, əvvəlki proseslərdə hakim Toğrul Əliyev ötən məhkəmə prosesində işin mahiyyətindən yayınaraq,  israrla Ə.Zeynallının məhkəməyə gətirilməməsi üçün təpkilər vermişdi. Buna cavab olaraq, “əgər siz də sifarişlə qərar çıxaracaqsınızsa, biz prosesdə iştirak etməyək” kimi etirazlara T.Əliyev, “bura kontor deyil ki, sifarişlə qərar çıxaraq” demişdi.

Qısamüddətli məhkəmə prosesi zamanı hakimlərdən biri cəmi bir iclasdan sonra növbəti iclasa gəlməyib və T.Əliyev bunu onun məzuniyyətə çıxması ilə əlaqələndirərək, yerinə hakim Nürəddin Mustafayevin təyin olunduğunu elan edib. Lakin Ə.Zeynallının məhkəmədəki 5 dəqiqəlik çıxışından sonra N.Mustafayev israrla onu haqsız çıxarmağa çalışıb, buna nail olmadıqda isə, heç bir əsas göstərmədən özü özünə etiraz edib.

QEYD: 2011-ci ilin avqust ayında “Xural” qəzeti “Xırdalan pivə” kimi tanınan “Baltika-Bakı” MMC-nın həddindən artıq keyfiyyətsiz  pivə  istehsal etməsindən, MMC-nin rəhbəri Adam Tlexurayın 20 Yanvar şəhidlərinə qarşı işçilərin gözü qarşısında etdiyi hörmətsizliklər haqqında yazmışdı. Həmin məqalələrdə qeyd olunurdu ki, zavoda böyük həcmdə “vozvrat pivə” daxil olub və bu pivələrin istehsal prosesi texniki qaydalara riayət olunmadan həyata keçirilib.  Bu haqda məlumatı XuralTAC-a verən mənbənin sözlərinə görə, baş ofisi Sankt-Peterburqda yerləşən şirkət bu məqsədlə Bakıya yoxlama göndərib. Yoxlama zamanı  məlum olub ki, zavod keyfiyyətsiz pivə istehsal etməklə şirkətin adına xələl gətirib. Mənbə onu da bildirib ki,  “Davamlı olaraq keyfiyyətsiz pivələr üstümüzə qayıdır. Nə ucu var, nə bucağı. Zavod rəhbərliyi bu “problemin” asan yolunu tapıb. Gələn pivələri pivəbişirmə sexlərinə töküb, yenidən bazara qaytarır. Mənbə keyfiyyətsiz pivələri tanımağın elə də çətin olmadığını söyləmişdi – Pivənin rəngi ağarır və şüşələrin dibində ciddi çöküntü meydana gəlir. Vəkil E.Sadığov “Xural” qəzetinin redaksiyaya daxil olan şikayət ərizəsi əsasında material dərc etdiyini də məhkəmə heyətinin diqqətinə çatdırmışdı:  “Mən hesab edirəm ki, jurnalist əgər öz peşəsini layiqincə, fakt və sənədlərə əsaslanaraq yerinə yetirirsə, o zaman kimliyindən asılı olmayaraq onun haqqında lazımi materiaları yaza və yaya bilər. Bu məsələdə də “Xural” qəzetinin redaksiyasına kifayət qədər fakt və dəlillər daxil olub və bunların əsasında yazılan məqalələrin heç birində Adam Tlexurayın şərəf və ləyaqətinə toxunacaq bir cümlə belə işlənilməyib. “Xural” qəzeti “Baltika-Bakı” MMC-nin “Xırdalan Pivə”ləri adı altında tərkibində mikrob tapılan pivələrin təkrar istehsal üçün çənlərə töküldüyü haqda məlumat yayıb ki, növbəti məhkəmə prosesində biz bu görüntüləri məhkəməyə təqdim edəcəyik. Adam Tlexuraya gəlincə, o “Baltika-Bakı” MMC-nin Sank-Peterburqda yerləşən Mərkəzi İdarəsi tərəfindən dəfələrlə yoxlamalara məruz qalıb və işində buraxdığı ciddi nöqsanlara görə (?!) Bakıda tutduğu vəzifəsindən kənarlaşdırılıb”.

 “Bakı-Baltika”nın “Xırdalan” pivələri insan üçün təhlükəli olaraq qalır!!!

“Xural” qəzeti “Baltika-Bakı” MMC ilə bağlı hazırladığı məqalələrin tam həqiqətə söykəndiyini və bu zavodun istehsal etdiyi məhsulların insan orqanizmi üçün təhlükəli olması haqda ciddi xəbərdarlıq edir. Qəzet bu istiqamətdə mübarizəsini sonadək – günahsız və heç nədən xəbəri olmayan insanları zəhərləyən cinayətkarların cəzalandırılacağı günədək davam etdirmək niyyətindədir.

 “Xırdalan Pivə” nin – “Baltıka-Bakı” MMC-nin nə cür məhsul istehsal etməsilə bağlı əldə etdiyi faktlarla bu linkdən tanış ola bilərsiniz:

 http://www.youtube.com/watch?feature=player_embedded&v=iamVA-qbzK0

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button