
Əvəz Zeynallı həqiqətləri – VIII HİSSƏ
Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi İFADƏ-nin ictimai əhəmiyyətini nəzərə alaraq, onu olduğu kimi Oxucularımızın ixtiyarına veririk. 10 Hissədən ibarət olan ifadə ilə tanış olduqdan sonra, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının timsalında Azərbaycan müstəqil mətbuatının susdurulması üçün yüksək çinli məmurların hansı cinayətlərə əl atması açıq-aşkar görünür.
VIII HİSSƏ
Belə olub, kim nə ilə mübarizə aparıbsa, onunla şərlənib tutulub. Bu hakimiyyətin xislətidir. Onlar mərdi-mərdanə mübarizə aparmırlar. Bu, dövlət siyasətidir. Hamını ləkələmək, hamını şərləmək iqtidarın əsas məqsədidir. Görünür, başqa şeylə məni həbs edə bilməyəndə – ən çox vuruşduğum, ən çox döyüşdüyüm nəsnə ilə həbs etməyə qərar veriblər. Məxsusən Ə.Həsənovun bütünlüklə rüşvət və korrupsiyaya bulaşdığını iddia edirdim, onun KİVDF vasitəsilə öz qəzetlərinə 100 minlərlə manatı necə ayırdığını, dövlət nəşriyyatı olan “Azərbaycan” nəşriyyatını necə hissə-hissə ələ keçirdiyini, keçmiş Beynəlxalq Mətbuat Mərkəzinin binasını necə mənimsədiyini yalnız “Xural” yazır, yalnız “Xural” araşdırırdı. Rüşvət təklif edirdi, rədd edirdik. Görünür, Ə.Həsənov məni məhz özünün məşğul olduğu işlə ittiham etməklə həm də qisas almağı düşünüb.
Səbəblərdən biri:
Türk milliyyətçiliyi…
Mən həm də bir türk milliyyətçisiyəm. Azərbaycanda yaşayan bütün millətləri: yəhudiləri, talışları, ləzgiləri, tatları, udinləri, rusları, gürcüləri və digərlərini Azərbaycan dövlətinin baştacı bilirəm və onları türk millətinin – Azərbaycan türklərinin qardaşı bilirəm. Ancaq bir həqiqəti də həmişə dərk etmişəm və bu istiqamətdə mübarizə aparmışam ki, Azərbaycan Türklərindir! Bəli, “Xural” qəzeti Türkçülüyün ən böyük dayaqlarından biri olub, bizi Türk millətinin qəzeti biliblər və bu, həqiqətən belə olub.
“Xural” ümummilli layihələrin müəllifi olub. 30 İyun – Sevgililər Günü kimi böyük günü Azərbaycana və bütün Türk Dünyasına “Xural” qəzeti qazandırıb. “Bayraq Günü”nün, “Atalar Günü”nün də layihə müəllifi bizlərik. Bu, təbii ki, Azərbaycanı idarə edən, mahiyyətcə anti-turk, anti-milli bir dəstəni məmnun etmir və bu dəstənin mətbuatdakı dili Ə.Həsənovdur. Zatən R.Mehdiyevin və onun komandasının Türk millətinə düşmənçiliyinin səbəbləri haqqında mətbuatda yüzlərlə yazı gedib. Və… cənab R.Mehdiyevin bizi məhkəməyə verdiyi o məşhur yazıda da söhbət onun anti-türk mahiyyyətindən və türk düşmənçiliyindən gedirdi.
Türk millətinin və türk milli maraqlarının qəzeti kimi “Xural” və məni yəhudilər bir kitaba görə məhkəməyə verdilər. Bizi İrina Danielyan kimi bir erməni də məhkəməyə verdi!
Mən saxta soyqırım günü – 25 apreldə erməni tərəfindən məhkəməyə çəkilən bəlkə də ilk Azərbaycan redaktoru və qəzetiyəm! Hələ onu demirəm ki, Bakıdakı ermənilərin başımıza açdığı oyunları araşdırarkən R.Mehdiyevin ailə üzvlərinə yaxın olan bəzi vətəndaşlarımızın əməlləri bizə məlum olurdu ki, dəhşətə gəlirdik. Aparat rəhbərinin yaxın qohumlarından biri indi də yüksək dövlət vəzifəsindədir – Levon Yuryeviç Qurskaya!
Bəli, əsas səbəblərdən biri də Türk miliyyətçiliyi məsələsi idi.
Hədəfdə Qərbi azərbaycanlılardır
Bu hakimiyyət hər zaman regional müstəvidə mübarizə aparıb – qarabağlıları qarabağlıların, naxçıvanlıları naxçıvanlıların, qərbi azərbaycanlıları da qərbi azərbaycanlıların əli ilə sıradan çıxarmağa çalışıb. İşgəncə verənlər də elə onlar özləri olub.
Mənim işimdə də elə belədir. 311.3.2-ci maddəsində üzümə duran 8 nəfərdən 5-i (M.Həsənli, V.Məmmədov, S.Tarverdiyev, H.Əzizoğlu, A.Heydərov) qərbi azərbaycanlıdır. G.Əhmədovanın da əri qərbi azərbaycanlıdır. Gülərin yalançı şahidi olan T.Rüstəmxanlı da qərbi azərbaycanlıdır. Məhkəmə prosesi zamanı aydın oldu ki, Nərimanov icra məmurlarından 3-ü də qərbi azərbaycanlıdır. Yəni 311-ci maddə üzrə üzümə duran 13 nəfərdən 9 nəfəri qərbi azərbaycanlıdır. Əsas üzəduranın isə həyat yoldaşı oradandır. Bununla hakimiyyət insanı mümkün sosial bazadan uzaqlaşdırmağı hədəfləyir. G.Əhmədova bu fikrini 02.07.2012-ci ildə keçirilən məhkəmə iclasında belə ifadə etmişdi: “Səni öz həmyerlilərin də müdafiə etmir. Onlardan da yazmısan”. Bunlara elə gəlir ki, həmyerlini adamın üzünə qoydunsa, hər şey bitdi. Üzümə duran Qərbi azərbaycanlıların biri, “İrəvan Mühacir Hökuməti”nin prezidenti, biri də “Azəri-Türk Qadınlar Cəmiyyəti”nin sədridir. İndi görün bunların mühacirdə olan “prezidentləri” və türk milliyyətçiləri də adamın üzünə dururlarsa, o zaman bu ölkənin durumuna bax.
T.Rüstəmxanlı da özünü dişi qurd – Asena hesab edir…
Bir hissəsini üzünə qoyurlar, bayırda olanlara da müdafiə etməyi qadağan edirlər, vəssalam. Bu da oldu dövlət siyasəti. Anlaşılan məni həbs etmək üçün əməlli-başlı iş gedib və hərtərəfli plan qurulub. Həm yaxınlarımı işdən çıxarmaq, həm bəzi həmkəndlilərimi üzümə qoymaq, eyni zamanda Qərbi Azərbaycanın bəzi tanınmış insanlarından istifadə etmək, mənim müdafiəm və adımla bağlı mətbu nəşrlərin dərc olunmasını qadağan etmək, məni aktiv müdafiə edən həmkarlarımı təhdid etmək, qorxutmaq, bəzilərini maddi vədlər qarşılığında öz səfinə çəkmək bu planın tərkib hissəsi olub…
R.Mehdiyevin Qərbi azərbaycanlılara yönəlik siyasəti çoxdan var. H.Əliyev ölən kimi bu sahədə aktiv çalışan R.Mehdiyev bir gecədə əldəqayırma 40 təşkilat yaratmış və bölgənin birlik və bərabərliyini pozmuşdu. Bu, təkcə Qərbi Azərbaycandan gələnlərə aid deyildi. 2003-cü ildə həbs olunan İqbal Ağazadəni döyən və ona işgəncə verən qarabağlılar idisə, Sərdar Cəlaloğluna qarşı ağlagəlməz vəhşiliyi edənlər naxçıvanlılar idi. Elə bu siyasət idi ki, Əli İnsanovun da üzünə qərbi azərbaycanlıları qoymuşdular. Yada salmaq çətin deyil ki, Ayaz Mütəllibovu da daha çox bakılılar və şirvanlılar söyürdülər.
Təbii ki, mən hakimiyyətin bu anti-milli və anti-insani dəyirmanından kənarda qala bilməzdim və… elə bu “dəyirman”ın çirkinliklərini də topluma elan etməklə məşğul idim.
Bir lətifə
Məşhur bir lətifə var. Bir erməni əsilli xanım və 6 ermənistanlı bir araya gəlirlər ki, gəlin Əvəz Zeynallını şərləyək. Ermənistanlılardan biri (burada Aydın Heydərov) qayıdır ki, niyə şərləməyək ki, 400 dollar vermişəm, 500 də istəyir…
Təəssüf ki, ən ülvi duyğuları və ən ali hissləri də beləcə, öz xırda maraqlarına qurban verirlər və beləcə, elə ölkəni də bir-birinin üzünə qoyub boşaldırlar. 1.000.000 adam bunlara bəsdir.
Gülər Əhmədovanın bütün ömrü:
Onu-bunu – hamını şantaj etməkdir!
G.Əhmədova bütün şüurlu ömrünü şantajla məşğul olub. Güman ki, elə bu xüsusiyyətinə görə də onu Milli Məclisə deputat təyin ediblər. Mən onun bəzi şantajları haqda məlumatlı idim və bu haqda da yazmışdım. G.Əhmədova 2010-cu il parlament seçkilərində ATV-nin bir jurnalistinin başına tapança dirəyib, onun haqqında dərc olunan informasiyanın mənbəyini öyrənmişdi. Eyni üsulla digər bir jurnalistə hədə-qorxu gəlmiş və onun saytından istədiyi informasiyanı çıxartdırmışdı. Həmin G.Əhmədova 2005-ci ildə başqa bir jurnalistin səsini yazmış və onu şantaj etmişdi.
Həmin G.Əhmədova 2011-ci ildə – mənim həbsim öncəsi təsisçisi olduğu “Mərkəz” qəzetinin bütün kollektivini işdən çıxarmış və onların maaş-qonorarını ödəməmişdi. O zamanın qovğalarında qorxduğu həm də o idi ki, mən – mənimlə görüşən kollektivə onların hüquqlarını sonuna qədər müdafiə edəcəyini demişdim.
Həmin G.Əhmədova bu cinayət işinin açılmasına səbəb olan ərizə və ifadələrində “Mərkəz”in keçmiş baş redaktoru Nigar Almanqızını şantaj edib. Onu qorxudub, ölkədən çıxmasına səbəb olub. Onun xəstə atasını, anasını qorxudub, onların evinin yanında silahlı adamlar yerləşdirib, onlara hədə-qorxu gəlib. Nigarın qardaşını işdən çıxartdırıb və onu təqib edib. G.Əhmədova N.Almanqızı haqqında MTN-ə, DİN-ə müraciət edib və “digər” yollardan da istifadə etməyə çəkinməyib. Amma istintaq nədənsə, N.Almanqızını yaddan çıxarıb, onu dindirməyib.
Rahim Qazıyevi Moskvadakı otağından, Sürət Hüseynovu Tuladakı bir kənddən tapıb gətirən Azərbaycan dövləti N.Almanqızını tapıb dindirməyib. Deputat isə bütün ifadələrində Nigar Almanqızını əsas fiqur kimi göstərir. Hətta 02.07.2012-ci oldə məhkəmədə verdiyi ifadədə bütün günahı onun üzərinə yıxır. Bəs, necə olur ki, istintaq Nigar məsələsinin üzərindən sakit keçib, onu şahid qismində işə cəlb etməyib, istintaq işində onun adı belə keçməyib? Bu boyda hadisə baş verir, G.Əhmədova ifadəsində Nigarın bankdan borcunu sildirdiyini, Nigarın haqqında hansısa məhkəmə qərarını pozdurduğunu bəyan edir. İstintaq niyə N.Almanqızını tapmayıb və ya Gülərdən soruşmayıb ki, sən məhkəmə qərarını necə pozdura bilərsən? Belə çıxır ki, bu ölkədə deputatlar məhkəmə qərarlarına təsir göstərə, hətta onu ləğv də etdirə bilərlər?
İstintaq N.Almanqızının rəyini almasa da, o, bu hadisələrdən sonra ilk dəfə “xural.org”a münasibət bildirib. 29.07.2012-ci ildə N.Almanqızı beləcə də yazıb:
“Salam. Hər seydən öncə Əvəz qardaşımın Azadlığa çıxacağına adım kimi əminəm. Günlərdir olanları səbirlə izləyirəm. Gülərin haqqımda danışdıqlarını qəhqəhələr çəkərək oxuyuram. Cavab verməməyimin tək səbəbi, onun rahatca haqqımda irəli-geri danışmasına şərait yaratmaq idi. Danışdı da… Hələ də davam edir. Bütün bunlara birər-birər cavab verəcəm. Artıq Mehriban Əliyeva və İlham Əliyevə göndərdiyim məktublarda bütün ittihamlara cavab vermişəm. Və seçkiyə bir neçə gün qalmış, ölkənin bir neçə qəzetçisinin gözü qarşısında, “Dom Sovet”in binasında haqqını arayan iş adamının başına gətirilənlər isə mənim gözlərim qarşısında baş verdi. Bundan başqa, “Mərkəz” qəzetinə ayrılan maliyyənin ötən il durdurulması və maliyyə verən şəxslə bağlı Gülərin mənə anlatdığı nostalji anlarını. Bir sözlə, çox şey haqqında danışacağıq. Sadəcə, bu arvadın sonuna qədər danışmasını istədim.
=Sitatın sonu=
XuralTAC



