
Əvəz Zeynallı həqiqətləri – VII HİSSƏ
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi İFADƏ-nin ictimai əhəmiyyətini nəzərə alaraq, onu olduğu kimi Oxucularımızın ixtiyarına veririk. 10 Hissədən ibarət olan ifadə ilə tanış olduqdan sonra, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının timsalında Azərbaycan müstəqil mətbuatının susdurulması üçün yüksək çinli məmurların hansı cinayətlərə əl atması açıq-aşkar görünür.
VII HİSSƏ
Mən rüşvət ala bilərəmmi?
Bu qədər yalan və qanunsuzluq üzərində qurulan istintaq belə boynuma yüklədiyi 311-ci maddənin altında qalıb. Bu qədər saxta və siyasi motivlərlə qurulmasına baxmayaraq, şahid qismində dindirilən adamların biri də mənə rüşvət verdiyini söyləmir. Heç kim mənə rüşvət verməyibsə, o zaman bu maddə haradan, kimin cibindən çıxıb. Hətta zorla, müxtəlif hədə-qorxularla, müxtəlif vədlərlə üzümə durdurulan şahidlər mənə rüşvət vermədiklərini bildirirlərsə, bəs 7 ay nəyin istintaqı aparılıb? O insanlar niyə zorla bu oyuna qoşulub? Mənə heç kim rüşvət verməyibsə, mən necə rüşvət ala bilərəm?
311-ci maddə “XI Bölmə”-də yer alıb. XI bölmə “dövlət hakimiyyəti əleyhinə olan cinayətlər” adlanır. Bu bölümün 33-cü fəsli isə belə adlanır: “Korrupsiya cinayətləri və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi əleyhinə olan cinayətlər”.
Aydınca görünür ki, istintaq siyasi sifarişi yerinə yetirmək üçün məni Azərbaycan oliqarxlarının yerinə qoyub, ya da yerimizi qarışdırıb. CM-in 311-ci maddəsinin mənə heç bir dəxli yoxdur və bu maddənin KİV işçiləri ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. 2009-cu ildə “Zərdabi” nəşriyyatı tərəfindən dərc olunan və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 677 saylı əmri ilə “hüquqşunaslıq” ixtisası üzrə təhsil alan ali məktəb tələbələri üçün nəzərdə tutulan “Cinayət hüququ” kitabının “xüsusi hissə”sində deyilir: “Yalnız normal fəaliyyət göstərən dövlət orqanları cəmiyyətin iqtisadi çiçəklənməsini, onun üzvlərinin hüquq və azadlıqlarını təmin edə bilər. Ona görə də dövlət aparatının və yerli özünüidarə orqanlarının fəaliyyətinin həmin aparatın öz əməkdaşları tərəfindən törədilən qəsdlərdən mühafizə edilməsi mühim əhəmiyyət kəsb edir.”
AR 1999-cu il CM-in “korrupsiya cinayətləri və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, yerli özünü idarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi əleyhinə olan cinayətlər” adlanan 33-cü fəslinin normalarında nəzərdə tutulan cinayətlər aşağıdakı ümumi əlamətlərə malikdir:
a) Onlar xüsusi subyekt – vəzifəli şəxs (əksər cinayətlər) və ya dövlət qulluqçusu və yerli özünüidarə orqanının qulluqçusu tərəfindən törədilə bilər.
Nəzərdən keçirilən cinayətlər AR dövlət orqanlarında (mərkəzdə və yerlərdə), yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxslər tərəfindən törədilə bilər.
Mərkəzi dövlət orqanlarına aiddir: Prezident Aparatı, Milli Məclis, Nazirlər Kabineti (nazirliklər və idarələr), Konstitusiya Məhkəməsi, ümumi səlahiyyətli məhkəmələr, iqtisad məhkəmələri, prokurorluq, Xüsusi Dövlət Mühafizə Xidməti, dövlət notariatları, Azərbaycan Milli Bankı, dövlət xəzinədarlığı, vergi orqanları, gömrük orqanları və s. Müəssisələrdən fərqli olaraq dövlət orqanları hakimiyyət funksiyalarına malikdir.
Yerli dövlət orqanlarına yerli icra hakimiyyəti orqanları və s. aiddir.
Mülki qanunvericiliyə görə, dövlət və bələdiyyə müəssisələrinə idarəetmə sosial, mədəni və ya digər kommersiya və qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaradılan və dövlət büdcəsindən və ya bələdiyyə büdcəsindən tam və ya qismən maliyyələşdirilən təşkilatlar aiddir.
Kommersiya təşkilatı dedikdə, qanuna müvafiq yaradılan və ictimai – tələbatın ödənilməsi və mənfəət alınması məqsədi ilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektləri başa düşülür. Kommersiya təşkilatlarına təsərrüfat ortaqlıqları və cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyət və s. daxildir.
Qeyri-kommersiya təşkilatı dedikdə, təsis sənətlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş fiziki və (və ya) hüquqi şəxslərin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarə edən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən təşkilat başa düşülür. Qeyri-kommersiya təşkilatlarına ictimai birliklər, fondlar və s. aiddir”.
=Sitatın sonu=
Nə “Xural” qəzeti qanunda göstərilən dövlət təşkilatlarından, kommersiya və qeyri- kommersiya qurumlarından biridir, nə də mən dövlət məmuru deyiləm. Mən KİV-əm və KİV haqqında qanun mənim fəaliyyətimi tənzimləyir. Mən heç bir halda rüşvət ala bilmərəm.
Mən hüquqi şəxs də deyiləm. Mən fiziki şəxsəm və fərdi sahibkaram. Üzəduranlar belə mənə rüşvət vermədiklərini deyirlər. Mən zatən rüşvət ala bilmərəm.O zaman baş verənlərin adı nədir? Şər! Şər!! Şər!!!
Rüşvət təklif edənlər
CM-in 33-cü fəsli mənə aid deyil və ola da bilməz. 33-cü fəslin əhatə dairəsinə daxil olmaq üçün mütləq dövlət məmuru olmaq lazımdır. Mətbuatın fəaliyyətini KİV haqqında qanun tənzimləyir və CM-in 147 və 148-ci maddəsinə görə, cinayətin baş verib-baş vermədiyi müəyyənləşir.
Amma G.Əhmədova özü də etiraf edir ki, haqqında hansısa yazıları yazmamaq üçün mənim redaksiyama gəlib, mənə rüşvət təklif edib. Amma mən onun bu çirkin təkliflərini qəbul etməmişəm. Onun məqsədini anladıqdan sonra ondan qaçmışam, onun telefonlarını götürməmişəm. O, məcbur olub mənim yanıma müxtəlif adamlar göndərib, müxtəlif adamlara zəng etdirib. Nə o adamlarla görüşmüşəm, nə də o adamların zənglərini qəbul etməmişəm. Təkcə G.Əhmədova yox, bir çox dövlət məmurları mənə hansısa yazıları yazmamağım müqabilində nəsə təklif ediblər. Əgər onların təklif etdikləri rüşvətdirsə, o zaman rüşvət təklif edənlərin başında Ə.Həsənov və onun qudası Səttar Mehbalıyev gəlir. Onlar qudadırlar. Ə.Həsənovun qızını Səttar Mehbalıyevin oğlu alıb. Xoşbəxt olsunlar, ona sözüm yox.
Fikrət Məmmədovun oğlu
S.Mehbalıyevin oğlu İsfəndiyar Mehbalıyev Ədliyyə naziri Fikrət Məmmədovun oğlunun çənəsini vurub qırmışdı. Bu hadisə o zaman böyük rezonans doğurdu. Hətta Bakı şəhər prokurorunu bu hadisəyə görə işdən çıxardılar. Məsələ mərhum prezident Heydər Əliyevə qədər gedib çıxdı və İ.Mehbalıyevi hüquq-mühafizə orqanlarından xaric etdilər. S.Mehbalıyevin oğlu o zaman Nərimanov rayon prokurorunun köməkçisi işləyirdi.
Aradan bir neçə il keçdi və Heydər Əliyev dünyasını dəyişdi. Eyni zamanda İ.Mehbalıyev Ə.Həsənovun kürəkəni oldu. Kürəkən olan kimi olanlar unuduldu və Ə.Həsənovun kürəkəni R.Mehdiyevin və onu qüdrətli generalı Ramil Usubovun sayəsində yenidən polis orqanlarına qaytarıldı. İsfəndiyarın qırdığı çənə bir yana buraxıldı və ən azı xuliqanlıq maddəsi ilə həbs olunmalı olan bu “papasının” və “qayınatası”nın gül balası və gül kürəkəni 34-cü polis bölməsinin rəisi təyin olundu.”Xural” bu faktı araşdırdı.
”Xural”ın bu araşdırmasından narahat olan Ə.Həsənov ən yaxın adamlarını ”Xural”a göndərdi.
Mənə ciddi vədlər verildi, ancaq mən qarşı tərəfə “cavab haqqı” tanıya biləcəyimi dedim və Ə.Həsənovun göndərdiyi adamı geri qaytardım. Bundan sonra İsfəndiyar Mehbalıyevin atası S.Mehbalıyev öz birinci müavinini yanıma göndərdi. Eyni qaydada onlara “cavab haqları”nın olduğunu dedim və onlar da kor-peşman qayıtdılar. Mən Ə.Həsənovun və S.Mehbalıyevin ard-arda gələn rüşvət təkliflərini qəbul etmədim. Hətta Səttar Mehbalıyevin əl telefonunu, birbaşa otaq telefonunu verdilər və onun görüşmək təklifini dedilər. Qəbul etmədim. İndi mənə məlum olur ki, Ə.Həsənov bu planı öz qudası ilə də etməyi düşünübmüş. Bütün bu hadisələr son bir ildə – R.Mehdiyevin məhkəmə şousundan sonra baş verib.
Ə.Həsənovun Sabunçu rayon icra hakimiyyətində bir qardaşı var. Memardır. Adı İsadır. İsa Həsənov hamının gözlərinin qarşısında rüşvət yığır və bunu gizlətməyə ehtiyac da görmür. Pul verməyənin evini başına uçurur. ”Xural”a məlumat daxil oldu və mən hətta ərazinin deputatı Fazil Mustafadan məsələyə yardımçı olmasını xahiş etdim. F.Mustafa dedi ki, İsa heç Ə.Həsənovu da dinləmir. Bundan bir gün sonra İ.Həsənovun adamları gəlib həmin evi sökdülər və beləcə də dedilər: “Bizim pul istəməyimizi Ə.Zeynallıya şikayət edibsiniz. Qoy Ə.Zeynallı gəlib sizin evinizi tiksin”. Onlar bilmirdilər ki, dağıtdıqları ev mənim doğmaca bacımın evidir. Bacımgilin 3.000 manat rüşvət verməyə nə imkanları, nə də həvəsləri yox idi.
Sabunçu rayonunun pul yığanı, rüşvət torbasını İ.Həsənovun adından toplayanı isə Ə.Həsənovun doğmaca bacısı oğlu idi. Bəli, bəli!…
Ə.Həsənov bu məqamda da adamını göndərdi. Mənə yenə rüşvət təklif elədi. Qəbul etmədim.Yaxınlarının rüşvətdən əl çəkməsini tələb etdim. Bu qədər də olmaz ki… Kim bilmir ki?
Rüşvəti necə alırlar?
Əli Həsənovun qardaşı, adamları kimi…
Gülər kimi… Gülərin rüşvət tələbi və Elşad Abdullayevdən 2.000.000 dollar alması klassik hüquq kitablarına düşəsi olaydır. Bəli, rüşvəti elə alarlar. Yanında vasitəçilərini götürüb, adamın iş yerinə gedər, “razborka” aparar, “mən alıram,əcəb edirəm” deyər, bağırda- bağırda adamı şantaj edər və istədiyi pulu alar. Çünki arxasında R.Mehdiyev var. Çünki pulu R.Mehdiyev üçün alır. Çünki bunlar prezidentin masasına gedən siyahıları belə tərtib edəcək və dəyişdirəcək gücdədir. Bunlar həbs olunacaq insanların da siyahılarını prezidentin masasının üzərinə qoyurlar.
Mən rüşvətə düşmən oldum!
Mən ziyalı ailəsində doğulmuşam, tərbiyə almışam, böyümüşəm. Mənim atam ömrü boyu heç kimə bir manat rüşvət verməyib. Hələ SSRİ-nin zamanında mən onu – Atamı döyüşən, vuruşan, mübarizə aparan görmüşəm. Mən bütün ömrümdə və həyatımda qazandığım ali olan nə varsa Atama – Tapdıq müəllimə borcluyam. Onun döyüşkənliyini, əzmkarlığını, mübarizliyini miras götürmüşəm. Orta məktəbdə də, hərbi xidmətdə də, Türkiyədə təhsil aldığım illərdə də elə olmuşam. Dünyanın o başından – Vladivostokdan bu başına – Aralıq dənizinə, Kipr adasına qədər hər yeri dolaşmışam və Anamın dediyi kimi bir ayım, bir ilim normal ötüşməyib : “Mənim bələyim də odla bələnib”.
2005-ci ildə İlham Əliyevin “dəyişiklik gətirəcək” rüzgarına inanıb, deputatlığa namizədliyimi vermişəm və təbii ki, dərhal da anlamışam ki, İlham Əliyevin islahat aparacağına səhv edib inanmışam. Mən bəlkə də ilk namizəd idim ki, deputatlıq platformasına rüşvət və korrupsiyaya qarşı mübarizə edəcəyimi salmışdım. Mən rüşvət və korrupsiyaya hər zaman düşmən oldum, bu, həm də mənim qanımdadır.
Bütün ali ideallarla yaşadığım illərdə də belə düşündüm. Azərbaycanın 3 prezidentinin 3-ü ilə də görüşdüm. Türkiyənin prezidentləri ilə görüşdüm, Türkiyədə “Böyük Gələcək” jurnalı çıxardım. Dünya bizim qurduğumuz təşkilatlardan, Ankarada təşkil etdiyimiz toplantılardan danışdı. Biz Azərbaycanı bir dünya dövləti etmək üçün oxuduq, yetişdik, tərbiyə aldıq – Azərbaycanda nə gördük. Ən ağır, məşəqqətli əzilmə, Ə.Həsənovun qara başının məhsulu olan “qara siyahı”lar… Dünyanı və Azərbaycanı dəyişdirmək istəyənləri bunlar hər zaman beləcə şərlədilər.
İfadəmi hazırlayanda həbsxanadakı arxivimdən “Xural”ın il: 6, sayı: 33(297), 14-20 sentyabr 2008-ci il tarixli nüsxəsi rastıma çıxdı. Orada bir yazım dərc olunub: “Selcanın məmləkəti-2”.
“Selcanın məmləkəti-2”də yazılır:
“Rüşvət və korrupsiya ölkəmizi başına götürüb. Dövlətin bütün əsaslarını sarsıdan, çürüdən və sıradan çıxaran bu nəsnəni sən hələ tam dərk etmirsən. Mən çalışıram, çalışacağam ki, sən bu anlayışla mümkün qədər gec tanış olasan. Rüşvətə sarılan ölkə məhvə məhkumdur, rüşvət bir ölkəni içindən yeyən, onun gəncliyini, mənəviyyatını parçalayan ən əsas amildir. Məsələn, gözlərinin qarşısında bizim bəzi problemlərdə qarşılaşdığımız çətinliklərin hamısı rüşvətdən doğur”.
Yazının sonunu isə bu cür bitirirəm:
“Yalan danışmaq olmaz!
Əyri işlərə qol qoymaq olmaz!
Rüşvətlə tanış olmaq olmaz!
Müəllimlərə hörmətsiz davranmaq olmaz!
Bu, həm sənə, həm Beyrəyə, həm Siraca, həm Turala, həm Banuçiçəyə, həm də mənə aiddir, mənim balam !!!”
=Sitatın sonu=
XuralTAC



