
ZƏLİMXAN MƏMMƏDLİ NAXÇIVAN SƏFƏRİ HAQQINDA YAZDI
Bir niyyətim var idi...

Səfərin hədəfi
Bir niyyətim var idi. Bəyin 88-ci doğum ilində, 24 iyun Türklük günündə Kələkini və böyük ümidlə Xəlil yurdunu ziyarət edim. Əbülfəz Elçibəy Xəlil yurdunda anadan olub. Eyni zamanda Naxçıvanın tarixi abidələrini ziyarət edim, insanların ovqatı ilə maraqlanım, “Turan dəhlizi” keçən məkan gözəl olmalıdır, axı.
23 iyun sərbəst günüm idi. Heç kimə əziyyət verməmək qərarına gəldim. Əli Mürsəloğlu, tələbə dostum Cabbar, Əli dəstək üçün təkid etsələr də, azad şəkildə Naxçıvanı öyrənmək qərarını verdim. Kirayə bir avtomobil götürdüm. Öz əlim, öz başım!
İLK POZİTİV TƏƏSSÜRATIM

1994, 1996-cı illərdə Kələkidə Əbülfəz Elçibəyi ziyarət etmiş, bətta insanlara tibbi xidmət də göstərmişdim. Ovaxtkı Naxçıvanın bütün sahələrdə problemləri ifrat həddə mövcud idi. İlk təəssürat yoldan başladı. Təyyarədəki səliqə-sahman əski vaxtlarda olan xaosu silib aparmışdı. Naxçıvan hava alanında səliqə-sahman ovqatımı bir az da artırdı. Dostlar qarşıladı. Aeroportda səliqə, təmizlik, operativlik diqqətimi cəlb etdi. Təbriz hotelində yerləşdik.
Sadə insanlarla söhbətlər, ətrafda gördüyüm abadlıq, səliqəlilik, təmişlik, ədəb-ərkan xoş ovqat yaratmağa başladı. Maşınla Naxçıvanın küçələrini, xiyabanlarını gəzdim. Möhtəşəm mənzərələr sıxılmış Bakıdan sonra azadlıq ruhu verirdi. Küçələr təmizdi. Hər addımda kommunal xidmət yeşikləri var. Yerə zibil, siqaret kötüyü, maşından zibilin küçəyə atılması hallarının qeydə alınmaması, parkların möhtəşəmliyi, ideal, tıxacsız şəhər, radarların hər addım gözə girməməsi, insanların qonaqpərvərliyi zövqverici idi. Sanki Avropa şəhərlərindən birində idik. Sevindim, çünki Naxçıvan həm də Türk dünyasını birləşdirən mükəmməl bir körpü olacaq.
ZİYARƏTLƏR

Əlincə qalası
İlk olaraq Naxçıvanın tarixi abidələri, ziyarətgahları haqda dəqiqləşdirmələr apardım. Ziyarət proqramını tərtib etdim. Əlincə qalasını ziyarətdən başladıq.

QEYD: – Əlincə qalasının adının çəkildiyi məlum olan ən qədim mənbə “Kitabi Dədə Qorqud” dastanıdır. Dastanın “Uşun qoca oğlu Segrək boyunu bəyan edər” boyunda Əlincə qalası güclü və etibarlı istehkam kimi təsvir olunur. Bu boyda Əlincə qalasının adı üç dəfə xatırlanır.
Yol boyu yuxarıda qeyd etdiyim mənzərələr hər yerdə hakimdir. Yol tikintisinə aid bütün detallar incəliklə yerinə yetirilib. Yol kənarlarında dekorativ ağaclarla meyvə ağaclarının səliqəli düzülüşü zövq verir. Keçdiyimiz əksər kəndlərdə müasir məktəblər gələcəyə daha inamlı ümid verir.
Əlincə qalasının lap aşağısında qazi Ceyhun Bayramovla tanışlıq xüsusilə maraqlı oldu. Qazi olduğunu duyan kimi qucaqlayıb alnından öpdüm. Çox qürurlu, mərd bir türk kişisi gördüm. Öz zəhməti ilə halal dolanmağa önəm verir. Əxlaqımızın tələbidir. Balaca qutab-çay məkanı var. Öz əlinin zəhməti ilə qurub. Söz verdik ki, ziyatərdən sonra qutab yeyib, çay içəçəyik. Qalanın zirvəsinə çıxmaq üçün 2500-ə yaxın pilləkən qalxmalı olacaqdıq. Qazi oz günlüyünü verdi, dedi oralar çox isti olur. Yol aldıq. Yol yoldaşım Mara xanım idi. Çətin olsa da, zirvəni qət edə bildik. Orada ruhi durumumu təsvir edə bilmirəm. Biz o an möhtəşəm dövlətçilik tariximizə, döyüş tariximizə, mübarizə tariximizə, qəhrəmanlığa və həm də xəyanətlər tarixinə qovuşmuşduq. Gənclərimizə ilk növbədə Azərbaycanı gəzməyi, onun tarixi incilərini öyrənməyi tövsiyə edirəm. Biz zövq aldıq, sizi də bu şansı sınamağa dəvət edirik.
Həmin gün Möminə xatun türbəsini, Hüseyn Cavid abidə-kompleksini, Qədə Qorqud parkını ziyarət edə bildik…
KƏLƏKİ

Yol boyu ürəkaçan mənzərə kifayət qədərdir. Yolun yüksək səviyyədə asfaltlaşması, yol ətrafı infrastrukturlar, hər kəndin müasir məktəbləri, klubları, ambulatoriyaları, səkiləri göz oxşayır. Saat 11 radələri Kələkiyə çatdıq. Bəyin (Əbülfəz Elçibəyin) həyətində qadınlı-kişili qələbəlik idi. Anım tədbiri başlanmışdı. Mirhadi bəy, Seyid, Cocu, Bünyad bəy, əksər məclis üzvləri bizi çox səmimi qarşıladılar. Çıxışçılar Elçibəy şəxsiyyəti, o dönəm baş verən ictimai-siyası proseslər haqqında fikirlərini bölüşürdülər. Mənə də söz verdilər. Çıxışım daha çox mübarizənin fəlsəfəsi, çıxarılacaq dərslər və gələcək hədəflərlə bağlı oldu. Daha sonra Bəyin ev muzeyini ziyarət etdik, simvolik bəylə olan şəkil medalyonu muzeyə hədiyyə etdim. Xatirə dəftərinə fikirlərimi yazdım, şəkil çəkdirdik.
XƏLİL YURDU ZİYARƏTİ

Niyyətimizə uyğun olaraq dostların himayəsi ilə Əli bəy adlı bir eloğlu NİVA ilə bizi Xəlil yurduna aparmağı öz üzərinə götürdü. Unus kəndindən sonra daş-kəsəkli yollarla Xəlil yurdu yaylağına – binə yerinə çatdıq. Bəyin dünyaya gəldiyi odanı ziyarət etdik. Kifayət qədər emosional və ruhani bir durum idi. Ürək sözümüzü dedik, apardığımız Azərbaycan bayrağını da dəyənin üstünə sancıb ziyarətimizi tamamladıq. Geri dönəndə “Qədirdulu bulağı”ndan su içmək də qismətimizdə var imiş.
Mirhadi bəyin evində çay süfrəsində dərdləşib, xüdahafizləşib Naxçıvana yol aldıq.
QEYD: Kələki ruhani bir ocaqdır. İnsanları saf və fədakardırlar. Kələki Azərbaycana Bəyin timsalında bütövlük, Turan, demokratiya idealı ilə zəngin lider bəxş etdiyi üçün xoşbəxt kənddir. Hər bir kənd sakininə, tədbir iştirakçılarına təşəkkür edir, sayğı və sevgilərimizi bildirirəm.
Axşam Naxçıvanı piyada gəzdik. İnsanlar çox səmimi və ümidlidirlər. Turan yolunun açılmasının bölgənin daha da inkişafına təkan verəcəyinə inanırlar. Radarsız və tıxacsız Naxçıvandan məmnundurlar.
ƏSHABİ -KƏHF mağarası

Culfa rayolu ərazisində mağaradır. Kütləvi olaraq insanların ziyarət etdiyinin şahidi olduq. Mağara haqqında müxtəlif rəvayətlər mövcuddur. Mağara Şərqin ən böyük mağaralarından biridir. Onun adı Qurani Kərimin “Əl-Kəhf” surəsində xatırlanır. Mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, buradan insanların sığınacaq kimi istifadə etmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır. Biz də bütün mərhələləri səbrlə ziyarət edə bildik.
ŞEYX FƏZLULLAH NƏİMİNİN TÜRBƏSİ

Orta Şərqdə geniş yayılan hürufilik təriqətinin banisi, filosof, şair və Azərbaycanın mütəfəkkir sufilərindən biridir. İmadəddin Nəsiminin ustadı olub. Əlincə qalasında dini dünyagörüşünə və tabeçilik göstərmədiyi üçün Əmir Teymurun oğlu Miranşah tərəfindən edam edilib. Türbə Əlinca qalasına çatmamış Xanagah ərazisində yerləşir. Ziyarət etdik və qəbri üstündə şəhidlərimizin ruhuna fatihə dedik.
Həmin axşam Duzdağına baş çəkdik və müəyyən müddətdən sonra bu şəfa ocağında dincəlmək niyyətimiz yarandı.
YEKUN
Naxçıvan Azərbaycanın və Türk dünyasının ayrılmaz hissəsi olaraq türk dünyasını birləşdirən körpüdür. Bütün sahələrdə quruculuq işləri, infrastrukturlar, təhsil müəssisələrinin yenilənməsi, abadlıq işləri və ən əsası, insanların saflığı gələcəyin daha gözəl olacağına inam artırır. Naxçıvan həm də Azərbaycan türk dövlətçilik tarixini, mədəniyyəti özündə əks etdirən, abidələri ilə yaşayan, var olan, öyrənilməsi vacib olan məkandır. Bakıdan, ölkəmizin digər bölgələrindən şagirdlərin, tələbələrin həmin tarixi yerlərə ekskursiyalarının təşkili, savadlı mütəxəssislər tərəfindən tariximizin gənclərə öyrədilməsini çox vacib hesab edirəm. Naxçıvanda aparılmış quruculuq işləri, şəhərsalma ənənəsinin nümunə kimi digər bölgələrdə də tətbiq olunması milli və dövlətçilik şüurunun formalaşmasına yalnız müsbət təsir etmiş olar. Təbii ki, problemlər də var. Amma yaxşı işləri daha çox gördüm.

XÜSUSİ QEYDİM: – Bakı ilə Naxçıvan arasındakı məsafə Bakı ilə Tbilisi arasındakı məsafə ilə az fərqlə eynidir. Hər iki xəttə uçuşları milli aviaşirkətimiz AZAL həyata keçirir. Bakıdan Naxçıvana bir nəfər üçün biletin qiyməti 60 azn edir. Bu nümunə də Bakı-Tbilisi marşrutuna tətbiq edilsə, bu, Gürcüstanda məskunlaşmış 500 min soydaşımızın maraqlarına uyğun olar. Gərək başbilənlər baş işlədə.

Zəlimxan Məmmədli,
Böyük İdeallar Araşdırma Mərkəzinin rəhbəri
23-25 iyun Bakı-Naxçıvan-Bakı



