
VÜQAR MƏMMƏDOV MƏHKƏMƏ QARŞISINA ÇIXARILDI
“Hürriyyət” baş redaktorunun işi üzrə məhkəmə prosesi başlanıb...

Bakı Ağır Cinayətlər Məhkəməsində “Hürriyyət” baş redaktorunun işi üzrə məhkəmə prosesi başlanıb.
Xural.org gununsesi.info-ya istinadən xəbər verir ki, bu işə Elmin Rüstəmovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. V.Məmmədova Cinayət Məcəlləsinin 182.2.2-ci və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə – təkrar və xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələriylə ittiham verilib.
Məhkəmənin bugünkü iclasında V.Məmmədovun vəkili Aqil Layıc müvəkkili haqqında cinayət işinə xitam verilməsini və ya heç olmasa, hökm çıxarılanadək onun ev dustaqlığına buraxılmasını istəyib.
Müdafiəçi bildirib ki, hansısa hüquqi şəxslərin müraciəti əsasında fiziki şəxsə hədə-qorxu ilə tələbetmə ittihamıyla cinayət işi başlanması aşkar qanunsuzluqdur. Hədə-qorxu ilə tələbetmə cinayətlərində hansısa şirkət zərərçəkmiş ola bilməz.
Hüquqlarını qoruduğu şəxsin ev dustaqlığına buraxılmasına gəlincə, A.Layıc V.Məmmədovun cəmiyyətdə tanınan şəxs kimi məhkəmədən yayınmaq niyyətinin olmadığını vurğulayıb.
Bu cinayət işi üzrə “Veysəloğlu”, “Azərlotereya” və “Azərsun” şirkətləri zərərçəkmiş qismində tanınıb. V.Məmmədovun hədə-qorxu ilə bu şirkətlərdən pul istədiyi iddia olunur.
Onun özü məhkəməyə hazırlıq iclasında deyib ki, ittihamda yazılanlar yalandır.



