Əvəz Zeynallı prokuror Ramazan Hadıyevi Ramiz Mehdiyevin sifarişlərini yerinə yetirməkdə ittiham etdi -VIDEO

Prokuror Ramazan Hadıyev: “Mən Sizi ifşa etdim…”

Ə.Zeynallı: “Əgər hesab edirsinizsə ki, məni ifşa etmisiniz, onda Kanalizasiya İdarəsinə müraciət edin, sizi ora işə götürsünlər. Çünki bu əxlaq, təfəkkürlə siz Azərbaycanın hüquq-mühafizə orqanlarında işləməyə layiq deyilsiniz.”

Ə.Zeynallı hakimi razılaşma yolu ilə ona 8 il həbs kəsəcəyi barədə məlumatı yaymaqda günahlandırdı.

Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə keçirilən məhkəmə prosesi bu dəfə də səs-küylü keçib. 

Hakim R.Allahverdiyeva prokurorun çıxışından sonra vəkilin və təqsirləndirilən şəxs kimi Ə.Zeynallının çıxış edəcəyini xatırlatdı. Bu xatırlatmadan sonra Ə.Zeynallı israrla yeni vəsatətlərinin olduğunu və onu dinləmədən vəkilin çıxışının heç bir anlam daşımadığını qeyd etdi. R.Allahverdiyeva artıq məhkəmə istintaqının başa çatdığı və heç bir vəsatətə baxılmayacağı haqda etdiyi xəbərdarlığa baş redaktor sərt təpki göstərdi: “İddiası ilə həbs olunduğum Gülər Əhmədova mənə prokuror 11 il iş oxuyandan cəmi bir saat sonra  CM-nin 178-ci maddəsilə həbs olunub. Vəziyyət dəyişib. İndi həmin G.Əhmədova BİT-da mənimlə bir yerdədir. Güləri müayinədən keçiriblər – ürəyi saat kimi işləyir, şəkəri normaldır, təzyiqi də kosmonavt təzyiqidir. İndi siz, Ramella xanım, heç bir əziyyət çəkmədən, heç bir sifariş və təzyiq altında qalmadan sadəcə BİT-ə bir faks göndərəcəksiniz, biz də onunla bir yerdə “voronoka” oturub, bura gələcik. G.Əhmədovanı da nəhayət burada dindirəcik. Siz mənim vəsatətlərimi dinləyin, lazım gələrsə, işi təkrar istintaq üçün yeniləyin”. Ə.Zeynallı bundan sonra iki vəsatət qaldırdı: 1. Məhkəmə istintaqı yenilənməsi və G.Əhmədovanın məhkəməyə gətirilməsi haqqında vəsatət – G.Əhmədova müdafiə tərəfinin suallarınas cavab vermək üçün məhkəməyə gətirilməlidir. Çünki artıq G.Əhmədova heç yana qaça bilməz və onu BİT-dən məhkəməyə gətirilməsi qərar məsələsidir. 2. Prokuror Ramazan Hadıyevin məhkəmə araşdırması aparıldığı 10 ay müddətində dəfələrlə Ə.Zeynallını təhdid etməsi, eləcə də prosesdə gətirilən əsaslı dəlillərə əhəmiyyət verməyərək, Ramiz Mehdiyevin sifarişilə heç bir qanuna sığmayan maksimum həddə Ə.Zeynallıya həbs cəzası istəməsi səbəb yaradır ki, o prosesdən kənarlaşdırılsın. Prosesə heç bir sifarişi yerinə yetirməyən, kimlərinsə qulu, köləsi, nökəri olmayan prokuror cəlb edilsin”.

Hakim bu məsələnin çox mürəkkəb olduğunu və işin yeniləşdirilməsi üçün bu səbəblərin “əsaslı” olmadığını dedi. Ə.Zeynallı, “mən dəfələrlə demişəm ki, mən saxta ittihamlarla, R.Mehdiyevin sifarişilə həbs olunmuşam. Prokuror ümumiyyətlə iş oxuyan zaman AR bütün qanunlarına hörmətsiz yanaşıb və belə adam dövlətin mundirini daşıya bilməz. Mən elə bilirdim ki, ötən prosesdən sonra bu prokuror bir daha məhkəməyə gəlməyəcək. Allaha and olsun ki, keçən iclas onu görəndə qurudum.”. Ə.Zeynallının kəskin çıxışına R.Hadıyev, “Mən sizi ifşa etmişəm…” dedikdən sonra Ə.Zeynallı: “Əgər hesab edirsinizsə ki, məni ifşa etmisiniz, onda Kanalizasiya İdarəsinə müraciət edin, sizi ora işə götürsünlər. Çünki bu əxlaq, təfəkkürlə siz Azərbaycanın hüquq-mühafizə orqanlarında işləməyə layiq deyilsiniz. Əgər mənə heç bir əsas olmadan 11 il iş oxuyandan cəmi 1 saat sonra Gülər Əhmədova adlı fırıldaqçı və dələduz həbs olunursa, o zaman bu adam özünü asmalı idi.  Ən yaxşı halda, əgər peşə etikasının nə olduğunu bilirsə, tutduğu vəzifədən könüllü imtina etməlidir. İnsanda abır və həya çox yaxşı şeydir. Bilə-bilə ki, sifarişlə iş görürsən və bilə-bilə ki, bir adamı bir dələduz və “afyor”un iddiası ilə həbs etdirib, ona maksimum həddə cəza istəyirsən, utanmadan, qızarmadan, əgər deyirsə ki, “mən sizi ifşa etmişəm”, o zaman bu adam kölədir, quldur, nökərdir. Ramazan Hadıyev kölə, nökər və quldur… 10 ay istintaq araşdırması gedib. Bu adam hansı abır və həya ilə burada mənə 11 il iş istədi?”

Hakim Ə.Zeynallının bu haqda vəsatətinin təmin edilmədiyini deməklə yanaşı, konkret fikir bildirdi: “Gülər Əhmədova bura gəlməyəcək…” Ə.Zeynallı hakimin qərarına da sakitliklə qarşılanmadı: “Adı cinayət əməlində hallanan bir adamın iddiası ilə necə adam tutdurmaq olar? G.Əhmədova bu məhkəmə prosesində ifadə verməyib, müdafiə tərəfi G.Əhmədovanı dindirməyib. İstintaqda olan ifadəsini təsdiqləmək onun məhkəmədə ifadə verməsi demək deyil. Bu gün durum dəyişib və Gülər Əhmədova məhkəmədə könüllü olaraq ifadə vermək istəyir. Bu adam “Bizim Yol” qəzetinin müxbiri Natiq Cavadlıya verdiyi müsahibəsində, ümumi tanışların əhaəsində dəfələrlə bəyan edib ki, Əvəz Zeynallını mənim iddiam əsasında həbs etməyiblər: “Belə olmamalı idi. Heç mən də başa düşə bilmirəm ki, onu nə üçün bu qədər həbsdə saxladılar. Açsınlar, buraxsınlar da…  Mən onu tutdurmamışam. Mən hər şeyi danışmaq istəyirəm, Onun özü çox yaxşı bilir ki, kim onu həbs etdirib.”deyir. Gətirin, görək, bu qadın daha nə deyəcək? Axı, sizin nə marağınız var ki, G.Əhmədovanı məhkəməyə gətirmək istəmirsiniz? Gülər Əhmədova bu oyunun açılmasını istəyir. Deyir ki, mən danışmaq istəyirəm. Bu adam açıq deyir ki, o məni tutdurmayıb. Mən də həbs olunana qədər, ondan sonra, bütün məhkəmə proseslərimdə dəfələrlə demişəm, yazmışam ki, mənim həbsimin siyasi sifarişçisi Ramiz Mehdiyevdir və onun şöbə müdiri Əli Həsənov da birbaşa bu oyunun içərisindədir. O zaman gətirin onu danışsın. Bu dələduzun iddiası olan bu əxlaqsız kağız parçalarını əsas gətirib mənə 11 il oxuya bilməzsiniz. İndi qulağıma çatır ki, mənə 8 il iş oxumağı razılaşdırıbsınız. Bu razılıqlar kimdən alınır – Ramiz Mehdiyevdən? Niyə mənim heç nədən xəbərim yoxdur, amma el-aləm artıq bilir ki, Ramella Allahverdiyeva Ə.Zeynallıya 8 il iş kəsəcək. O zaman bu 11 aylıq məhkəmə şousu kimə lazım idi? Elə ilk gündən gəlib, hökmü oxuyaydınız da…”.

 Məhkəmə fasilə elan etdikdən sonra, prosesi 06 mart 2013-cü il, saat 14:00-dək təxirə saldı.

Məlumat üçün deyək ki, ötən məhkəmə iclasında prokuror Ramazan Hadıyev məhkəmədən baş redaktorun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu dəfəki məhkəmə prosesində Ə.Zeynallının və vəkillərinin çıxışı planlaşdırılmışdı. Lakin prosesdə əsas iddiaçı qismində iştirak edən Gülər Əhmədova prokurorun qərarından cəmi bir saat sonra gözlənilmədən həbs olunub.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də həbs olunub . O, sabiq deputat Gülər Əhmədovadan hədə-qorxu yolu ilə 10 min manat rüşvət istəməkdə ittiham olunur. Hazırda G.Əhmədovanın özü haqqında AR CM-nin 307.2 və 178-ci maddələrilə cinayət işi qaldırılıb. Hazırda o da BİT-də saxlanılır.

 XuralTAC

Əlaqəli məqalələr

2 şərh

  1. NƏ VAXTDIR ZƏR CÜTLƏNİR, BAŞKƏSƏNLƏR ƏLİNDƏ…
    ÖMÜRLƏR KƏM KƏSİLİR, HAKİMLƏR QƏLƏMİNDƏ.
    ŞƏRƏFSİZ ALVERÇİLƏR…
    İNSANLARIN TALEYİN ALIB-SATDINIZ, BƏSDİR.
    ƏLİYEV BARMAĞIYLA QƏRAQ YAP-DINIZ, BƏSDİR.
    TORPAĞI ALINMIŞIN, SƏRVƏTİ SAĞILMIŞIN, HƏR HAQQI TAPDANMIŞIN ÖMRÜNÜ TAPDADINIZ.
    MİLLƏT KƏFƏNSİZ QALDI, VƏTƏN CANDAN USANDI.
    SİZLƏR ALLAH ADINI, BİR KƏRƏ ANMADINIZ!!!!!!!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button