JURNALİST XANIM PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ

Bu, müraciətdən çox haraydır: "26 ildir jurnalistəm, 39 dəfə kirayə ev dəyşmişəm, xəstəyəm..."

Şair-jurnalist, illərdir Azərbaycan mətbuatında çalışan, döyüş bölgələrindən reportajlar hazırlayan Xatirə Rəhimli bir müddətdir aralıqsız olaraq ölkə ictimaiyyətinə, xalq şairləri xə xalq yazıçılarına, titullu redaktorlara, ölkə rəhbərliyinə – prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya müraciətlər edir. Evsiz qalan, illərdir kirayədə yaşayan Xatirə xanımın bu haray-müraciətini Xural.org olaraq Oxucularımıza təqdim edirik:
“Xalq şairlərinə, Xalq yazıçılarına, ziyalılara…
Şairlər, jurnalistlər, bu yazımı önə çıxarın.
Azərbaycanın ordenli-medallı, ayda neçə min manat Prezident təqaüdü alan, Avropa təmirli lüks mənzillərdə, villalarda yaşayan Xalq şairləri, Xalq yazıçıları və bu ölkənin ziyalıları, müraciətim sizlərədir…
Mən də, ailə üzvlərim də neçə illərdir ki, yaşadığımız dəhşət saçan bu zirzəmidə bir neçə gün də qalsaq, hər biimizin həyatı məhvə doğru gedəcək.
Çünki hamımız bu soyuq zirzəmidə xəstələnmişik. Dövlətin mənim ailəmi mənzillə təmin etməsini istəyirəm.
Eləcə də həm mən, həm də aiə üzvlərim tibbi baxımdan ciddi müalicə almalıyıq.
Qeyd edim ki, 26-cı ildir jurnalist olaraq mətbuat sahəsində çalışıram. Şair-jurnalist kimi neçə illər həm 44 günlük VƏTƏN müharibəsindən əvvəl, həm də sonrakı illərdə cəbhə bölgələrinə, sərhəd bölgələrinə saysız-hesabsız səfərlər etmişəm.
Ana Vətəni gecə-gündüz qoruyan, səngərdə keşik çəkən əsgərlərin qarşısında vətənpərvərlik mövzusunda odlu-alovlu çıxışlar etmişəm. Cəbhənin bütün qaynar nöqtələrinə səfərlərim olub.
Cəbhə bölgələrində səfərlərdə oluğum illərdə Qarabağın, Yuxarı Ağcakəndin, Aşağı Ağcakəndin, Toğanalının, neçə min metrlik yüksəklikdə yerləşən Murovdağın soyuğu, şaxtası səhhətimdə çox-çox ciddi problem yaradıb.
Bütün bunların nəticəsinə Bronxial Astma xəstəliyinə düçar olmuşam. Bu VƏTƏN üçün sağlamlığımın 50 faizini itirmişəm.
Bronxial Astmadan çox böyük əziyyət çəkirəm. Zirzəmidə yaşaya bilmirəm daha.
Bronxial-Astma olan insan yarıqaranlıq, soyuq zirzəmidə həşəratlarla, böcəklərlə, soxulcanlarla, siçanlarla, siçovullarla necə yaşasın axı. Bu xoşagəlməz hallar mənə qarşı çox böyük haqsızlıqdır, ədalətsizlikdir.
Azərbaycan dövləti mənə mənzil versin.
Əks təqdirdə Azərbaycanın ziyalı bir ailəsi məhv olmaq üzrədir. Azərbaycan ziyalıları, yatan vicdanınızı oyadın, çox-çox xahiş edirəm sizlərdən. Bu haqsızlığa susmayın.
Vicdanınız yatmasın. Azərbaycan Prezidenti İlham Əliyevə mənim mənzil problemimlə bağlı müracət edin. Sizlərdən xahiş edirəm.
Axı sizlərin də yatan vicdanınızın oyanan vaxtı olmalıdır. Ola bilməz ki, kiminsə yatan vicdanının oyanan vaxtı olmasın. Mən də, ailə üzvlərim də məhv oluruq bu zirzəmidə.
Məgər indi 1930-cu illərdimi ölkənin ziyalı bir ailəsi məhv olur, hamı susur, danışmır.
21-ci əsrdə ziyalı bir ailənin üzvlərinin zirzəmidə gözləri görə-görə diri gözlü məhv olması həm çox dəşətli haldır, həm də tamamilə bu dövlətə bağışlanılmazdır.
21-ci əsrdə ziyalı bir ailə sopsoyuq, qaranlıq zirzəmidə məhv olur, amma ziyalılar, şairlər, yazıçılar, ədəbiyyat adamları, söz adamı olan jurnalistlər isə susurlar.
İnsan həyatına bu qədər biganəlik, bu qədər laqeydlik olarmı, Allah? Söz tapa bilmirəm.
Bu dəhşət qoxan hal çox-çox utancvericidir.
Ailə üzvlərimlə birlikdə neçə illər ərzində Bakıda 39 dəfə kirayə mənillərə köçmüşük.
Hal-hazırda ailəmlə birgə yaşadığımız zirzəmidən neçə ildir dövlətə, aidiyyatı qurumların rəhbərlərinə müraciət edirəm.
Müraciətlərimi həm eşidirlər, həm də görürlər, mənzil problemimi həll etmirlər.
Şair-jurnalist həmkarlarım, bu yazımı çalışdığınız xəbər saytlarında dərc edin.
Mənə mənəvi baxımdan dəstək olun, dayağ durun. Heç olmasa sizin vicdanınız oyaq olsun, yatmasın. Sizdən rica edirəm bunu.
P.S. Azərbaycan Yazıçılar Birliyindən yaradıcı şəxslərə verilən mənzillər də, jurnalistlər üçün tikilmiş binalardakı mənzillər də bir neçə yerdə evi, mənzili olanlara verildi. Bu qədər ədalətsizlik…
Yazıya sözardı: Kiçik bir ölkədə çox böyük ədalətsizliklər, qanunsuzluqlar, haqsızlıqlar baş verir. Hamı da susqunluq göstərir.
Sözün bitdiyi andı, sözün bitdiyi yerdəyik.”
Bu gün isə Xatirə Rəhimlinin daha bir müraciəti yayılıb. O, bu dəfə Heydər Əliyev Fonduna səslənib:
“Sağlamlıq durumum elə də yaxşı deyil. Vəziyyətim hər gün bir az da geri gedir. Cavan insanam, mən yaşamaq istəyirəm, ölmək istəmirəm.
İstəyirəm ki, Heydər Əliyev Fondu mənim müalicəmi öz üzərinə götürsün.
Həyat gözəldir, yaşamaq ondan da gözəldir.
Mən sağlamlığımı Vətən üçün itirmişəm axı.
Qələm həmkarlarım, bu məsələdə mənə mənəvi dəstək olun, dayaq durun.
Çox xahiş edirəm sizlərdən.
Cavan yaşda həyatdan köçməyim. Buna imkan verməyin.”
Redaksiyadan:
Xural TV və Xural.org olaraq jurnalist Xatirə Rəhimlinin mənzillə təmin olunmasını və müalicəsinin dövlət tərəfindən aparılmasını istəyirik. Azərbaycan dövləti vətəndaşlarına sahib çıxmalı, onların hamısına ədalətli münasibət göstərməlidir. 26 ildir jurnalist fəaliyyəti göstərən bir xanım 39 dəfə kirayə ev dəyişməməlidir milyonların dolaşdığı ölkədə. Əli Həsənovun şər mexanizmi əsasən evi olanlara ev verdi, ancaq kimsəsiz və arxasız jurnalistlərə ev vermədilər.
Xatirə Rəhimlinin də evi olmalıdır bu məmləkətdə!
Xatirə Rəhimli də sağlam yaşamalıdır!
Xural.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button