“10 HEKTAR FINDIQ BAĞINI BULDOZERİN QARŞISINA VERİB MƏHV ETDİLƏR!”

Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev...

“Ramiz Mehdiyev bilirdi ki, mən bu bağı möhtərəm Prezidentin sahibkarlara çağırışına cavab olaraq salmışam. Buna baxmayaraq, göstəriş verdi, 10 hektar fındıq bağımı buldozerin qabağına verdirib məhv etdilər. Məqsəd torpaq deyildi, məqsəd ölkə rəhbərliyindən narazılıq yaratmaq idi…”
Xural.org xəbər verir ki, bu sözləri Musavat.com-a şabranlı sahibkar Mansur Nəmətulla oğlu İbrahimov deyib.
Onun sözlərinə görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevlə artıq 8 ilə yaxındır məhkəmələrdə çəkişir:
“Şimal zonasında kürəkəninin törətdiyi cinayətlərin hər biri Ramiz Mehdiyevin birbaşa himayəsi altında baş tutub. Ramiz Mehdiyev olmasaydı, onun kürəkəni ölkənin şimalında bu cür “at oynatmağa” cürət etməzdi. Bütün bunlar Mehdiyevin dövlət çevrilişi planlarına uyğun, sistemli şəkildə aparılıb. Kürəkəni başına yığdığı mütəşəkkil dəstə ilə şimalda sahibkarları çökdürməklə, sadə insanları işsiz qoymaqla kütləvi narazılıq yaradırdı”.
Sahibkar bildirib ki, bu gün Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə həbsdə olması həmin dövrdə baş verənlərin mahiyyətini tam çılpaqlığı ilə üzə çıxarıb:
“Şükür Allaha ki, möhtərəm Prezident “dəmir yumruğu”nu daxildəki ermənilərin başına endirdi. Təəssüf edirəm ki, bu gün də Ramiz Mehdiyevin və onun yanındakıların müdafiəçiləri tapılır. Bununla bağlı müvafiq qurumlara və rəhbər şəxslərə müraciətlər hazırlayıram”.
Mansur İbrahimov bildirib ki, Ramiz Mehdiyevin vəzifədə olduğu illərdə faktiki olaraq onunla və kürəkəni ilə eyni vaxtda mübarizə aparmalı olub. Bu müddətdə Mehdiyevin kürəkəninin məhkəmələrdə dövriyyəyə buraxdığı “sürtülmüş” iddialar bir-birini əvəzləyib.
Bu günlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası İlham Əlisəftər oğlu Əliyevin apellyasiya şikayətini təmin etməyib və Sumqayıt Kommersiya Məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayıb.
Söhbət Ramiz Mehdiyevin hələ yüksək vəzifədə olduğu 2018-ci ildə şabranlı sahibkar Mansur İbrahimovun şirkəti – “Turaz” MMC-nin qəsb edilməsi ilə bağlı qalmaqallı məhkəmə işindən gedir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button