ŞAHBAZ XUDUOĞLU GÖYÇAYIN “NAR FESTİVALI”NDAN YAZDI

Görəsən, festivalın belə zövqsüz, plansız, əttökən şəkildə təşkil edildiyinə görə kim cavab verməlidir?

“Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu Göyçayda keçirilən “Nar festivalı”ndan yazıb. Xural.org tanınmış naşirin facebook statusunu Oxucularının diqqətinə çatdırır:
“Göyçay Nar Festivalı Göyçay stadionunda təşkil olunub. Giriş hissədə az sayda nar stendləri qoyulub. Amfiteatr və meydançanı ayıran çevrə dəhlizində isə əl işləri düzülüb. Nardan tutmuş maqnitlərə qədər hər şey ən azı 3 dəfə bahadır.
Stadion tərəfdə nar yoxdur. Yalnız bir yerdə nar şirəsi satılır. Qalan hissədə isə çoxlu aşağı zövqlü əl işi stendləri düzülüb.
Dar dəhliz amfiteatrın yanından Əli Kərim parkına çıxır. Burada — böyük meydançada — kabab manqalları düzülüb. Kabab qoxusu “gəl-gəl” desə də, tüstüdən ora yaxınlaşmaq olmur. Amma o hissədə isti bir atmosfer var.
Polis qüvvələri qəfildən “Yol verin, yol verin, alveri dayandırıb geri çəkilin!” — deyə əmr edir. Kimdir, nə olub, kim gəlir? “İcra gəlir”. Bir dəstə qara kostyum-qalstuklu, ağ köynəkli ağır insanlar yorğun baxışlarla yanımızdan keçirlər.
Səhnədə icra hakimiyyətinin başçısının xanım müavini dünən paytaxtda keçirilən paradın möhtəşəmliyindən, qələbəmizdən danışır. Birazda narın dünyada əvəzsiz olmasından. Xatırladım ki, o həm də bu tədbirin — Göyçay Nar Festivalının təşkilat komitəsinin rəhbəridir.
Görəsən ölkədə tanınan 10 dan çox dövlət təşkilat və şirkətin sponsorluq etdiyi bu festivalı niyə belə zövqsüz, plansız, əttökən şəkildə təşkil edildiyinə kim cavab verməlidir? Hətta planlı şəkildə narı, Göyçayı, Festivalı gözdən salmaq üçün tədbir təşkil edilsəydi belə, bu qədər “uğurlu” nəticə əldə edilə bilməzdi.”
Xural.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button