
30 NƏFƏRLİK MÜTƏŞƏKKİL DƏSTƏ TUTULDU
Baş Prokurorluq məlumat yaydı

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdıran və əlavə dəyər vergisini talayan mütəşəkkil dəstə ifşa edilib.
Bildirilib ki, Baş Prokurorluğun İstintaq idarəsində aparılan istintaqla ölkə ərazisində həssas əhali qrupuna aid, eləcə də məhdud hüquqi bilikləri olan şəxslərin müxtəlif vasitələrlə aldadılaraq onların adlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan hüquqi və fiziki şəxslərin təsis etdirilməsi, həmin qurumlar vasitəsilə əmtəəsiz maliyyə əməliyyatlarının aparılması və digər qanunazidd hərəkətlərin törədilməsi faktları üzrə cinayət işi başlanıb.
Aparılmış istintaq tədbirləri ilə çoxsaylı şəxslərdən ibarət olan, daxilində “vəzifə bölgüsü” aparılmış və vahid mərkəzdən idarə olunan mütəşəkkil dəstə tərəfindən qeyd olunan kateqoriyadan olan 300-dən çox şəxsin aldadılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan onların adına ən azı 777 hüquqi şəxs və ən azı 103 fiziki şəxs qeydiyyatdan keçirilməklə, vəzifə saxtakarlığı etməklə çoxhəcmli əmtəəsiz maliyyə əməliyyatları aparılıb yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, dövlətin maliyyə nəzarəti mexanizmlərini zəiflətməklə, yalançı şirkətlər vasitəsilə qeyri-qanuni gəlirləri leqallaşdırmaqla, statistik göstəriciləri saxtalaşdırmaqla ölkə iqtisadiyyatına ümumilikdə 81,5 milyon manatdan çox zərər vurulmasına, eləcə də əldə etdikləri həmin pul vəsaitlərini onların əldə edilməsinin həqiqi mənbəyinin, kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə konversiya etməklə, köçürtməklə, maliyyə əməliyyatları aparmaqla və digər əqdlər həyata keçirtməklə leqallaşdırılmasına, habelə dövlət büdcəsinə məxsus 8 milyon manatdan çox əlavə dəyər vergisi məbləğlərinin dələduzluqla talanmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaqdan qaçıb gizlənən təqsirləndirilən şəxslərdən bəzilərinin barəsində axtarışlar elan edilib.
Hazırda ibtidai istintaq davam etdirilir.
Bu cür hallara yol verilməsi nəticəsində vətəndaşların ölkədən çıxışına məhdudiyyət qoyulması, vergi və məhkəmə məsuliyyətinə cəlb olunması, eləcə də cinayət işlərində iştirakçı və ya təqsirləndirilən şəxs qismində tanınması mümkündür.
Hər bir vətəndaşdan öz şəxsiyyət məlumatlarını, “ASAN imza” mobil nömrələrini və möhürlərini digər şəxslərə təqdim etməmələri və bu barədə şübhəli hallarla rastlaşdıqda hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.



