
“ƏDALƏT NAMİNƏ HƏMRƏYLİK” Komitəsinin Mehman Əliyev və “Turan” İA-nə Dəstək Bəyanatı
Bəyanatda deyilir:
Biz, “Ədalət Naminə Həmrəylik” Komitəsinin üzvləri, “Turan” İnformasiya Agentliyinin fəaliyyətinin dayandırılması və onun işini ləkələməyə yönəlmiş böhtan kampaniyasının başlanması barədə kədər və narahatlıq hissi keçirərək Agentliyin bütün komandasına səmimi dəstəyimizi ifadə edirik.
Azərbaycanda müstəqillik və azadlıq uğrunda ictimai-siyasi hərəkatın başladığı andan etibarən “Turan” İnformasiya Agentliyi və onun rəhbəri Mehman Əliyev, bu hərəkatın önündə gedən qurum və fərd olaraq cəmiyyətin böyük inam və hörmətini qazanmışdır. “Turan” İnformasiya Agentliyi və onun əməkdaşları hər zaman obyektivliyi, müstəqilliyi, peşəkarlığı və hadisələrin ədalətli işıqlandırılmasına sadiqliyi ilə seçilib, digər media qurumlarına nümunə göstərərək dürüstlük və şəffaflığı qorumağa çalışmışdır.
“Turan” İnformasiya Agentliyinin fəaliyyəti rəhmətlik Prezident Heydər Əliyev tərəfindən də həmişə təqdir edilmiş və qiymətləndirilmişdir. Dövlətimizin müstəqilliyi və milli mənafelər naminə, “Turan” İnformasiya Agentliyinin əməkdaşları misilsiz fədakarlıq, cəsarət və peşəkarlıqla informasiya müharibəsinin ən çətin və həssas anlarında vətən və xalq üçün çarpışmışdırlar. Agentlik həmçinin, müharibə dövründə əhalinin doğru məlumatlandırılmasına böyük töhfələr vermiş, münaqişə zonasında baş verən hadisələri beynəlxalq ictimaiyyətə çatdıraraq Azərbaycanın haqqını müdafiə etmişdir. “Turan” İnformasiya Agentliyi insan hüquqları, şəffaflıq və ədalət prinsiplərinə sadiq qalaraq həmişə cəmiyyətin maraqlarını ön planda tutmuşdur.
“Turan” İnformasiya Agentliyinin fəaliyyətinin dayandırılması xəbəri və onun ləkələnməsinə yönələn kampaniya Azərbaycanda yalnız informasiya böhranı yaratmaqla kifayətlənmir, həm də demokratiyanın əsası olan söz azadlığı və həqiqət prinsiplərinə təhlükə yaradır. Bu cür şəraitdə, jurnalist həmrəyliyi nümayiş etdirmək əvəzinə, bəzi media saytlarında həqiqətə uyğun olmayan və çox hallarda böhtan xarakterli məlumatların yayılması, media və söz azadlığını qiymətləndirən hər bir vətəndaş tərəfindən mənfi qiymətləndirilmişdir.
Mehman Əliyevi yaxından tanıyan həmkarlar və dostlar olaraq, onun həyatının bu çətin anında onun yanında durmaq bizim üçün şərəfdir. Bir daha bəyan edirik ki, onun haqqında yayılan heç bir saxta məlumat və böhtan bizim ona bəslədiyimiz dərin inamı və etimadı sarsıda bilməz. “Turan” İnformasiya Agentliyi Azərbaycanın ən nüfuzlu və müstəqil media qurumlarından biri olaraq, həmişə tərəfsiz və obyektiv yanaşmalarla cəmiyyətin məlumatlandırılmasına və ədalət uğrunda mübarizə aparmışdır. Bu qəhrəmanlıq və xidmətlər heç vaxt unudulmayacaqdır.
Biz “Turan” İnformasiya Agentliyinə və onun rəhbəri Mehman Əliyevə qarşı yayılan saxta məlumatların ciddi şəkildə araşdırılmasını və müvafiq hüquqi tədbirlərin görülməsini, habelə, qeyri-peşəkar və məqsədli şəkildə yayılan belə məlumatların qarşısının alınmasını və bu cür hücumların peşəkar media qaydalarına uyğun olaraq cəzalandırılmasını vacib hesab edirik.
Biz əminik ki, “Turan” İnformasiya Agentliyi bütün çətinliklərə rəğmən, müstəqillik və azad mətbuat hüququ uğrunda mübarizəsini davam etdirəcək və fəaliyyətini tezliklə daha güclü bir formatda bərpa edəcəkdir.
“ƏDALƏT NAMİNƏ HƏMRƏYLİK” Komitəsi
2009-cu ildə təsis olunan “Vətəndaş Cəmiyyətinin Müdafiəsi Komitəsi”nin əsasında 2018-ci ildə yaradılmış vətəndaş cəmiyyəti və media nümayəndələrindən ibarət koalisiyadır. Koalisiyanın missiyası cəmiyyətdaxili məsələlərin ədalətli həlli istiqamətində həmrəyliyi təşkil edərək azad cəmiyyətin qurulması təşəbbüslərinə dəstək verməkdir.




