
Əvəz Zeynallı haqqında yeni qərar verildi
Bu gün dekabrın 18-də Ali Məhkəmədə Xural Media Qrupunun rəhbəri, hazırda saxta ittihamlarla həbsdə saxlanılan Əvəz Zeynallı və Səda youtube kanalının əməkdaşı, Əvəz Zeynallının haqqında yalan ifadə verməkdən imtina edən Elnur Şükürovun müdafiəçilərinin Bakl Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri kassasiya şikayətinə baxılıb.
Məhkəmədə həm gətirilmə və həm də Ali Məhkəmənin saxlanma yerindən şikayət edən Əvəz Zeynallı, “burada insanlarla insan kimi davranmırsınız. Hər il ədliyyə sisteminə milyonlarla vəsait ayrılır, amma yenə də dekabr ayının ortasında məhkəmələrin hamısında olduğu kimi Ali Məhkəmədə də istilik sistemi işləmir. Bu soyuqda saatlardır istilik verilmədən saxlanılmışıq. Siz əvvəlcə öz yeyintilərinizi araşdırın!” – deyib.

Əvəz Zeynallının vəkili Fəxrəddin Mehdiyev Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun çıxardığı qərarı “gülünc” adlandırıb:

“Hakim Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun şıxardığı hökmdən cəmi 3 ay azaltdı və iddia etdi ki, vəsatət qismən təmin olunur. Bu qədər absurd yanaşmalara ancaq siyasi proseslərdə rast gəlmək olar. Əvəz Zeynallının ittiham olunduğu AR CM-nin 178, 311 və 312- ci maddələrinin ümumiyyətlə, ona heç bir aidiyyatı yoxdur. Biz gözləyirdik ki, bu maddələr hökmdən çıxarılacaq, ancaq faktiki olaraq heç nə dəyişmədi. Kassasiya şikayətində bütün arqumentləri təqdim etmişdik və bildirmişdik ki, bu həbsin heç bir hüquqi əsası yoxdur. Həm Bakı Ağır Cinayətlər Məhkəməsində, həm Apellyasiya Məhkəməsində, həm də Ali məhkəməyə təqdim etdiyimiz kassasiya şikayətində biz israrla bildirdik ki, bu işin heç bir hüquqi əsası yoxdur. Bütün ictimaiyyət də yaxşı bilir ki, həm Əvəz Zeynallı və həm də Elnur Şükürov jurnalist fəaliyyətinə görə həbs olunublar. Bütün arqumentləri öz çıxışımızda qeyd etdik və məhkəmədən xahiş etdik ki, bu işə bəraətverici əsaslarla xitam verilsin. Həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5, 6, 10-cu maddələrinin pozuntularının tanınmasını istədik. 5-ci maddə azadlığın qanunsuz olaraq məhdudlaşdırılması ilə bağlıdır. 6-cı maddə ədalətli məhkəmə hüququnun pozulması, 10-cu maddə isə ifadə azadlığının pozulmasıdır. Əvəz Zeynallı və Elnur Şükürov jurnalist fəaliyyətilə məşğul olublar və onlar öz fəaliyyətlərində həm məmur özbaşınalığını, həm korrupsiya faktlarını ifşa edən materialları öz çıxışlarında cəmiyyətə çatdırıblar. Bir daha qeyd edim ki, nə Əvəz Zeynallının, nə də Elnur Şükürovun hansısa cinayəti törətmələri nə istintaq, nə də məhkəmə prosesi zamanı sübuta yetirilməyib. Ali Məhkəmə Azəravtoyol ASC-nin iddialarını əsassız sayaraq, çıxarılan hökmdən 3 ay azaltdı, halbuki Əvəz Zeynallı haqqında çıxarılan 9 il azadlıqdan məhrumetmə cəzası məhz 3 iddiadan biri olan bu iddia üzərindən verilib. qeyd edim ki, digər 2 epizod üzrə də heç bir cinayət sübuta yetirilməyib.”
Hüquq müdafiəçisi Zəfər Əhmədov bildirib ki, “Əvəz Zeynallı və Elnuur Şükürovun həbsi, jurnalistlərin və azad medianın üzərinə edilən edilən ilk hücum idi. Media orqanlarının, hüquq müdafiəçilərinin bəzilərinin bu məsələyə biganəliyi nəticədə məsələnin böyüməsinə və digər jurnalistlərin də həbsinə gətirib çıxardı…”
Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb. Bu ittiham əsasında Əvəz Zeynallı 9 il azadlıqdan məhrum edilib. Ali Məhkəmə bu cəzanın əsas epizodlardan birinin təsdiq olunmadığını əsas gətirərək, 3 ay cəza müddətini azaldıb.



