
Əyyami Fatiməyə (sə) hazırlıq…
Bağışlayan və Mehriban Allahın adı ilə
Əyyami Fatimə!
Haqqında Allahın ayə göndərdiyi Qadın
İslam dünyasında bizim ən möhkəm sənədimiz Allahın kitabı olan Qurandır. Həmçinin İslam Peyğəmbəri (s.) və onun Əhli-beytinin (ə.) hədis və kəlamları da müəyyən mənada Quranla ölçülür. Digər tərəfdən həmin hədis və kəlamlar Quran ayələrini izah edir. İslamda eşitdiyimiz hər hansı bir mətləbi Quranda axtarırıq. Əgər həmin mətləbin özünü, yaxud kökünü müqəddəs Quranda görə bilsək, ona şübhə etmərik. Bu müqəddəs kitab Allahın iradəsi, Peyğəmbərimizin (s.) diqqəti və Əhli-beytin (ə.) vasitəsilə necə nazil olubsa, eləcə də əlimizə çatıb. Yəni Qurani-Kərim təhrif olunmayıb. Buna görə də Quranda gördüyümüz hər bir mətləbi vasitəsiz və izahsız başa düşə biliriksə, çox yaxşıdır. Şərhə ehtiyacı olan mətləb və ayələr isə əgər Peyğəmbər (s.) və Əhli-beyt (ə.) vasitəsilə izah olunursa, bizim üçün qəbuldur. Onlardan başqasının sözləri bizə höccət deyil. Elə də deyil ki, Quran bütövlükdə sadə bir kitab kimi bizə tam açıq-aydın olmuş olsun. Quran böyük bir elm olduğundan onun ayələrini açıqlamaq və təfsir etmək üçün böyük elm tələb edir. Onu açıqlamaq üçün Quranşünas olmalı və bir çox elmlərə malik olmaq lazımdır. Hər ərəbdilli və ərəb dili bilən, yaxud ərəb qrammatikası ilə məşğul olan şəxs Quranı təfsir edə bilməz. Əgər Quranda bizim qarşımıza qaranlıq qalan məqamlar çıxırsa, onları Peyğəmbər (s.) və Əhli-beytin (ə.) hədisləri ilə açıqlayıb başa düşürük. Bu haqda kifayət qədər danışılıb və çoxlu kitablar yazılmışdır.
Bizim burada əsas söhbətimiz odur ki, görəsən Quran Fatimeyi Zəhranın (s.ə.) fəzilətləri haqqında nə buyurur? Biz belə iddia edirik ki, Xanımın (s.ə.) fəzilətləri müqəddəs Quran kitabında qeyd olunmuşdur. Yəni Quran bu Xanımı (s.ə.) tərif edərək onun fəzilətlərini bizlərə bəyan edir. Söhbət açacağımız mövzu və mətləbləri Peyğəmbərimiz (s.) buyurduqlarına söykənərək izah edəcəyik. Çünki Peyğəmbərimiz (s.) hər bir kəlməsi Quran ayələri ilə eynidir. Quranda onlarca ayədə Allah-Təala Peyğəmbərin (s.) söylədiklərini Öz sözü kimi camaata bəyan edir və belə qəbul olunmasını təlqin edir. Həmin ayələrdən biri belədir.
– Bizim Rəsulumuz sizə nə (hökmlər, maarif və malları) verirsə götürün və
nəyi qadağan edirsə, onlardan çəkinin.
Bu ayədə Allah-Təala açıq-aydın şəkildə bəyan edərək göstəriş verir ki, Peyğəmbər (s.) hər nə buyurursa, ona itaət olunmalıdır. Buna görə də Peyğəmbər (s.) hər nə buyurursa, onun kəlamları Quran ayələri qədər etibarlıdır. Bütün İslam aləmində və məntiq əsasında qəbul olunmuşdur ki, Peyğəmbər (s.) buyurduğu hər bir kəlam Quran ayələrinə bərabərdir. Əgər bir uşaq bu məsələni qəbul etmirsə, bu o demək deyil ki, həmin uşağın sözü mötəbərdir. Əgər beş-altı nəfər bunu qəbul etmirsə, bu o demək deyil ki, hər bir şey onların sözü ilə ölçülməlidir. İslam dünyasında bütün firqələrin rəhbər və alimləri var. Hər birinin öz sözü və özünün istinad etdiyi sənədi və mənbəyi vardır.
Min dörd yüz ildən sonra yaranan firqənin sözü İslam dünyasında etibarsız və əsassızdır. İslamın zühurundan iki yüz il sonra yaranan bir firqə kifayət edər. Min dörd yüz ildən sonra hansısa firqənin yaranmasına heç bir ehtiyac yoxdur. Əgər belə bir firqə yaranıb İslam dünyasında öz sözünü demək istəyirsə, onun söylədiyi sözlər özü üçündür. Hər halda İslamın öz firqələrinin rəhbərləri və alimləri var. Öz kitabları, sözləri və nəzərləri mövcuddur. Onların iki yüz il, beş yüz il bundan qabaq çap olunmuş kitabları kifayət qədərdir. Hətta bəzi kitablar bar ki, onlar yeddi yüz il bundan öncə nəşr olunub. Həmin kitablardakı sözlər də bizə deyir ki, Peyğəmbərin (s.) sözü bütün müsəlmanlara höccətdir. Quranın bütün qaranlıq ayələrini də Peyğəmbər (s.) bizim üçün açıqlayıb izah etməlidir. İndi burada Fatimeyi Zəhranın (s.ə.) şənində nazil olan ayələrə diqqət yetirək.
Allah-Təala “Əhzab” surəsinin 33-cü ayəsində buyurur:
– Həqiqətən, Allah siz Əhli-beytdən bütün çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər.
Hamı demək olar ki, bu ayə ilə tanışdır. Allah-Təala bu ayədə Əhli-beytin (ə.) adını çəkir və onları hər cür çirkinlik və napaklıqdan pak etdiyini bəyan edir. Bu ayədə adı çəkilən Əhli-beyt (ə.) kimlərdir. Qeyd etdik ki, Quranın ayələrini bizim üçün yalnız Peyğəmbər (s.) izah edib açıqlaya bilər. Burada hədislərə müraciət etməklə baxaq görək Peyğəmbərimiz (s.) Əhli-beytin (ə.) kimlərdən ibarət olduğunu necə bəyan etmişdir. Bir daha qeyd edərək xatırladım ki, Allah-Təala Quranı Cəbrayıl (ə.) vasitəsilə Peyğəmbərə (s.) nazil etmiş və Həzrət (s.) də onun ayələrini insanlara açıqlamışdır. Bu mübarək ayədə bəhsimizə uyğun olaraq iki mətləbə diqqət yetirək. Birinci mətləb budur ki, ayədə bəyan olunan “rics” sözünün mənası nədir? İkinci mətləb isə budur ki, ayədə bəyan olunan “Əhli-beyt” kimlərdir?
“Rics” nə deməkdir? “Rics” sözünün mənası həm lüğətdə, həm də hədislərdə açıqlanıb izah olunmuşdur. Həmin izahların hamısına bir-bir diqqət yetirdikdə bütün çirkinliklərin, napaklıqların və natəmizliklərin hamısına ərəb dilində “rics” deyilir. Quranın digər ayələrində də “rics” sözü işlənmişdir. Bəzi təfsirçilər bu sözün günah, bəziləri də murdar və napak mənasında olduğunu yazmışlar. Ümumiyyətlə, “rics” sözünün mənası barədə firqələr arasında ixtilaf yoxdur. Yəni bu sözün mənasını yekdilliklə qəbul edirlər. Bəzi təfsirçilər isə xüsusi terminlə “rics” sözünün mənasını belə açıqlayırlar: insanın əzaba düşməsinə səbəb olan hər bir əməlin adına “rics” deyilir. Bura qədər “rics” sözünün lüğəti mənası ilə tanış olduq. Çox yaxşı olar ki, Peyğəmbərimiz (s.) mübarək bir hədisi ilə də bu sözə bir aydınlıq gətirək. İbn Abbas deyir Həzrət Peyğəmbər (s.) buyurur:
– Allah-Təala bütün qəbilələrin hər birini bir ev kimi qərar vermişdir. Məni də həmin evlərin ən xeyirlisi və üstünü qərar verib. Bu, Allahın sözüdür ki, belə buyurur: “Həqiqətən, Allah siz Əhli-beytdən bütün çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər”. Mən və əhli beytim bütün günahlardan pak və təmizik.
Peyğəmbərin (s.) bu kəlamından da “rics” sözünün mənasının “günah” mənasında olduğu bir daha aydın olur. Həm lüğətdən, həm tərtibçilərin sözlərindən, həm də Peyğəmbərin (s.) sözündən “rics” sözünün mənasını öyrəndik. Həzrət (s.) açıq-aydın buyurur ki, Mən və Əhli-beytim (ə.) bütün günahlardan pak və tərtəmizdir. Demək, Peyğəmbər (s.) və Əhli-beyti (ə.) məsumdurlar. Yəni onların heç birində günah yoxdur. Quran “Təthir” ayəsini bəyan edir və Peyğəmbər (s.) də bu ayəni bizim üçün açıqlayır.
Bu ayədəki bəhsimizə uyğun ikinci mətləb budur ki, ayədə bəyan olunan Əhli-beyt (ə.) kimlərdir? Əgər Əhli-beytin (ə.) kimlər olduğunu bilsək, deməli, bu ayədə bizim üçün heç bir qaranlıq məsələ qalmayacaq. Əhli-beytin (ə.) kim olduğunu bilmək üçün yenə də Peyğəmbərin (s.) hədislərinə müraciət etməliyik. Çünki Quran ayəsini Peyğəmbərdən (s.) başqa kim daha gözəl izah edə bilər? Hədislərə əsasən Həzrətin (s.) Əhli-beyti (ə.) özü ilə birgə beş nəfərdən ibarətdir. İslamda bütün firqələrin kitablarında Peyğəmbərin (s.) Əhli-beyti (ə.) barədə və onların kimlər olduğu haqda hədislər qeyd olunmuşdur. İlk növbədə bu ayənin necə və harada nazil olmasına diqqət yetirək.
Ümmü Sələmə Harisin qızı və Peyğəmbərin (s.) həyat yoldaşı idi. Peyğəmbərin (s.) həyat yoldaşlarının içərisində Xədicədən sonra ən ağıllı, uzaqgörən və xoşxasiyyət qadın Ümmü Sələmə idi. “Şəvahidüt – tənzil” kitabının II cildinin 82-ci səhifəsində Ümmü Sələmədən belə bir rəvayət nəql olunur: Ümmü Sələmə deyir:
-Bu ayə mənim evimdə Peyğəmbərə (s.) nazil olmuşdu. Ayə nazil olarkən evin içində yeddi nəfər var idi. Cəbrayıl, Mikayıl, Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn. Mən də evin qapısında dayanmışdım. Bu ayə nazil olduqdan sonra mən soruşdum: Ya Rəsulallah, mən Əhli-beytdən (ə.) deyiləmmi? Həzrət Peyğəmbər (s.) mənə buyurdu: Sən xeyirdəsən (xeyir səninlədir və gələcəyin də xeyirlidir). Sən Peyğəmbərin (s.) zövcələrindən birisən. Həzrət (s.) mənə demədi ki, sən Əhli-beytdənsən. (Yəni sən Əhli-beytdən (ə.) deyil, Peyğəmbərin (s.) zövcələrindənsən).
Digər bir hədisdə Əbu Səid Xudri Həzrət Peyğəmbərdən (s.) rəvayət edərək belə deyir: “Bu ayə nazil olduqdan sonra Peyğəmbərdən (s.) soruşdular ki, ya Rəsulallah, bu ayə kimin barəsində nazil olub?” Həzrət Peyğəmbər (s.) mənə buyurdu:
-Bu ayə beş kimsənin barəsində nazil olmuşdur – Mənim, Əlinin, Həsənin, Hüseynin və Fatimənin barəsində.
Bu hədis əhli-sünnə alimlərinin yazdıqları bir çox kitablarda da qeyd olunmuşdur. Nümunə üçün onlardan bir neçəsinin adını nəzərinizə çatdırıram: “Təfsiri-Təbəri”, XXII cild, səh.5; “Şəvahidüt-tənzil”, II cild, səh.769; “Fəradius-simteyn”, II cild, səh.10; “Təfsiri-ibn Kəsir”, III cild, səh. 485, “Dürrul-Mənsur”, V cild, səh.198; “Yənabiul-məvəddə”, səh. 294.
Qeyd olunan hədislərdə bu ayənin nazil olmasından sonra baş verən hadisə və söhbətlərdən söz açılır. İndi isə bu ayənin necə nazil olması barəsindəki hədislərə diqqət yetirək. Əbu Hüreyrə Ümmü Sələmədən belə bir rəvayət nəql edir: “Bir gün Fatimeyi Zəhra (s.ə.) Peyğəmbərə (s.) əlində bir qab yemək gətirdi. Həzrət (s.) ondan soruşdu: Əminoğlu və iki oğlun (Həsən və Hüseyn) haradadır? Fatimeyi Zəhra (s.ə.) dedi: Evdədirlər. Həzrət (s.) buyurdu: Onları yanıma çağır. Fatimeyi Zəhra (s.ə.) gedib onları Peyğəmbərin (s.) hüzuruna çağırdı. Həzrət Peyğəmbər (s.) sol əli ilə əbasını onların üstünə çəkib sağ əlini yuxarı qaldıraraq dedi:
-İlahi, bunlar mənim əhli-beytimdir. Bütün çirkinliklərin hamısını onlardan uzaqlaşdır və onları pak və tərtəmiz qərar ver.
Sonra Həzrət (s.) belə dua etdi: İlahi, bunlar Ali-Məhəmməddir. Öz salam salavatını və bərəkətini Məhəmməd və ali Məhəmmədə inayət et”.
Ümmü Sələmə deyir: “Mən də həvəs göstərib onlarla birgə əbanın altına daxil olmaq istədim. Həzrət Peyğəmbər (s.) əbanı mənim əlimdən aldı və buyurdu: Sən xeyirdəsən (Yəni sən xeyirdəsən, amma Əhli-beytdən (ə.) deyilsən).
Səfiyyə bint Şeybənin oğlu deyir: “Bir gün anamla Ayişənin yanında idik. Ayişə bizə bu ayənin nazil olması barədə belə söhbət etdi:
-Bir gün sübh tezdən Həzrət Peyğəmbər (s.) əynində qara rəngli yundan toxunmuş əbasını geyinib evdən çıxdı. Bu an Həsən ibn Əli (ə.) gəldi. Peyğəmbər (s.) onu əbasının altına aldı. Sonra Hüseyn (ə.) gəldi və qardaşı ilə birgə əbanın altına daxil oldu. Sonra Peyğəmbər (s.) bu ayəni oxudu: Həqiqətən Allah Siz Əhli-beytdən (ə.) bütün çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər”.
Bu hədisə diqqət yetirdikdə görürük ki, Həzrət Peyğəmbər (s.) onları əbanın altına aldıqdan sonra bu ayəni tilavət edir. Bu o demək deyil ki, ayə məhz orada nazil olub. Həzrət (s.) sadəcə bu ayəni tilavət etmişdi. “Təthir” ayəsi nazil olduqdan sonra Həzrət Peyğəmbər (s.) dəfələrlə onu tilavət edib. Həmçinin müxtəlif yerlərdə Peyğəmbərdən (s.) həmin ayə barədə soruşulub və Həzrət (s.) bu ayənin kimlər barədə nazil olduğunu bəyan edib. “Təthir” ayəsi bir yerdə nazil olmuşdur və Peyğəmbər (s.) dəfələrlə onu camaata oxumuşdu. Bu o demək deyil ki, Peyğəmbər (s.) müxtəlif yerlərdə hər dəfə bu ayəni oxuduqda, həmin an ayə nazil olmuşdur. Bu ayənin Əhli-beyt (ə.) barədə nazil olmasında da heç bir şəkk-şübhə yoxdur. Həm Peyğəmbərin (s.) bəyanı, həm Əbu Hüreyrənin hədisi, həm də Ayişə və Ümmü Sələmənin söylədiklərinə əsasən açıq-aydın görürük ki, “Təthir” ayəsi Əhli-beyt (ə.) barədə nazil olmuşdur.
“Təthir” ayəsinin Əhli-beyt (ə.) barədə nazil olması haqda ikinci xəlifə Ömər ibn Xəttabdan da belə bir rəvayət nəql olunur. O deyir: Şəxsən Həzrət Peyğəmbərdən (s.) eşitdim ki, belə buyurdu:
-Camaat! Həqiqətən mən (tezliklə) sizdən Kövsər hovuzunun ətrafında görüşənə qədər ayrılacağam. Mən orada sizdən iki əmanət haqqında soruşacağam. Bu iki əmanətlə necə rəftar edəcəyinizdə diqqətli olun. Onlardan biri Allahın kitabıdır. Onun bir tərəfi Allahın əlində, digər tərəfi isə sizin əlinizdədir. Ondan möhkəm yapışın və bir-birinizdən ayrılmayın.
İkinci əmanət isə mənim itrətim və əhli-beytimdir. Həqiqətən bunu mənə mehriban və hər bir şeydən agah olan Allah xəbər vermişdir. Bu iki əmanət Kövsər hovuzunun yanında mənə qovuşana qədər bir-birindən ayrılmayacaq.
Soruşdum: Ya Rəsulallah, Sənin itrətin kimdir? Həzrət (s.) buyurdu: Mənim əhli-beytim Əli və Fatimədən dünyaya gələn övladlar və Hüseynin sülbündən olan doqquz imamdır. Onlar mənim itrətimdir. Onların əti mənim ətimdən, qanları mənim qanımdandır.
Bu hədislərdən də Həzrət Peyğəmbərin (s.) Əhli-beytinin (ə.) kimlərdən ibarət olduğu bir daha aydın olur.
Peyğəmbərin (s.) Əhli-beytə (ə.) xüsusi diqqəti
Bu hədis və kəlamlardan “Təthir” ayəsinin Peyğəmbərin (s.) Əhli-beyti (ə.) barədə nazil olması və Əhli-beytin (ə.) kimlərdən ibarət olduğu açıq-aydın məlum olur. Bir çox hədislər də vardır ki, Peyğəmbər (s.) dəfələrlə Fatimeyi Zəhranın (s.ə.) evinin qarşısından keçərkən həmin ayəni tilavət edərdi. Bir nəfər belə nəql edir: Mən altı ay Mədinə şəhərində qalası oldum. Bu altı ayda hər gün Peyğəmbər (s.) sübh namazına gedərkən Fatimeyi Zəhranın (s.ə.) qapısında dayanıb buyurardı: Salam olsun sizə, ey Əhli-beyt. Sonra “Təthir” ayəsini tilavət edib namaza gedərdi.
Bu barədə müxtəlif kitablarda bir çox rəvayətlər yazılmışdır. Rəvayətçilərdən biri deyir: Peyğəmbərin (s.) ömrünün axır vaxtlarında mən doqquz ay Mədinə şəhərində qaldım. Bu müddət ərzində Peyğəmbər (s.) hər gün Fatimeyi Zəhranın (s.ə.) evinin qapısında dayanıb salam verər, sonra “Təthir” ayəsini tilavət edərdi.
Əgər Quranda Fatimeyi Zəhra (s.ə.) bu paklıqla, bu fəzilətlə tanıtdırılırsa, əgər Peyğəmbər (s.) “Təthir” ayəsini belə mənalandırırsa və bu ayəni Fatimeyi Zəhranın (s.ə.) evinin qapısında oxuyub salam verirsə, onda biz müsəlmanlar İslam Peyğəmbərindən (s.) savayı başqa kimdən öyrənib əxz etməliyik? Əgər müsəlmanlar hər il yığışıb Xanımın (s.ə.) ildönümü münasibətilə “Salam olsun Sənə, ey Peyğəmbərin (s.) qızı” səsləyirsə, bunun nəyi pisdir? Əgər Peyğəmbərin (s.) bu qızı barədə “Təthir” ayəsi nazil olubsa, Allah onun ibadətindən fəxr edirsə, Peyğəmbər (s.) onun əllərindən öpürsə, Həzrət Əli (ə.) kimi bir şəxsiyyət onunla ailə qurduğuna görə fəxr edirsə, İmam Hüseyn (ə.) Kərbəlada “Mən bu şücaəti, bu cəsarəti, bu imanı anam Fatimədən (s.ə.) öyrənmişəm” buyurursa, onda nə üçün müsəlmanlar Fatimeyi Zəhradan (s.ə.) örnək və nümunə götürməməlidirlər?
Bir gün Həzrət Əli (ə.) Peyğəmbərə (s.) ərz etdi: “Ya Rəsulallah, xahiş edirəm ki, Allaha mənim hacətlərimi inayət etməsi üçün dua edəsən”. Həzrət Peyğəmbər (s.) iki rəkət namaz qıldıqdan sonra səcdəyə gedib belə münacat etdi: “İlahi, Səni Əlinin haqqına and verirəm, Əlinin istəklərini inayət et”. Həzrət Əli (ə.) dedi: “Ya Rəsulallah, dua edərkən nə əcəb Allaha mənim adımı and verdin?”. Həzrət Peyğəmbər (s.) buyurdu: “Çünki Allahla mənim yanımda Səndən şərafətlisi yoxdur. Buna görə də mən sənin adını çəkib Allaha and verdim”.
Bu fəzilətə sahib olan Həzrət Əli (ə.) Fatimə (s.ə.) ilə fəxr edirsə, nə üçün biz də fəxr etməməliyik? Nə üçün Fatimeyi Zəhra (s.ə.) müsəlmanların yaddaşlarından silinməlidir? Nə üçün onun ildönümü ilə bağlı mərasim təşkil olunmamalıdır? Müsəlmanlar o xanımı sevdiklərinə görə onun xatirəsinə məclislər təşkil edirlər. Çünki ən gözəl nümunə və örnək götürməli qadın Fatimeyi Zəhradır (s.ə.). Əsrimizin İmamı (ə.) buyurur: Peyğəmbərin (s.) qızı mənim üçün ən gözəl nümunə və örnəkdir. Belə olduqda o xanım bütün müsəlmanlar üçün çox əzəmətli, şərafətli və fəzilətli bir varlıqdır. Müsəlmanların borcudur ki, onun ibadətindən, elmindən, əxlaqından, şücaətindən örnək və nümunə götürərək istifadə etsinlər.
Müsəlmanlar çalışıb özlərini o əzəmətli xanıma yaxınlaşdırmalı və qiyamət günü onun ətəyindən tutmaq üçün ləyaqət qazanmalıdırlar.
Həzrət Peyğəmbər (s.) qızı Fatiməyə (s.ə.) buyurdu: Qiyamət günü Allah-təala sənə belə xitab edəcək: Ey Fatimə, çıx məhşərə. Hər kəs gəlib sənin ətəyindən tutsa, onların hamısı səninlə birgə cənnətə daxil olacaq.
Sonra Həzrət Peyğəmbər (s.) buyurdu:
-Ya Fatimə, o, həmin gündür ki, bütün insanlar görəcəklər ki, bir dəstə insan sənin ətəyindən tutub nicat taparaq cənnəti qazandılar. Bunu gördükdə bütün insanların hamısı peşmançılıq çəkərək deyəcəklər: Kaş biz də bu dünyada Fatiməni sevənlərdən olardıq. Ya Fatimə, o gün (qiyamət günü) sən, səni sevənlər və səni sevənləri istəyənlərin hamısı (Allahın izni ilə) cənnətə daxil olacaqlar.
Hər bir məktəbin Fatimeyi Zəhra (s.ə.) kimi nümunəvi insanı olsaydı, onlar belə bir xanımdan necə istifadə edib bəhrələnərdilər? Allah-təala yalnız müsəlmanlara belə bir nümunəvi xanımı bəxş etmişdir. Buna görə də müsəlmanların borcudur ki, bu fürsətdən istifadə edib həm əxlaqi, həm elmi, həm də mənəvi cəhətdən ondan nümunə və örnək götürsünlər. Qiyamət günü Həzrət Fatimeyi Zəhranın (s.ə.) bircə nəzəri bütün müsəlmanlar üçün lütf və mərhəmətdir. Allah-təala o lütf və mərhəməti hamımıza nəsib etsin.
Həzrət Fatimeyi Zəhranın (s.ə.) Allah və Həzrət Peyğəmbər (s.) yanında məqamı
Ey iman gətirənlər! Allahdan qorxun və doğru olanlarla olun! Mötəbər hədislərə əsasən, cəmadiussani ayının üçündə Xanım Fatimə (s.ə.) dünyasını dəyişərək şəhadət dərəcəsinə nail olmuşdur. “Lə iləhə illəllah” deyənlər və Həzrət Peyğəmbərin (s.) nübuvvətini qəbul edənlər onun əziz qızının şəhid olduğu günü özləri üçün matəm günü hesab edirlər.
Həzrət Zəhra (s.ə.) elə bir şəxsiyyətdir ki, əziz İslam Peyğəmbəri (s.) onun haqqında buyurur:
-Fatimə (s.ə.) mənim üçün hamıdan sevimlidir!
-İslam Peyğəmbəri (s.) buyurur: Fatimə (s.ə.) mənim üçün insanlar arasında hamıdan əzizdir!
Bir gün İslam Peyğəmbəri (s.) qızına buyurur: Ey Fatimə (s.ə.)! Allah-təala biz Əhli-beytə bir neçə xisləti mərhəmət etmişdir. O xislətləri nə bizdən qabaqkı insanlara, nə də bizdən sonra gələcək insanlara verməmişdir. Bizim nəbimiz nəbilərin ən xeyirlisidir. O da sənin atandır. Bizim vəsimiz vəsilərin ən xeyirlisidir. O da sənin ərindir. Bizim şəhidimiz bütün şəhidlərin ağasıdır. O da sənin atanın əmisi Həmzədir. (Allah ona verdiyi) iki qanadla cənnətdə uçan bizdəndir. O da sənin əmin oğlu Cəfərdir. Bu ümmətin (cənnət cavanlarının) ağaları bizdəndir. Onlar sənin iki övladın Həsən (ə.) və Hüseyndir (ə.).
Böyük İslam Peyğəmbəri (s.) dünyasını dəyişəndən sonra möminlər ürəklərindəki məhəbbətlərini izhar etmək məqsədilə Xanım Fatimeyi Zəhranın (s.ə.) yanına gələrək onun dərdinə şərik olduqlarını bildirdilər. Bəzi hədislərə əsasən, bir dəstə mələk də gəlib Həzrətə (s.ə.) başsağlığı verərək dedilər:
-Ey Məhəmmədin (s.) qızı, həqiqətən, bizim (ürəyimiz) də sənə müstaqdır.
Xanım Fatimeyi Zəhranın (s.ə.) cismi cəmadiussani ayının iyirmisi dünyaya gəlib, lakin onun nuru, Peyğəmbərin (s.) buyurduğuna əsasən, yer və göy yaranmamışdan qabaq yaranmışdır. Həzrət Peyğəmbər (s.) buyurur:
– Fatiməni (s.ə.) Allah seçmişdir.
– İmam Baqir (ə.) buyurur: Həqiqətən, Qədr gecəsi Fatimədir (s.ə.). hər kəs Fatimənin (s.ə.) haqqını lazımınca tanısa, elə bil Qədr gecəsini dərk etmişdir.
– İmam Həsən Əskəri (ə.) buyurub: Allahın yaratdıqlarına höccət bizik. Amma nənəmiz Fatimə (s.ə.) Allahın bizə höccətidir.
Allah-təala Qurani-Kərimin “Əhzab” surəsinin 21-ci ayəsində buyurur:
-Əlbəttə, Allahın Rəsulunda sizin üçün gözəl bir örnək var. Elə buna əsasən İmam Zaman (ə.c.) da buyurub:
-Rəsulallahın (s.) qızı mənim üçün bir örnəkdir.
Xanım Fatimeyi Zəhra (s.ə.) yeganə insandır ki, Allah-təala onun səcdəsini, rükusunu, qiyamını, təşəhhüdünü, mehrabını, və səccadəsini mələklərə göstərərək fəxr etmişdir. Allah-təala mələklərə buyurur:
-Baxın Fatiməyə (s.ə.)! Görün, Mənə necə ürəklə ibadət edir?! Baxın, onun bədən üzvləri necə titrəyir. Ey mələklər! Sizi şahid tuturam.
Allah-təala mələklərə buyurur: Həqiqətən, Mən onun şiələrini cəhənnəm odundan amanda saxlayacağam!
HAZIRLADI: KƏRBƏLAYİ ELMAN



