Gürcüstanda ABŞ ilə bağlı şirkətlərdə axtarış aparılıb

Yayımlandı: 25 Oktyabr 2024 13:32

“Çirkli pulların yuyulması” və “fırıldaqçılıq” ittihamı ilə Tbilisi və Kutaisidə 5 ünvanda axtarış aparılıb

Maliyyə Nazirliyinin İstintaq Xidməti Tbilisi və Kutaisidə bir neçə şəxsin evində, təşkilatın ofisində axtarış aparıb.

Evində axtarış aparılanlardan biri Federalist Partiyasının lideri Giorgi Noniaşvilidir. O, sosial şəbəkələrdə yazıb ki, axtarış onun həyat yoldaşının “Atlantic Council” Tədqiqat Mərkəzində aparılıb, Sofo Gelavanın işi ilə bağlıdır.

Axtarış nəticəsində maliyyə polisi Sofo Gelavanın şəxsi kompüterini, telefonu, Georgi Noniaşvilinin və onların azyaşlı oğlunun noutbukunu götürüb.

Mərkəzin digər əməkdaşı Buziaşvilinin evində də axtarış aparılıb.

Jurnalistlərlə söhbətində o, müstəntiqlərin axtarışın onun işlədiyi təşkilatla bağlı olduğunu deyib.

“Məni dindirməyə çağırdılar. Onların qeyd etdikləri yeganə şey mənim təşkilatım, Amerikanın qeyri-hökumət təşkilatı “Atlantic Council” ilə maraqlanmaları idi. Biz Rusiyanın informasiya əməliyyatlarını təfərrüatı ilə araşdırırıq”, – Buziaşvili bildirib.

Buziaşvilinin sözlərinə görə, istintaq Cinayət Məcəlləsinin üç maddəsi ilə aparılır: dələduzluq, vergidən yayınma və çirkli pulların yuyulması.

Eyni zamanda, Gürcüstan vətəndaşı və komediya aktyoru Onise Tsxadadze sosial şəbəkələrdə onun və qardaşının evində də axtarışların aparıldığını yazıb.

Maliyyə Nazirliyinin İstintaq Xidməti xaricdə iri biznes şirkətlərinə məsləhətlər verən Amerikanın “Concentrix Georgia” şirkətinin ofisində də axtarış aparıb. “Concentrix Georgia” əməkdaşlarına bu gün işləyə bilməyəcəkləri barədə məlumat verilib.

Kutaisidə vətəndaş Valeri Tkeşelaşvilinin evində də axtarış aparılıb, bu barədə onun “Facebook” səhifəsində yazılıb.

O, uzun illərdir Gürcüstanda olmadığını və axtarışların siyasi baxışları ilə bağlı olduğunu iddia edir. Tkeşelaşvilinin sözlərinə görə, ona izah edilib ki, axtarış fırıldaqçı zəng mərkəzləri ilə əlaqəli aparılan istintaqla bağlıdır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button