![Bakıda yağış suları tuneli basıb, yollarda tıxac yaranıb [Video]](/yukleme/2024/10/Bakida-yagis-sulari-tuneli-basib-yollarda-tixac-yaranib-Video-780x470.jpg)
Bakıda yağış suları tuneli basıb, yollarda tıxac yaranıb [Video]
Bakıda yağış fəsadlar törədib. Binəqədi rayonunda bir sıra evləri su basdığı, Biləcəri qəsəbəsinin də bəzi yerlərində fərdi evlərdə kanalizasiyanın daşdığı deyilir.
Oktyabrın 21-dən 22-nə keçən gecə Sabunçu rayonu ərazisində yerləşən tuneli su basıb, bir neçə avtomobil su altında qalıb. Sosial şəbəkələrdə maşınların birində ölüm halının baş verdiyi ilə də bağlı iddialar yer alır.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, nazirliyin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb edilib.
Mərdəkan istiqamətində də tuneli su basıb, avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Eyni hal Abşeron ərazisində də Bağırov körpüsü tərəfdə yaşanıb. Oktyabrın 22-də səhər saat 10 radələrində orada yolun bağlı olduğu, avtomobillərin hərəkətinin dayandırıldığı bildirilir.
FHN-nin Mətbuat xidmətindən əlavə edilib ki, Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdən 31 nəfər təhlükəsiz əraziyə təxliyə edilib: “Bir sıra ünvanlarda əməliyyat davam etdirilir”.
Paytaxtda avtobusların fəaliyyətində də ciddi problem yarandığı deyilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən ( TƏBİB) isə “Turan”a bildirilib ki, paytaxt Bakıda yağan yağıntılarla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb.



