İstanbulda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub

Bu gün, oktyabrın 18-də İstanbulda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olub. Türkiyə mətbuatı xəbər verir ki, görüş bir saat davam edib. Görüşdən sonra, hələlik, heç bir açıqlama verilməyib.

Nazirlər oktyabrın 18-də “3+3” regional əməkdaşlıq platformasının iclasında iştirak etmək üçün Türkiyədədirlər.

Bu platformaya Türkiyə, Rusiya, İran, Gürcüstan, Azərbaycan və Ermənistan daxil edilir. Amma Gürcüstan Rusiya ilə pis münasibətlərini səbəb gətirərək bu formatda müzakirələrə qatılmır.

Sentyabrın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, onlar ( Rusiya, İran, Türkiyə) Ermənistan və Azərbaycana sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün “3+3” platformasından yararlanmağı təklif ediblər.

“3+3” formatında ilk görüş üç il əvvəl, dekabrın 10-da Moskvada keçirilib.

Son bir neçə ildə Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük hərbi əməliyyat nəticəsində Bakı bütün ölkə ərazisində suverenliyin bərpa edildiyini açıqlayıb. Rəsmi Bakı ötən il birgünlük hərbi əməliyyatları “lokal antiterror tədbirlər” elan etsə də, Yerevan onu “etnik təmizlənmə” kimi dəyərləndirib. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü olmuşdu.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button