
Milli Məclisin spikeri ermənistanlı həmkarı ilə görüşdən imtina edib
Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova ermənistanlı həmkarı Alen Simonyanla bazar ertəsi – oktyabrın 14-də Cenevrədə baş tutmalı olan görüşdən son anda imtina edib.
Bu barədə ilk olaraq Simonyanın sözçüsü Movses Harutyunyan bildirib. AzadlıqRadiosunun erməni xidməti – “Azatutyun” yazır ki, Azərbaycan tərəfi görüşə niyə məhəl qoymadığı barədə dərhal izahat verməyib.
“Ermənistan Milli Assambleyasının spikeri görüşün ləğvi səbəbləri ilə bağlı əlavə detalları Yerevana qayıdandan verəcək”, –Harutyunyan öz Facebook səhifəsində yazıb.
Qafarova ilə Simonyan Parlamentlərarası İttifaqın Cenevrədəki sonuncu sessiyasının kuluarlarında görüş keçirmək planlaşdırırdı. Beynəlxalq təşkilatın sözçüsü bildirib ki, görüşdə regional sülh səyləri müzakirə olunacaq.
Hər iki ölkənin spikerləri bu ilin mart və mayında Cenevrədə iki dəfə görüş keçirib. Ermənistan tərəfi mart görüşünü “konstruktiv” adlandırmışdı.
Sonuncu görüşün keçirilməməsi ikitərəfli sülh sazişi üzrə danışıqların dalana dirənməsi fonunda baş verir. Son həftələr rəsmi Bakı Ermənistanın iki tərəf arasında fikir ayrılıqlarına səbəb olan məsələlərin salınmadığı aralıq razılaşmasını imzalamaq təkliflərini rədd edib.
Simonyan bazar ertəsi Cenevrədə türkiyəli həmkarı Numan Kurtulmuşla görüş keçirib. Rəsmi Ankara son həftələr Ermənistanla birbaşa ünsiyyəti bərpa edib. Bununla belə, Ankara Türkiyə-Ermənistan münasibətlərinin normalaşmasını rəsmi Bakının dəstəklədiyi Ermənistan-Azərbaycan razılaşmasının həllinə bağlayır.
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Ermənistanla sülh sazişi imzalanmayıb, sərhədlər delimitasiya olunmayıb.



