Beyrutda kütləvi partlayışlar… Bayden deyir ki, İranın neft sektorunun vurulması müzakirə olunur 

Oktyabrın 3-də axşam Beyrutun ətrafında İsrailin havadan zərbələri nəticəsində çoxsaylı partlayışlar eşidilib. Birləşmiş Ştatlar isə bildirib ki, Tehranın həftənin əvvəlində İsrailə raket hücumuna cavab olaraq İranın neft obyektlərinə zərbələri müzakirə edir.

Livanın paytaxtı ətrafında gecə səmaya qalxan nəhəng tüstü dalğaları görünüb. Bundan bir neçə saat öncə İsrail ordusu şəhərin bəzi yerlərində yaşayanlara evakuasiya əmri verib.

Livanın rəsmi Milli Xəbər Agentliyi azı 10 ardıcıl zərbə endirildiyini yazıb, bunu “İsrail Livana qarşı müharibəyə başlayandan Beyrutun cənub ətrafına ən güclü reydlərdən biri” adlandırıb.

İsrail ordusu zərbələrin hədəfi barədə şərh verməyib. Ancaq bəzi media orqanları və təhlilçilərin təxmininə görə, onların məkanı, ölçüsü və miqyası hədəfin Haşim Səfiəddin ola biləcəyini göstərir. O, “Hizbullah” qruplaşmasının liderlərindən sayılır.

Livanın cənubuna nəzarət edən “Hizbullah” həm silahlı qruplaşma, həm də siyasi partiyadır. ABŞ onu terrorçu hesab edir, Avropa İttifaqı isə yalnız hərbi qanadını qara siyahıya salıb.

Qruplaşmanın öncəki lideri Həsən Nəsrullah ötən həftə İsrailin raket zərbəsi ilə öldürülüb.

İsrail həftənin əvvəlində Livanda quru əməliyyatına başlayıb. Bundan sonra Tehran İsrailə kütləvi ballistik raket zərbəsi endirib. İsrail və onun əsas müttəfiqi Birləşmiş Ştatlar əks-tədbirlərlə bağlı xəbərdarlıq ediblər.

ABŞ Prezidenti Co Bayden (Joe Biden) oktyabrın 3-də Vaşinqtonda jurnalistlərin “Ağ ev İranın neft obyektlərinə zərbələri dəstəkləyirmi” sualına cavabında deyib: “Bunu müzakirə edirik”.

“Bu gün heç nə baş verməyəcək”, – Bayden sözlərinə əlavə edib. O, bir gün öncə demişdi ki, İsrailin İranın nüvə obyektlərinə zərbəsini dəstəkləmir.

İran ordusu isə xəbərdarlıq edib ki, İsrail 1 oktyabr raket zərbəsinə cavab verərsə, o, daha geniş zərbələr endirəcək.

Oktyabrın 3-də isə İsrail Beyrutun mərkəzində yaşayış binasını vurub, 9 nəfər həlak olub. İsrail bu zərbənin dəqiq əməliyyat olduğunu bildirsə də, təhlükəsizlik mənbəyi hədəfin Livan parlamenti yaxınlığındakı yaşayış binası olduğunu deyib.

“Hizbullah”a bağlı mülki müdafiə qrupu Beyruta hücumda ikisi tibb işçisi olmaqla, 7 üzvünün öldürüldüyünü açıqlayıb.

İsrail ordusu Livanın cənubunda azı 20 şəhərin də dərhal boşaldılmasını əmr edib. Bu, İsrailin “Hizbullah”a qarşı əməliyyatının genişləndiriləcəyini göstərir.

İsrail Livanın cənubuna müdaxilə zamanı 8 əsgərinin həlak olduğunu açıqlayıb.

İranın Xarici İşlər Nazirliyi oktyabrın 3-də Almaniya və Avstriyanın səfirlərini çağırıb. Onların hökumətləri Tehranı İsrailə raket hücumuna görə tənqid etmişdi. Məlumatı İranın rəsmi IRNA xəbər agentliyi yayıb.

Qeyd edilir ki, bu addım Almaniya və Avstriyanın 1 oktyabr hücumu ilə bağlı “qəbuledilməz” tədbirlərinə cavab olaraq atılıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button