
'ToplumTV işi' üzrə tutulanların həbs müddəti uzadıldı
“ToplumTV işi” üzrə tutulan şəxslərin həbs-qətimkan tədbirlərinin müddəti daha 3 ay uzadılıb.
Bu gün, oktyabrın 3-də Xətai rayon Məhkəməsində istintaq orqanının həbs-qətimkan tədbirlərinin 3 ay uzadılması ilə bağlı vəsatətlərinə baxılıb. Məhkəmə vəsatətləri təmin edib.
III Respublika Platformasının spikeri Akif Qurbanovun, həmin qurumun üzvü Ruslan İzzətlinin, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynalın, habelə “Toplum” İnternet Televiziyasının təsisçi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbarın həbs müddəti 3 ay uzadılıb.
Müdafiə tərəfi məhkəmə qərarını əsassız hesab edir və qərardan apellyasiya şikayəti verəcək.
A.Qurbanov, R.Babayev, İ.Əmrahov, Ə.Zeynal və M.Cabbar bu il martın 6-da, R.İzzətli və Ə.Məmmədli isə martın 8-də həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və onlar barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.
İyulun əvvəlində barələrində həbs-qətimkan tədbirin müddəti 3 ay uzadılıb. Bu müddət bir neçə gün sonra başa çatırdı.
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.



