
COP29-a görə şagirdlər payız tətilinə buraxılacaq, tələbələr distant təhsilə keçəcək
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim konfransına (COP29) görə Azərbaycanda şagirdlər payız tətilinə buraxılacaq, Bakı, Sumqayıt və Abşeronda tələbələr distant təhsilə keçəcəklər.
Bununla bağlı Nazirlər Kabineti bu gün, avqustun 1-də qərar verib.
Qərara əsasən, ölkədə fəaliyyət göstərən təhsil ocaqlarında (xüsusi təhsil müəssisələri istisna olmaqla) ümumi təhsil pilləsi üzrə -2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.
Peşə, orta ixtisas və ali təhsil pillələri üzrə isə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsilə keçiləcək.
Noyabrın 11-dən 22-nə kimi Bakıda COP29 ilə yanaşı, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası da keçiriləcək.



