Əvəz Zeynallının baş prokurora ünvanladığı şikayət məktubuna cavab gəldi

17.08.2012

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı haqqında qaldırılan cinayət işinin məhkəməsində dövlət ittihamçısı qismində çıxış edən prokuror Ramazan Hadıyevlə bağlı baş prokuror Zakir Qaralova şikayət ərizəsi ilə müraciət edib. Həmin şikayət ərizəsində qeyd olunurdu ki, R.Hadıyev 2012-ci il iyul ayının 2-də keçirilən məhkəmə prosesi zamanı qanunsuzluqlara yol verib və Ə.Zeynallını hədələyərək, “sən axırda görəcəksən ki, mən kiməm” deyib. Ə.Zeynallı baş prokurora müraciətində R.Hadıyevin “ədalət”inə inanmadığını və bu səbəbdən də işdən kənarlaşdırılmasını istəyib.

Baş Prokurorluqdan Bakı İstintaq Təcridxanasına həmin məktuba cavab daxil olub. Məktubda bildirilir ki, Ə.Zeynallının şikayəti Baş Prokurorluqda müzakirə olunub və Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə bildirilib ki, şikayət cinayət işinə daxil edilsin və ona baxılsın. Əvəz Zeynallı, “əgər işə obyektiv baxılarsa, hakimlərin məzuniyyətindən sonrakı proseslərdə prokuror Ramazan Hadıyevin işdən uzaqlaşdırılacağını ” güman etdiyini söyləyib.

Xatırladaq ki, hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının iyunun 6-da keçirilən məhkəmə prosesi zamanı hakim Ramella Allahverdiyeva baş redaktorun işini aparan dövlət ittihamçısı Vüsal Orucovun Ramazan Hadıyevlə əvəzləndiyi haqda  məlumat vermişdi. Əvəz Zeynallı isə ona verilən məlumatlara əsaslanaq Vüsal Orucovun vahabbilik təriqətinin üzvü olduğunu və MTN tərəfindən 2 gün əvvəl həbs olunduğunu demişdi:  “Görün bizləri şəxsiyyəti müəmmalı olan kimlərin əli ilə ittiham etməyə qalxırlar”.

Bundan sonra Baş Prokurorluq da həmin məlumatı təsdiqləmişdi. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz növbəsində bildirmişdi ki, “Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Vüsal Orucov  prokurorluq işçisinə yaraşmayan və prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə, eyni zamanda “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozduğuna görə Baş Prokurorluq üzrə 31 may 2012-ci il tarixli əmrlə prokurorluq orqanlarından xaric edilmişdir”.

XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button