
ABŞ səfiri sanksiya siyahısına münasibət bildirdi
“Bu, Konqresdən gələn rəsmi olmayan siyahıdır və mən bu barədə şərh verə bilmərəm. Yenə də, əgər nə vaxtsa bu, qanunverici komitədə və ya Konqresin hər iki palatası vasitəsilə qəbul olunarsa, prezidentin masasına gələrsə, bu barədə qərar qəbul etməli olacaq”.
Bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) səfirli Mark Libbi deyib.
Bir müddət öncə Dina Titusun rəhbərliyi ilə bir qrup konqresmenin insan hüquqlarının pozulmasına və hərbi əməliyyatlara görə Azərbaycandan bəzi şəxslərə sanksiya qoymağa imkan verəcək qanun layihəsini (HR8141) ABŞ Nümayəndələr Palatasına təqdim etdiyi bildirilir.
Siyahıda 40-dan çox şəxsin adının yer aldığı açıqlanıb. Onlar, əsasən, bəzi vəzifəli məmurlar, hakimlər və bir sıra yüksək rütbəli hərbçilərdir.
Hələlik, məsələyə Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.
Səfir isə deyib ki, Konqresdə hələ də üzərində işlənən layihənin mahiyyətini şərh etməyin mənası yoxdur.
“Bəzi adlar çıxa, bəziləri əlavə oluna bilər. Bu insanların hər biri haqqında məlumatım yoxdur və bu, qəti siyahı deyil. Bu ideyadır, hələ real qanunvericilik deyil”, –o əlavə edib.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər. Son aylar isə Azərbaycanda 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittiham ilə razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycan ərazilərinin təqribən 20 faizinə nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə və ötən il Qarabağda birgünlük hərbi əməliyyatlar nəticəsində rəsmi Bakı bütün ölkə ərazisində suverenliyinin bərpa olunduğunu açıqlayıb.
Ötənilki birgünlük hərbi əməliyyatı Bakı “lokal antiterror tədbirləri”, Yerevan isə “etnik təmizlənmə” kimi dəyərləndirib. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.



