Hindistan Ermənistana silah satmasından Azərbaycanın narazılığına cavab verib

Hindistanın Bakı və Yerevanla yaxşı əlaqələri var, lakin Yeni Dehli də müdafiə təyinatlı məhsullarının ixracını təşviq etməyi düşünür. Bunu aprelin 25-i brifinqdə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval ölkəsinin Ermənistana silah tədarük etməsi ilə bağlı Azərbaycanın tənqidlərinə dair sualı cavablandırarkən deyib.

“Bizim həm Azərbaycan, həm də Ermənistanla çox yaxşı münasibətlərimiz var, lakin biz Hindistanın müdafiə ixracatını təşviq etmək siyasətini də həyata keçiririk”, – Caysval bildirib.

Aprelin 23-də Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı Azərbaycana qarşı necə silahlandırdığını görüb, sakit oturub gözləyə bilməz: “Biz, sadəcə, oturub gözləyə bilmərik və biz bu mövqeyi Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq”.

Yunanıstanın müdafiə naziri Nikos Dendias martın 4-də Yerevanda olarkən Ermənistan-Yunanıstan-Fransa-Hindistan arasında hərbi sahədə dördtərəfli əməkdaşlığı istisna etməyib.

Hindistanın ANI agentliyinin məlumatına görə, Ermənistan Hindistandan ümumi dəyəri 600 milyon dollar olan 15 ədəd “Akaş” hava hücumundan müdafiə sistemi alıb

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi üzündən Azərbaycan və Ermənistan arasında zaman-zaman hərbi toqquşmalar baş verib. Hazırda iki ölkə arasında sülh danışıqları aparılır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button