
Vüqar Səfərli dövlətin pulunu mənimsəməsi ittihamlarına “əcəb eləyirəm!!!” dedi…
İyunun 20-də hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı haqqında qaldırılmış Cinayət Məcəlləsinin 306.2 maddəsi üzrə zərərçəkmişlər dinlənilib. “Zərərçəmiş” qismində KİV DF-nin icraçı direktoru Vüqar Səfərli və müğənni Nüşabə Ələsgərli ifadə verib. Artıq 4-cü dəfədir ki, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov hakimin xəbərdarlıqlarına və qanunun tələblərinin əksinə gedərək məhkəmədə iştirak etməkdən imtina edir və məhkəməyə öz yerinə nümayəndələrini göndərir. Hakimin bununla bağlı sonuncu xəbərdarlığı səsləndiriləndən sonra prosesə başlanıldı.
Xatırladaq ki, 2010-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun (KİV DF) icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı iddiası üzrə Nərimanov rayon Məhkəməsinin qəzetə qarşı çıxardığı 500 manat cərimə qərarı üzrə cavabdehin verdiyi apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi anormal qərar çıxararaq, “Xural”ı 5000 manat həcmində cərimələyib.
“Zərəçəkmiş” qismində məhkəməyə ifadə verən Vüqar Səfərli “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə heç bir şəxsi ədavətinin olmaması və düzgün ifadə verməsilə bağlı üzərinə götürdüyü məsuliyyətlə bağlı sənədə imza atandan sonra ifadə verdi. O bildirdi ki, Əvəz Zeynallı ilə 2009-cu ildə .əxsən tanış olub. O zaman “Xural” qəzeti digər qəzetlər kimi yeni təsis edilmiş KİV DF-yə layihə təqdim edib, lakin “müəyyən səbəblərdən layihə müsabiqədən keçməyib”. Bundan sonra o Ə.Zeynallı ilə şəxsən görüşərək layihənin keçməməsi səbəblərini açıqlayıb. V.Səfərlinin sözlərinə görə, Ə.Zeynallı bundan sonra “Xural” qəzetində onun və rəhbərlik etdiyi qurum haqqında məqalələr dərc etməyə başlayıb və həmin məqalələrdə onun şəxsiyyətinə toxunan ifadələr işlədib. Jurnalistlərin Antaliya səfərini xatırladan “zərərçəkmiş” orada da Ə.Zeynallı ilə görüşdüyünü, hətta “mafiya” oyunu oynadığını bildirdi: “O bizə qoşulmurdu, yalquzaq kimi tək gəzirdi”- ifadəsi də məhkəmə iştirakçıları tərəfindən istehza ilə qarşılandı. V.Səfərlinin iddialarına görə, Ə.Zeynallı bu səfərdən sonra yazdığı məqalədə onu “mafioz”, “mətbuatın qəssabı”, Rauf Arifoğluna “mətbuat şərəfsizi” deyəndən sonra, bizim ifadələrimizdən istifadə edib, “mətbuat şərəfsizi” də adlandırıb. Prokurorun “Siz özünüzü zərərçəkmiş hesab edirsinizmi?” sualına V.Səfərli “bəli. Çünki mənim iddiam əsasında məhkəmənin kəsdiyi 5 min manat cərimə bu günə qədər ödənməyib və “Xural” qəzeti də lazımi təkzibi qəzetində yerləşdirməyib” – dedi. Bundan sonra müdafiəçi tərəf – vəkil Elçin Sadıqovla V.Səfərli arasında belə bir dialoq oldu:
– Ə.Zeynallı təkzib verməyəcəyi və yaxud da cəriməni ödəməyəcəyilə bağlı hər hansı açıqlama vermişdimi?
– Xeyr…
– Sizin bank hesabınız varmı?
– Bunun məsələyə nə dəxli var?
– Aidiyyatı olduğu üçün sual verirəm.
– Bəli, var.
– Siz o hesab haqda Ə.Zeynallıya məlumat vermisinizmi?
– Mən nə üçün verməliyəm? O özü maraqlanmalıdır.
– Necə yəni? Siz şərəf və ləyaqətinizin təhqir olunması ilə bağlı məhkəməyə iddia ərizəsilə müraciət edirsiniz və sonradan həmin məhkəmənin kəsdiyi cərimənin ödənməsi ilə bağlı narahatlıq keçirmirsiniz? Siz nə zaman məhkəmə qərarının icra olunmaması ilə bağlı Nərimanov rayon Məhkəməsinin MQİİ-nə müraciət etmisiniz?
– Tarix yadımda deyil.
– Sizin iddianız 2010-cu ildə təmin olunub, siz nə üçün məhz Ə.Zeynallı həbs olunan kimi “zərərçəkmiş” olaraq yenidən şikayət etdiniz? Ötən müddətdə siz bunu nə üçün etməmişdiniz?
– Çünki bu iş eşitdiyimə görə tam başa çatmamışdı. Ona görə də ödəniş məsələsi uzanmışdı.
– Demək, Siz də etiraf edirsiniz ki, Ə.Zeynallı həmin cəriməni “qərəzli” olaraq deyil, məhz bu işlə bağlı məhkəmə prosesi davam etdiyi üçün ödəməyib?
– ….
– Siz “Xural” qəzetinə məhkəmənin qərarına uyğun olaraq hər hansı bir təkzib məktubu göndərmisinizmi?
– Xeyr. Onlar özləri bu təkzibi verməli idilər.
– Bəlkə onların vediyi “təkzib” sizi qane etməyəcəkdi, yenidən qəzeti təkzib verməyə məcbur edəcəkdiniz?
– …
Əvəz Zeynallı:
– Bayaq qeyd edildi ki, mən Antaliyada “yalquzaq” kimi tək gəzmişəm. Bunu biləsiniz, mən heç bir zaman heç bir kəsin ətrafında dolanmamışam. O cümlədən də sizin kimilərin. Bu qədər narahat olurdunuzsa, özünüz mənə yaxınlaşaydınız. İkincisi də mən “mafioz”, “mətbu qəssab” – mən belə yazmışam, “mətbutın qəssabı” kimi yazmamışam- yazanda mətbuata ayrılan pulların təmayülü üzrə xərclənmədiyini nəzərdə tutmuşam. Üçüncüsü, mən dəfələrlə sizin məhkəmələrdə iştirak edən Aydın adlı vəkilinizə demişəm ki, V.Səfərli buyursun qəzetimizdə müsahibə versin, özü yazı göndərsin…
– Mənə heç kim heç nə deməyib.
– O zaman problemi vəkilinizdə axtarın… Biz sizin rəhbərlik etdiyiniz KİV DF_nin dövlət büdcəsindən ayırdığı pulları necə mənimsənilməsilə bağlı məqalələr dərc edirdik. Siz ötən il KİV DF-nin Ekologiya Nazirliyilə birgə keçirdiyi müsabiqədə tələsik eyni tarıxdə 2 nömrə çap etdirməklə saxtakarlıq edibsiniz və mükafatı sizin öz qəzetiniz olan “Mövqe” qəzetində işləyən oğlunuza vermisiniz? Yoxsa bunu da etiraf etməyəcəkiniz…
– Bunun məsələyə dəxli yoxdur…
– Necə yəni dəxli yoxdur? Siz hər il dövlətin ayırdığı o vəsaitləri eninə-boluna mənimsəyirsiniz, adını da “müstəqil mətbuata dəstək” qoyursunuz. Özünüzün sıfır faiz satışı olan “Mövqe” qəzetinizə hər il 50 min manatdan artıq KİV DF-dən pul ayırırsınız!!!
– Əcccəəəb eləyirəm!!!
– Yaxşı etirafdır. Ancaq unutmayın məhz bu etiraflarınıza və dövləti aldadaraq, hər il mənimsədiyiniz milyonlarla manat xalqın puluna görə, bu qəfəsdə siz oturmalısınız, mən yox…
Vüqar Səfərlinin açıq etirafı məhkəmə zalında əyləşən bütün yerli və xarici mətbuat, eləcə də beynəlxalq insan haqları və jurnalist hüquqlarının müdafiə təşkilatlarının nümayəndələrinin heyrət və təəcübünə səbəb oldu. Bu qəzəbli baxışlar altında məhkəmə zalını tərk edən V.Səfərli Ə.Zeynallıya “Sənun yerin elə buradır” deyəndə Ə.Zeynallı, “bu gün mən burdayam, ancaq tam əmin olun etdiyin cinayətlərə görə, sabah sən bu qəfəsdə olacaqsan” dedi.
Daha sonra Nüşabə Ələsgərlinin ifadəsi dinlənildi.
HAŞİYƏ: Nərimanov rayon məhkəməsinin hakimi Sevinc Quliyeva Nüşabə Ələsgərlinin 200 manat cəriməsini ödəmədiyi üçün “Xural” qəzetini dövlətin hesabına 3 min manat cərimələndirib. Halbuki, N.Ələsgərlinin 200 manat cəriməsi qəzet tərəfindən ödənilib.
Nüşabə Ələsgərli “Xural” qəzetində çıxan bütün materiallar haqda məlumatın ona “Xəmsə” restoranının sahibi Mürvət Həsənov tərəfindən verildiyini dedi. Xatırladaq ki, M.Həsənov da Ə.Zeynallıya qarşı ifadə verən şəxslərdəndir. Vəkilin indiyədək cərimənin ödənilməməsində niyə maraqlı olmamısınız” sualına, “bu mənim üçün tam əhəmiyyətini itirmiş, 5 il əvvəl olan bir hadisədir və mən heç çox şeyi də xatırlamıram”-dedi. “Əgər belədirsə, o zaman siz nə üçün iddia edirsiniz ki, Ə.Zeynallı məhkəmə qərarını icra etməyib?”. “Bizim ortaq dostlarımız var idi və mən hesab edirdim ki, bu məsələ artıq qapanıb.” “O zaman bu qədər tələm-tələsik şikayət etməyə nə lüzum vardı?”. “Məni 2 dəfə BP KQMİ-nə çağırdılar şıfahi söhbət etdilər və 1 dəfə də çağırıb, yazılı ifadə aldılar.” “Demək, əgər KQMİ sizi çağırmasa idi, siz bu məsələni unutmuşdunuz?” Prokurorun müdaxiləsindən sonra N.Ələsgərli, “bəli mən özümü zərərçəkmiş hesab edirəm, çünki bu qəzet haqqımda “fahişə”, “əxlaqsız” yazıb”. Ə.Zeynallı “Xural” qəzetində N.Ələsgərli haqqında gedən yazılarda belə ifadələr işlədilmədiyini dedi: “Bizim aramızda narazılıq “30 İyun – Sevgililər Günü” məsələsilə yaranıb. N.Ələsgərli bu bayramın səbəbkarı olan şəhidlərimiz İlham və Fərizəni sevgili (lyubovnik) deyil, ər-arvad adlandırıb. Biz də əsəbləşərək yazmışıq ki, bu qadının təfəkkürünə görə ər və arvad sevgili (vlyublyonnıy) ola bilməz.
Xatırladaq ki, YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və 2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. 2012-ci il yanvar ayının 17-də baş redaktorun həbs müddəti 3 ay, aprelin 12-də isə daha 1 ay uzadılıb. Bu cinayət işləri özünü doğrultmadıqca Ədliyyə Nazirliyinin Ə.Zeynallının həbsindən az əvvəl onun haqqında qaldırdığı 306.2 maddəsi (Vəzifəli şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və Cinayət Məcəlləsinin 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə cinayət işi qaldırılıb.
Hazırda heç bir səbəb olmadan Əvəz Zeynallı 8 aydır ki, həbsdə saxlanılır. Baş redaktor həbsinin motivini jurnalist fəaliyyəti ilə əlaqələndirir və siyasi sifariş olduğunu əsaslandırır. Beynəlxalq Jurnalist və İnsan Hüquqlarının Müdafiə təşkilatları verdikləri bəyanatlarda Əvəz Zeynallını “vicdan məhbusu” adlandırıblar.
Növbəti məhkəmə prosesi iyunun27-də saat 14.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə keçiriləcək. Bu dəfə də zərərçəkmiş qismində “Azərbaycan” nəşriyyatının prezidenti Ağabəy Əsgərov ifadə verəcək.
QEYD: Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəməyə dəvətlidir.
XuralTAC




