ToplumTV-nin ofisində axtarışdır

Bu gün, martın 6-da “Toplum” internet televiziyasının Bakı şəhərindəki ofisində axtarış başlanıb, bir çox jurnalistin saxlanıldığı bildirilir.

Jurnalistlərin yaxınları deyir ki, onlar polis maşınlarına otuzdurularaq aparılıb. Hazırda onlarla əlaqə saxlamaq mümkün deyil.

III Respublika Platformasının üzvlərinin də saxlanıldığı bildirilir.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən “Turan”a bildirilib ki, qeyd edilən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə əməliyyat-axtarış tədbirləri keçirilib: “Əlavə məlumat veriləcək”.

2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda 10-a yaxın jurnalist saxlanıb, həbs edilib. Onların çoxu “AbzasMedia” nəşrinin əməkdaşları olub. Bu iş üzrə həbslər ötən ilin noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini olduğu bildirilən Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova Elnarə Qasımova ilə davam edib. Onların hamısı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, bunu peşə fəaliyyətlərinə təzyiq kimi dəyərləndirirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button