Lavrov Mirzoyanla nədən danışıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 5-də ermənistanlı həmkarı Ararat Mirzoyana zəng edib. Bundan üç gün öncə Lavrov Yerevana Qərbə oriyentasiyasının fəsadları ilə bağlı açıq xəbərdarlıq etmişdi.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, xarici işlər nazirliyi qeyri-adi dərəcədə qısa bəyanat yayaraq nazirlərin ikitərəfli və regional məsələləri müzakirə etdiyini bildirib. Rusiyanın xarici işlər nazirliyi isə günün sonunadək telefon söhbəti ilə bağlı heç bir açıqlama yaymamışdı.

Nazirliyin sözçüsü Mariya Zaxarova isə rəsmi TASS xəbər agentliyinə müsahibəsində Rusiyanın Ermənistanla gələcək münasibəti barədə nikbin danışıb. Zaxarova deyib ki, bir qrup ermənistanlının Rusiya hökumətinin təşkil etdiyi beynəlxalq gənclər festivalında iştirakı onu ürəkləndirir.

İki ölkə arasında gərginliyin artması fonunda Lavrovla Mirzoyan həftəsonu Türkiyənin Antalya şəhərində beynəlxalq təhlükəsizlik forumunda bir araya gəlməyib. Lavrov isə orada keçirdiyi mətbuat konfransında Ermənistan hökumətinə sərt xəbərdarlıq edib.

Lavrov demişdi ki, əgər Yerevan Moskvadan uzaqlaşmaq və Qərblə yaxınlaşmaq kursunu bundan sonra da davam etdirərsə, Rusiya Ermənistanla münasibətlərinə ciddi şəkildə yenidən baxmalı olacaq. Onun sözlərinə görə, Moskva Yerevanın Rusiya-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı “yekun” qərarını gözləyir. Lavrov Yerevanı altı həftəlik müharibəni dayandırmış Rusiyaya münasibətdə nankorluqda ittiham edib.

O gileylənib ki, ötən ayın sonunda Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsi üzrə xüsusi elçisi İqor Xovayev Bakıya yenidən gəlib, Ermənistan rəhbərləri isə onu qəbul etməyə könülsüz yanaşıb. Nazirin fikrincə, bu yanaşma baş nazir Nikol Paşinyanın xarici siyasətində Qərbə meyllənməsinin göstəricisidir.

Son aylar Paşinyan hökuməti Rusiyanın Azərbaycan-Ermənistan sülh danışıqlarını təşkil etmək cəhdlərini rədd edərək danışıqlar prosesində Qərbin vasitəçiliyinə üstünlük verib. Rusiya rəsmiləri deyirlər ki, ABŞ və Avropa İttifaqı münaqişənin həllindən çox, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına çalışırlar.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə isə birgünlük hərbi əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Ancaq Ermənistanla sülh sazişi imzalanmayıb, sərhədlər delimitasiya olunmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button